Tahir Kərimlinin qardaşı: “Tahir gec-tez haqqını aldı”
Tarix: 18-12-2015, 10:25 | Çap et
Tahir Kərimlinin qardaşı: “Tahir gec-tez haqqını aldı”
Modern.az tanınmış simaların qardaşları ilə silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimlidir.

Fəxrəddin Kərimli 1992-ci ildən 2009-cu ilə qədər Müsavat Partiyasının Ağsu Rayon Təşkilatının sədri olub.

-Fəxrəddin müəllim zəng edəndə dediniz ki, Vəhdət Partiyasındasınız. Qardaşınızın partiyasına üzv olmusunuz?

-Mən hazırda heç bir siyasi partiyanın üzvü deyiləm. 1992-ci ildən Müsavat Partiyasının sonuncu qurultayına qədər bu siyasi təşkilatın üzvü olmuşam. Qurultaydan sonra birtərəfli qaydada tam olaraq siyasi fəaliyyətə son qoydum. Düzü, siyasətdən iyrənmişəm. Bu iqtidara güc gələ bilmədik, bu azmış kimi bir çox oyunların da şahidi olduq. Bu oyunların şahidi olandan sonra artıq siyasətlə məşğul olmaq istəmədim. Yaşım da elə bir səviyyəyə gəlib çıxıb ki, istədim sırf ailəm, uşaqlarımla məşğul olum. Özümə söz vermişəm ki, siyasətdən getmiş olsam da, qardaşıma köməkliklər edim. Bu gün qardaşıma görə Vəhdət Partiyasına gəlib-gedirəm. Amma bu partiyanın üzvü deyiləm.

-2003-cü ildəki prezident seçkiləri keçirilən zaman mən Ağsuda orta məktəbin 8-ci sinfində oxuyurdum. Yadımda qalıb ki, siz seçki kampaniyası zamanı Ağsuda İsa Qəmbərin güclü təbliğatını aparırdınız.

-Mənim Müsavat Partiyasına çox böyük hörmətim olub. Bu partiyanın üzərində Məhəmməd Əmin Rəsulzadənin adı olub. Buna görə də həmişə Müsavat Partiyasında olmağı özümə borc bilirdim. Amma doğrusu, axır vaxtlar bir qədər oyunları görəndən sonra çox iyrəndim. Söhbət Müsavatın axırıncı qurultayından sonrakı proseslərdən gedir. Mən bundan sonra öz siyasi fəaliyyətimi dayandırmaq qərarına gəldim.

-Uzun müddət Müsavat Partiyasının üzvü olmusunuz. Müsavat Partiyasında baş qaldıran daxili konfliktlərə görə keçmiş başqan İsa Qəmbərdə bir təqsir görürsünüzmü?

-Mən İsa Qəmbəri Məhəmməd Əmindən sonra Müsavat Partiyasının ən böyük lideri hesab eləmişəm. Amma bu, sonuncu qurultaya qədər belə davam etdi. İsa Qəmbər əvvəlcə, qurultaydan sonrakı proseslərə müdaxilə etmədi. Mən doğrusu Qubad İbadoğlunun tərəfində idim. Qubad bəydən sonrakı nəticələri isə hamınız bilirsiniz. Düzdür, bir müddət Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatına qoşuldum. Amma faktiki olaraq heç bir siyasi prosesdə iştirak etmirəm. Artıq yorulmuşam, ailə məsələləri ilə məşğul oluram. Mən uzun müddət Müsavat Partiyasının Ağsu rayon təşkilatının sədri olmuşam. Sözün düzü, özümüzə qarşı biganəlik gördüm. Ona görə də siyasi fəaliyyətimi dayandırmaq qərarına gəldim.

-Tahir Kərimli vaxtı ilə hakimiyyətə radikal müxalifət mövqeyində idi, 2003-cü ildə İsa Qəmbərin namizədliyinin alovlu dəstəkçilərindən biri idi. Lakin sonradan qardaşınızın mövqeyində kəskin yumşalma olduğunu desək, yanılmarıq. Qardaşınız mövqeyində redaktələr etdiyinə görə ona irad tutmusunuz?

-Mənim qardaşım bu gün də müxalif fikirlidir. Qardaşım heç zaman ədalət hissini itirməyib. O, heç bir vaxt haqqı haqsızlığın ayağına verməyib. Bu mənada o, həmişə haqqın yanında olub. Dünyada son zamanlar gedən neqativ proseslərə ona o qədər təsir edib ki, o, Azərbaycanı Suriyanın, İraqın gününə düşməsini istəmir. Tahir Kərimlinin bir nömrəli məqsədi odur ki, Azərbaycanda sabitlik qorunsun. “Bu hakimiyyətə alternativ yoxdur” fikri ilə artıq mən də razılaşıram. İndi elə bir komanda yoxdur ki, iqtidara gəlsin və dövləti, hakimiyyəti qoruyub saxlasın. Ona görə də indi əsas sabitlik, insan qanı tökülməməsidir. Tahir Kərimli də, bu xətti, sabitliyi dəstəkləyir. Mən qardaşıma haqq qazandırıram. Bu gün Vəhdət əslində iqtidara da, müxalifətə də müxalifdir. Amma ortada sabitlik, təhlükəsizlik, ərazi bütövlüyü məsələləri var.

-Siz qurultaya qədər Müsavat Partiyasının üzvü olduğunuzu dediniz. 2003-dən sonra isə Tahir Kərimli Müsavat Partiyası ilə əməkdaşlığı dayandırdı və müxalifət əleyhinə bəyanatlar səsləndirməyə başladı. Siz Müsavat üzvü, o isə Müsavata qarşı. Bu tendensiya iki qardaş arasında problem yaratmayıb?

-Bizim aramızda heç bir problem olmayıb. Bir-birimizi çox anlaşıqlı başa düşmüşük. Baxışlarımızda ideoloji fərqlər var idi. Bioloji cəhətdən qardaş olduğumuza görə bir-birimizin fikirlərinə hörmətlə yanaşmışıq.

O, uşaqlıdan bəri hamımızdan daha çox aktiv olub, biliyinə, intellektinə görə həmişə fərqlənib. Hamımız onu çox istəmişik. Heç bir zaman bir-birimizi qınamamışıq.

-Hazırda nə işlə məşğulsunuz?

-Mənim övladlarımın biri, qızım müəllimədir. Qızlarım ailə həyatı qurublar. Bundan başqa, evdə bir oğlum, bir qızım var. Oğlum 9-cu sinifdə, o biri qızım isə Bakıda ali məktəbdə təhsil alır. Mən “Ağşəhər”dəki tikinti obyektində təhlükəsizlik üzrə mühəndis işləyirəm. Amma daimi iş yerim yoxdur. Çətinliklə də olsa, ailəmi dolandırıram. Əvvəllər çox çətinliklə ailəmi saxlayırdım. Arada təsadüfi qazanclarla ailəmi dolandıraram.

-Tahir Kərimli deputat seçildi. Siz ondan bir qardaş kimi yardım umursunuzmu?

-Mənim ən böyük dividentim onun deputat seçilməsidir. Sözün həqiqi mənasında deyim ki, Tahir Kərimli deputatlığa ən layiqli şəxslərdən biridir. Onun çox zəngin həyat və siyasi təcrübəsi var. O, Azərbaycanın müstəqilliyinə qol çəkən “istiqlalçı deputatlar”dan biridir. Tahir Kərimlinin bu dəfə namizədliyini verdiyi dairədə ona bərabər ikinci adam yox idi. Heç biri onunla sinə-sinəyə gələ bilməzdi.

Tahir Kərimli gec-tez haqqını aldı, o əsl adam idi parlamentdə oturmalıydı. Mənim qardaşımdan heç bir təmənnam yoxdur. Ona nəsə kömək lazım olsa, yenə də əsirgəmərəm.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net