![“Yaşı əllidən yuxarı adamları işə götürmək istəmirlər” “Yaşı əllidən yuxarı adamları işə götürmək istəmirlər”](/uploads/posts/2015-12/1450256945_v.jpg)
Redaksiyamıza müraciət edən Ehram Mikayılov yaşı 50-dən yuxarı olduğu üçün iş tapa bilmədiyini qeyd edib: “54 yaşım var. İxtisasca mexanikəm. İstehsalatda kifayət qədər təcrübəm var, lakin bütün bunlara baxmayaraq, artıq 2 ildir ki işsizəm. Səbəb isə çox sadədir, 45-50 yaşdan yuxarı adamları heç bir yerə işə götürmək istəmirlər. Hətta çoxları etiraf edir ki, sizin bütün parametrləriniz bizim tələblərimizə uygun gəlir, lakin yaşınızın 50-dən yuxarı olması səbəbindən sizi işə ala bilmərik. İş üçün dəfələrlə müraciət etsəm də, oxşar cavablar almışam”.
Ehram Mikayılov qeyd edib ki, əvvəlcə 10 manat tələb edən işədüzəltmə agentlikləri işə qəbul olunan işçilərdən əməkhaqqının 50 faizini tələb edirlər.
Bütün dünyada iş axtarmaq çətin proses hesab olunur. Əməkhaqqı və iş saatı normal olan işi tapmaq üçün isə bizim ölkəmizdə böyük şans yiyəsi olmalısan. Çox vaxt maaş az, müddət çox olur. İşçilərdən gün ərzində 12-13 saat, bəzən daha çox işləmək tələb olunur. Bunun qarşılığında isə verilən maaş 250-400 manatdır.
İndi iş axtaranlar texnologiyanın üstünlüklərindən yararlanır, iş tapmaq üçün daha çox internet saytlarına üz tuturlar. Başlayaq həmin saytlardan...
Saytlarda təklif olunan işlər vəziyyətin nə yerdə olduğunu açıqca ortaya qoyur. Marketə satıcı tələb olunur, satıcıdan isə hər gün 12 saat işləmək. Aşpazdan 600-700 manat maaşın qarşılığında 10 saat qazan qaynatmaq tələb olunur. Səhər saat 9-dan axşam saat 9-a qədər işləyən satış məsləhətçisi 300 manat maaşa qane olmalı, ayda 3 istirahət günü ilə kifayətlənməlidir. Təbii, əgər xarici görünüşü imkan verirsə. Geyim mağazasında satıcı işləyənlər 300 manat maaşla 11 saatlıq iş rejimində çalışmalıdırlar.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən gündəlik iş vaxtı 8 saatdan, həftəlik isə 40 saatdan artıq olmamalıdır.
Altı günlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Əslində uzun müddət işsiz qalmış birini iş saatının çoxluğu o qədər də narahat etmir. Çoxları deyir ki, təki iş olsun. Amma işləri yaş korlayır. İşəgötürənlər gənclərə üstünlük verirlər. İstənilən halda yaş həddi 18-28 göstərilir. Belə çıxır ki, 28 yaşdan sonra iş tapmaq nisbətən çətinləşir. Yaş artdıqca problem daha da dərinləşir.
Bu gün işləmək istəyən insanların yaşla bağlı yaşadıqları kütləvi bir problem var. Təhsilli, ixtisas sahibi bir şəxs, əgər yaşı 40-ı keçibsə iş tapmaqda çətinlik çəkir.
İdarə, müəssisə sahibiləri nədənsə iş yerində gəncləri görmək istəyirlər. Əlbəttə, gənclərə iş verilməsi, kollektivin gəncləşdirilməsi müsbət haldır, amma bu ifrat dərəcədə olarsa təhlükəlidir. Çünki gənclər işin mühim sirlərini məhz yaşlı, təcrübəli nəsildən öyrənmləlidirlər.
Məsələ ilə bağlı musavat.com-a açıqlama verən Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin müavini Məhərrəm Məhərov bildirdi ki, özəl iş yerlərində yoxlamaların dayandırılması ilə əlaqədar olaraq ancaq şikayət əsasında araşdırma aparmaq mümkündür: “Məlumat daxil olanda nəzarət edirik. Özəl iş yerlərinə yoxlamaların dayandırılması ilə əlaqədar ciddi nəzarət edə bilmirik, lakin şikayət olarsa araşdırılır. Azərbaycanda gündəlik iş vaxtı 8, həftədə 40 saatdan çox ola bilməz. Amma müəyyən məqamlardan işçinin əlavə işləməsi mümkündür. Bu işçinin razılığı ilə ola bilər. Onu da nəzərə alaq ki, bu işə götürüldükdən sonra razılaşdırıla bilər. İşə bu şərtlərlə qəbul edilə bilməz. İşçi əlavə olaraq gündə 2 saat və 2 gün ardıcıl işləyə bilər. Bu da əsasən baş vermiş fövqaladə halların, istehsalatda baş verən qəzaların aradan qaldırılması zamanı mümkündür. Elə mallar var ki, uzun müddət saxlamaq olmur, gərək tez vaxtda istehsal olunsun. Bunun əvəzində də işçi mütləq əlavə əməkhaqqı almalıdır. İş elanlarında 8 saatdan artıq vaxt göstərilməsi qanun pozuntusudur. Belə hallar yolverilməzdir. Hətta bu ilin yayında marketlərdə monitorinqlər apardıq, işçilərdən nə qədər işlədiklərini, saat neçədə gəlib, neçədə çıxdıqlarını soruşduq. Onlar bunu nə üçün soruşduğumuzu bilmirdilər və doğru cavab verirdilər. Bundan sonra qanun pozuntusu aşkarlanan marketlər cərimə olundu”.
Yaş həddi ilə bağlı iş tapa bilməyənlərin probleminə toxunan M. Məhərov qeyd etdi ki, əmək müqaviləsinin bağlanması sərbəstdir: “Nə işçi, nə də işəgötürən əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Ona görə də yaşı çox olan adamların işə alınmamasına nəzarət edə bilmirik. Bu vəziyyət bizi də narahat edir. İşəgötürənlər yaxşı olar ki, orta yaşlılara qarşı humanist davransınlar. Ancaq bu barədə bizim əlimizdən heç nə gəlmir”.
Beləcə, bu sahədə bir müşkül var. Əvvəlki iş yerində ixtisara düşmüş, yaxud müəssisənin bağlanması səbəbindən işsiz qalmış orta yaşlı zəhmətkeşlər nə etsin bəs?