Ali Məhkəmədə ədalətin qanunun ən sərt müddəaları ilə qorunmasının tərəfdarıyam.
Bunu Axar.az-a həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Ali Məhkəmədə davam edən proses barədə danışarkən millət vəkili Aydın Mirzəzadə bildirib.
Baş vermiş hadisənin bütün cəmiyyəti sarsıtdığını deyən millət vəkili Bakı Apelyasiya Məhkəməsi tərəfindən anestezioloq Firuz İbrahimov barəsində çıxarılan hökmün Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmasının vacibliyini önə çəkib:
“Gənc, azyaşlı övladları olan, eyni zamanda, yaradıcı bir insanın xırda bir əməliyyatda dünyasını dəyişməsi çox ağrılı bir məsələdir. Bu, kifayət qədər ciddi faciədir. Bu hadisəni törədən həkimlərə ən böyük cəza verilsə də, o gənc ananı geri qaytarmaq və dağılmış bir ailənin səadətini bərpa etmək mümkün olmayacaq. Ona görə də cərrahi əməliyyatların keçirilməsi üçün məsuliyyətlər artırılmalı və vaxtaşırı lisenziya verilmə sistemini müəyyən etmək lazımdır. Şübhəsiz ki, özəl klinikalar üzərində nəzarət daha da gücləndirilməlidir. Səhiyyə Nazirliyi bu istiqamətdə böyük işlər görür. Məsələn, lisenziyaların birdəfəlik deyil, 5 il müddətinə verilməsi, vaxtaşırı Nazirlik tərəfindən komissiya yoxlamalarının keçirilməsi bu qəbildən olan məsələlərdir. Bu baxımdan klinikalarda gözlənilməz yoxlamalar keçirilməli, müəyyən şübhə doğuran xəstələrlə bağlı son nəticə təcrübəli cərrahların konsiliumundan sonra aparılmalıdır”.
Millət vəkilinin sözlərinə görə, Səhiyyə Nazirliyinin bu addımları ilə yanaşı, hüquq mühafizə orqanları və məhkəmə sisteminin ədalətli və sərt yanaşması bu sahədəki özbaşınalığın və ağır nəticələri gətirib çıxaran həkim səhlənkarlığının qarşısının alınmasında mühüm rol oynayır:
“Bu baxımdan, ictimaiyyətin diqqət mərkəzində olan bu prosesdə Ali Məhkəmə qanunun ən sərt üzünü göstərməli, ədaləti qorumalı və müqəssirə başqalarının dərs çıxarması üçün ağır cəza verməlidir”.
Qeyd edək ki, 2015-ci il avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qatil-həkim Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə təqsirləndirilərək 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda iş baxılması üçün Ali Məhkəmədə, hakim Fərhad Kərimovun icraatındadır.
Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

