"Çox güman ki, o, bura məhz intihar üçün gəlmişdi" - (FOTO)
Tarix: 15-12-2015, 17:27 |
Çap et
Həmin şəxs burada yaşamırdı. Bir müddət olar mənzil almışdılar, bir az keçəndən sonra təmirə başladılar. Lakin həyat yoldaşından ayrılandan sonra evin təmir işlərini yarımçıq saxladı. Həmin evdə heç kim yaşamırdı.
Bu sözləri Axar.az-ın hadisə yerində olan əməkdaşına Piramida MMC-nin komendantı Kazımov Mərdan deyib. O, intihar edən sakin Samir Axundovu cəmi bir neçə dəfə gördüyünü bildirib:
“Biz Samiri çox az hallarda görürdük. Çox güman ki, o, bura məhz intihar üçün gəlmişdi. Dünən, yəni 14 dekabrda, günorta təqribən saat 2-də həyat yoldaşını öldürüb, daha sonra da bura gəlib, 14-cü mərtəbəki evindən özünü ataraq intihar edib”.
Məhəllə sakinləri də Samiri tanımadıqlarını deyirlər:
“Bu yaşayış mərkəzində demək olar ki, Samiri yaxından tanıyan yoxdur. Ümumiyyətlə, burada heç kəs bir-birini tanımır. Bir onu bilirik ki, yaşadığımız binada bir nəfər özünü atıb öldürüb”.
Xatırladaq ki, dünən Binəqədi rayonu ərazisində dəhşətli cinayət hadisəsi qeydə alınıb.
1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülnar Axundovanı qətlə yetirib. Hadisə Gülnar Axundovanın ərindən ayrıldıqdan sonra yaşadığı evdə baş verib. Samir Axundov keçmiş arvadını ürəyindən bıçaqlayıb. Onların arasındakı mübahisənin motivi hələlik məlum deyil. İlkin məlumata görə, qətl qısqanclıq zəminində baş verib.
Samir Axundov Gülnar Axundovanı qətlə yetirdikdən sonra hadisə yerini tərk edib və öz evinə qayıdıb. O, evinə qayıtdıqdan sonra 8-ci mərtəbədə yaşadığı mənzilin pəncərəsindən özünü ataraq, intihar edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.