"Hazırda küçə mübarizəsi olduqca təhlükəlidir" - Sərdar Calaloğlu
Tarix: 15-12-2015, 17:25 | Çap et
"Hazırda küçə mübarizəsi olduqca təhlükəlidir" - Sərdar Calaloğlu
Son üç həftədir ki, regionda və ölkə daxilində bir –birini əvəzləyən proseslər müxalifət düşərgəsində bir o qədər də canlanma yaratmadı. Sadəcə üç həftə əvvəl Azərbaycan Demokrat Partiyası (ADP) baş verən olaylarla bağlı təcili iqtidar – müxalifət dialoqunun baş tutması çağrışını etmişdi. Həmin dövrdən bu yana isə bir sıra dəyişiklik baş verdi. Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi, Nardaran hadisələri yaşandı. Neft daşlarında baş verən faciənin acısını udduq və s.

Həmin hadisələrə bu dəfə müxalifətin baxış bucağından baxmağa çalışdıq. Azərbaycan Demokrat Partiyası (ADP) başqanı Sərdar Calaloğlu hafta.az-a müsahibəsində saullarımızı cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Sərdar bəy, Milli Təhlükəsizlik Nazirliyinin iki qola ayrılması nələri dəyişəcək? Bu ayrılma sistemə nə kimi mənfi və ya müsbət təsir göstərə bilər?

- Dünyanın bir çox ölkələrində fərqli təhlükəsizlik təşkilatları var. Xarici kəşfiyyat idarəsi ayrı da olur, milli təhlükəsizlik nazirliklərinin tərkib hissəsi kimi də fəaliyyət göstərirlər. Sadəcə olaraq bu milli təhlükəsizlik nazirliyinin gücsüzləşdirilməsi ilə bağlı atılan addımdı. Təşkilat iki yerə bölünəndə gücünü iki dəfə azaltmış olur. Bu sistem istər nəzarətetmə, istərsə də daxili təhlükəsizliklə məşğul olan şəxslərin xarici agentura şəbəkələri ilə bu və ya digər şəkildə əlaqələrinin yaranmasının qarşısını alır. Problem aşağı keyfiyyətli idarəetmənin olmasındadı. İdarəetmə metodu dəyişilməlidir, forması yox. Bunun əvvəlkindən heç bir fərqi olmayacaq.

- Bir neçə həftə əvvəl iqtidarla müxalifətin təcili dialoqun baş tutması üçün bəyanat yaymışdınız. Baş verən hadisələr deyəsən bu ideyanı kölgədə qoydu?!

- Son vaxtlar ölkə daxilində və regionda baş verən hadisələr dialoqu aktuallaşdıran məsələlərdir. Dünyada və ölkədə elə proseslər cəriyan edir ki, bu vəziyyətdə iqtidarla müxalifət ciddi dialoq vəziyyətində olmalıdır. Müxalifət liderlərinə kütləyə verilməyəcək informasiyalar verilməli idi. MTN-də xalqa və dövlətçiliyə hansısa iri masştablı proseslər gedibsə, ən azından bunu bizim düzgün bilməyimiz vacib idi. Çünki biz də kütlə arasında təbliğatımızı daha düzgün qurardıq. Türkiyədə isə vəziyyət fərqlidir. PKK ilə bağlı müəyyən bir hal baş verdikdə iqtidar dərhal müxalifəti çağırır və onlara kütləyə vermədiyi məlumatı verirlər. Bu da onu deməyə əsas verir ki, biz hələ siyasi dialoqun mahiyyətini başa düşə bilmirik. Hökumət bizə nə vaxt siyasi dialoqla bağlı təklif irəli sürərsə biz iştirak etməyə hazırıq. İqtidara lazımdırsa, biz öz düşüncəmizi, fikirlərimizi onlara çatdırmağa hazırıq.

- Yaxın zamanlarda müxalifətin öz arasında hər hansı bir birləşmə yaradacağını düşünürsünüzmü? Buna əsaslı səbəb varmı?

- Birləşmə özü məqsəd ola bilməz, birləşmə hansısa mərama aparan vasitə olmalıdır. Bu gün biz o məqsədi müəyyənləşdirməliyik ki, bu birləşmənin məramı nə olacaq? Azərbaycan müxalifəti birləşib nə edəcək? Ölkə müxalifəti əvvəlki illərdə olduğu kimi iqtidara qarşı birləşib küçə mübarizəsinə başlayacaqsa, indiki konyukturada bu, dövlət üçün olduqca ağır nəticələrə gətirib çıxaracaq. Daxildə və regionda həddən artıq təhlükəli proseslər gedir. Nardaran hadiəsləri də göstərdi ki, Azərbaycanda silahlanmış radikal müxalifət var. Belə bir vəziyyətdə küçə mübarizəsinə başlamaq xalq və dövlətçilik üçün olduqca təhlükəli tendensiyalara gətirib çıxara bilər. Həkimlikdə bir gözləmə taktikası var; xəstənin vəziyyəti həddən artıq ağır olanda onu müalicə etmirsən. Gözləyirsən ki, görək özü bu vəziyyətdən çıxa biləcək ya yox?!! Biz indi müxalifət olaraq həmin taktikanı davam etdirməliyik, ciddi addımlar atmamlıyıq. Proseslərə süni şəkildə müdaxilə etmək olmaz. Çünki gələn il vəziyyət bundan da ağır ola bilər. Azərbaycanda istənilən hakimiyyət dəyişməsi çox böyük itkilərlə nəticələnə bilər.

- Necə düşünürsünüz, Nardaran hadisələrində İranın barmağı vardımı? Sizcə, bu hadisələrdə İran amilinin olması nədən qaynaqlanırdı?

- Azərbaycan şiə ölkəsidi. Şiələrdə də təqlid deyilən bir şey var. Yəni istinad edilən alimlər. Onların da heç biri Azərbaycanda deyil, İrandadır. Sistani də, Xamaneyi də, Lənkərani də İranda yaşıyıb və yaşayır. Şiəlikdə xristianlığın katolik qanadına uyğun nüans var, kimlərisə təqlid etməlisən. Təqlid mənbələrinin də hamısı İrandadır. Ayətullahların hamısı İranda olduğu üçün Azərbaycan şiələrinin də hamısı onlar tərəfindən idarə olunur. Ən azından dinə görə belədir. Azərbaycanda bir ayətullah, din xadimi meydana çıxsa ölkə şiyələrinin də sonsuz hörmətini qazansa, insanlar onun dediklərini edər. Bu zaman da insanlarımızı İranın asılılığından xilas olmuş olarıq. Bu gün təssüf ki, Azərbaycanda belə bir alim yoxdur. Bu olmadıqca da şiələr mütləq İrandan idarə olunacaq. Hətta İrandan elə bir bəyanat verilər ki, buradakı şiələr özləri bir-birinin əleyhinə çıxış etsinlər. Bu baxımdan nardaranda baş verənlər İranın təsiri altında idi. Çünki şiəliyin mərkəzi İrandır. Bu təriqət orada inkişaf edərək yayılıb. Dünyada bu və ya digər şəkildə idarə edən İrandır. İrandan sonuncu dəfə bəyanat verildi ki, bu inqilab idi. Nardaranda baş verənlərin nəyi inqilab idi? Üç nəfərin qumbara atması inqilab olsaydı, İran dağılardı. Orda hər gün nə qədər belə hadisə olur. Burada inqilabın hansı əlaməti var? İnsan bu hadisələrdən bir dövlət kimi mənfəət götürməyə çalışır. Azərbaycana qarşı bundan silah kimi istifadə etmək istəyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net