![Son durum: Hansı şirkətlər Rusiyada çıxdı? Son durum: Hansı şirkətlər Rusiyada çıxdı?](/uploads/posts/2015-12/thumbs/1450168852_v.jpg)
Yaponiyanın elektronika və maşınqayırma texnikası istehsal edən məşhur “Toşiba” şirkəti Rusiya istehlak bazarında fəaliyyətini dayandırır. Korporasiya bu addımı Rusiyadakı qeyri-sabit iqtisadi vəziyyət və Rusiya bazarına əsasən televozorlar çıxaran Koreya şirkətləri ilə rəqabətə dözməməsi ucbatından atıb.
Axar.az BBC-yə istinadən xəbər verir ki, şimal qonşumuzda böhran başlanandan bir çox xarici şirkət ölkəni tərk edib. Bu, Yeni il bayramı ərəfəsində pərakəndə satış ticarətində də özünü büruzə verir.
Finlandiyanın “Stokmann” şirkəti də noyabrın axırlarında özünün Rusiyadakı bütün ticarət mərkəzlərini satacağı barədə elan verib. Habelə, pal-paltar satışı ilə məşğul olan “Esprit”, “River Island”, “Nyu Luk” və “Amerikan İql Outfitters” şəbəkələri də Rusiyadakı biznesini dayandırıb.
Bundan başqa, 2015-ci ilin noyabrında Rusiyada avtomobil satışında rekord azalma qeydə alınıb. Təkcə bir ayın nəticələrinə görə, satış 43 faiz azalıb. “Opel” brendi Rusiya bazarını tərk edib, “Şevrolet” markasının model çeşidi azaldılıb.
Rusiyalılar faktiki olaraq Türkiyə və Misirin qış çimərliyi istirahətindən məhrum ediliblər.
Avropa İttifaqına və Türkiyəyə qarşı tətbiq olunan sanksiyalar ərzaq məhsullarının qiymət artımına səbəb olacaq.
“Okey Broker” investisiya qrupunun analitik departamentinin direktoru Vladimir Rojanovski ölkəyə ciddi zərbə dəydiyini açıqlayıb:
“İndi nəzərə çarpan budur ki, ilk növbədə turizm sənayesinə zərbə dəyib. Çox sayda rusiyalı Yeni il bayramında isti ölkələrə səfər edirdi. Bu, bir növ ənənəyə çevrilmişdi. İndi isə Misir və Türkiyə bizim üzümüzə bağlıdır.
Turizm sənayesi, heç şübhəsiz, Yeni il qabağı istehlaka mənfi impuls verəcək. Avropa ilə mürəkkəb münasibətlər də bu qitəyə bayram səfərlərini azaldacaq. Nəticədə rusiyalıların əksəriyyəti evlərində qalacaq. Ola bilsin ki, ölkədaxili turizmdə kiçik canlanma yaranacaq.
Bu, pərakəndə sənaye üçün müəyyən müsbət amil sayıla bilər. Belə ki, gündəlik tələbat mallarının alınmasında artım olacaq. Lakin bayramlardan sonra əczaçılıq sahəsi üzərinə də təzyiq aşağı düşəcək.
Bu iki sənayedə yüksəliş olacaq, çünki adamlar heç yerə getməyəcəklər və daxili malları istehlak edəcəklər.
Başqa sahələrdə nəzərə çarpacaq ciddi mövsüm dəyişikliyi yoxdur. Çünki daha uzun müddətdə istifadə üçün alınan mallar – elektronika, avtomobillər üzrə satış dəyişmir. Rusiyada Yeni il münasibətilə avtomobil, televizor kimi iri malları hədiyyə etmək ənənəsi yoxdur. Ən çox geyim və ətriyyat məhsullarını bağışlayırlar. İstehlak modelinin yüksəlişi erası başa çatır. İstehlak yüksəlişi zamanı daxili tələbatın daim artması iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilir. Bu era ötən il rublun devalvasiyası ilə başa çatıb. İndi biz daxili fərdi istehlakın ixtisarını müşahidə edirik. Satış 10 faiz, maaş 10-11 faiz və elə bu qədər də real gəlirlər azalıb. Bundan sonra bu böhranın 1998-ci və 2008-ci illərdəki böhrandan daha ağır olduğu dərk ediləcək. Həmin illərdə kəskin pisləşmədən sonra kəskin yaxşılaşma qeydə alınmışdı. Əgər neft qiymətlərinin düşməkdə olması nəzərə alınarsa, heç şübhəsiz istehlakın daha bir ixtisarı dalğası gözlənilir, çünki daxili istehlakda idxalın payı daha böyük yer tutur. Belə olan şəraitdə qiymətlərin qalxması qaçılmaz olacaq.
Bunun isə uzunmüddətli siyasi nəticələrə səbəb olacağı gözləniləndir və əslində, proses artıq başlanıb. Ötməkdə olan il göstərir ki, Rusiya cəmiyyəti çox qeyri-sabit siyasi situasiyada yaşayır.
Bir tərəfdən tez-tez, əhalini daim səfərbər ruhda saxlamalı olan xarici siyasət təşəbbüsləri ortaya çıxır, digər tərəfdən daxildə sosial etirazlar baş qaldırır. Uzaq məsafələrə yük daşıyan sürücülərin gözlənilməz aksiyası buna misal ola bilər”.