MTN-nin ləğvinin əsas səbəbi - Video
Tarix: 15-12-2015, 10:39 | Çap et
MTN-nin ləğvinin əsas səbəbi - Video
MTN-ləğv edilməsi ilə bağlı məsələyə millət vəkili, politoloq Rasim Musabəyov ANS-ə açıqlamasında aydınlıq gətirib.

- Rasim müəllim, sizcə, Prezidentin bu sərəncamının siyasi tərəfdən əhəmiyyəti nədir?

- Burada səbəb və zərurət var. Səbəb bəllidir. Bu qurumda aşkar olunmuş qanun pozuntuları, cinayətlər təbii ki, ciddi reaksiya tələb olunurdu. Nəticə etibarı ilə reaksiya verildi. Və xeyli sayda yüksək vəzifəli şəxs həbs olundu, 250-ə yaxın əməkdaş isə tutduqları vəzifədən azad edildi. Məhz bununla kifayətlənmək qeyri-mümkün idi. Ona görə ki, bəzi zərurətlər var ki, onlar kifayət qədər dərin rekanstruksiya tələb edirdi. Milli Təhlükəsizlik Nazirliyi dövlətin çox önəmli qurumudur. Məhz bu qurum milli təhlükəsizliyi təmin edən qurumdur. Ancaq onun özünə də nəzarət etmək lazımdır. Nəzərə alaq ki, qurumun səlahiyyətləri və imkanları geniş idi. Məhz bu nəzarəti həyata keçirmək üçün əksər ölkələrdə qurumu ayırırlar. Amerika Birləşmiş Ştatları, Rusiya da daxil, bir çox ölkələrdə kəşfiyyat, xarici kəşfiyyatla və daxili əks-kəşfiyyat ayrıdır. Bundan başqa, elektron izləmələri həyata keçirən qurum da ayrıdır. Amerika Birləşmiş Ştatlarında ABŞ Federal Təhqiqatlar Bürosu (FBR) məhz daxili kəşfiyyatı həyata keçirir. Milli Təhlükəsizlik Agentliyi adlı böyük bir qurum isə ABŞ-da elektron kəşfiyyatı həyata keçirir. Bu qurumlardan başqa ABŞ-da başqa qurumlar da var. Lakin bizdə hamısı bir əldə cəmləşmişdi.

– Söylədiyiniz kimi, bir-birinə nəzarət mexanizmi bu cür halların qarşını alına bilərmi?

– Bu yolla bu cür halların qarşısı kəskin bir şəkildə alına bilər. Nəzərə alaq ki, vaxtı ilə izləmə, telefon danışıqlarına qulaqasma səlahiyyətləri məhz MTN-də idi. Nəticədə, bu qurum tam olaraq nəzarətdən çıxırdı. Artıq rabitə və elektron izləmə MTN-nin nəzarətindən çıxarılıb, onlara nəzarət xüsusi qurum tərəfindən həyata keçiriləcək. Qurumda təmizləmə prosesi getdiyindən hiss olunurdu ki, 250 nəfəri kənarlaşdırmaqla iş bitmir. İndi isə qurum təzədən formalaşdığına görə hamı ehtiyata göndərilir və təkrarən işə qəbul həyata keçiriləcək. Bu isə onlar arasında saf-çürük etməyə imkan verəcək. Yeni ştat əsasında sınaqdan keçmiş əməkdaşlar təzədən yeni yaradılan qurumlara qəbul ediləcəklər. Digərləri isə özlərinə yeni iş yerləri axtarmalı olacaqlar.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net