![Xocalının deputatından TƏKLİF: ”Şəhidlər Xiyabanında xüsusi lövhə asılsın” Xocalının deputatından TƏKLİF: ”Şəhidlər Xiyabanında xüsusi lövhə asılsın”](/uploads/posts/2015-12/1450101114_v.jpg)
Xocalının deputatı Elman Məmmədov Modern.az saytına verdiyi açıqlamasında Azərbaycan tarixində baş verən bütün soyqırımlarına aid ortaq abidə və muzeyin açılmasının labüdlüyünü bildirib:
“Bu məni həmişə narahat edən məsələ olub. İllər ərzində bu məsələni dəfələrlə gündəmə gətirmişəm. Sizin də bu işdə yardımınız olub. Mərhum Heydər Əliyevin azərbaycanlıların soyqırımı ilə bağlı imzaladığı sərəncamın bir bəndində açıq-aydın göstərilir ki, Bakı şəhərində soyqırımı abidəsi tikilsin. Həmçinin sıravi vətəndaşlarımızdan tutmuş, ziyalılarımıza qədər, deputatlar, media nümayəndələri də zaman-zaman buna toxunublar.
O cümlədən mən də bu məsələyə kifayət qədər toxunmuşam. Bildirmişəm ki, Azərbaycanda vahid soyqırımı muzeyi və abidəsi yaradılmalıdır. Bunların hər ikisi kompleks formasında olmalıdır. Azərbaycana xaricdən gələnlərin hər biri protokola əsasən Şəhidlər Xiyabanını ziyarət etdikləri kimi, həmin soyqırımı abidəsi və muzeyini də ziyarət etsinlər. Həm də bu təkcə xarici qonaqlar üçün lazım deyil ki! Bütün soydaşlarımız məktəblilərimiz də zaman-zaman o kompleksi ziyarət edə biləcəklər.
Bunun özü çox böyük təbliğat mexanizmi olacaq. Ona görə də qaldırdığınız bu məsələ çox vacib məsələdir. Son 200 il ərzində ayrı-ayrı vaxtlarda biz azərbaycanlıların başına oyunlar açılıb. Bizə qarşı müxtəlif soyqırımları törədilib. Bütün bu soyqırımları özündə əks etdirən bir abidə və muzeyimiz olmalıdır”.
Elman Məmmədov hələ ki, ortaq muzey və abidənin olmadığı müddət üçün də təkliflə çıxış edib:
“Bununla bərabər mən hər zaman bir fikri də qabartmışam. Ötən il də bu məsələni qaldırdım. Milli Məclisin rəhbərliyi tərəfindən mənə cavab verildi ki, bu məsələ artıq gündəmdədir.
Tezliklə müsbət həlli əz təsdiqini tapacaq. Mən də çox sevindim. Ancaq hələ ki, bu reallaşmayıb. Həmin təklif budur : madam ki, hələlik bütün soyqırımlarını özündə əks etdirən bir adidə kompleksi və muzey yoxdursa, onda Şəhidlər Xiyabanının görkəmli yerində bu barədə bir xatirə lövhəsi açılsın.
Həmin lövhədə ayrı-ayrı zamanlarda yaşanan soyqırımları haqqında məlumatlar yazılsın. Məsələn, neçənci ildə olub, nə qədər adam öldürülüb və s. Həmçinin Xocalı soyqırımı haqqında da statistik məlumatlar 3 dildə göstərilə bilər. Şəhidlər Xiyabanına gələn insanlar da heç olmasa bu lövhədən nəsə oxuya bilərlər”.