“MTN-nin ləğvi ilə iş bitmir...”
Tarix: 14-12-2015, 17:38 | Çap et
“MTN-nin ləğvi ilə iş bitmir...”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradıldı.

Hər iki qurum Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradıldı və bununla da MTN ləğv edildi. Prezidentin Fərmanda bu iki qurumun Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə yaradıldığı qeyd edilir.

Xatırladaq ki, az əvvəl milli təhlükəsizlik nazirinin sabiq 1-ci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər MTN-nin ləğv edilməsi ilə bağlı təklif vermişdi, bu barədə təkliflər paketi hazırlamışdı.

Moderator.az Sülhəddin Əkbərdən prezidentin bugünkü Fərmanına münasibət öyrənib.

Sülhəddin Əkbər MTN-nin ləğv edilməsini düzgün və müsbət bir addım kimi qiymətləndirib: “Xüsusilə qeyd etmək istəyirəm ki, dövlət başçısının bu sahədə verilən təkliflərə diqqətlə yanaşdığı görünür. Ancaq onu da qeyd edim ki, yalnız bu təklifin qəbulu və onun həyata keçirilməsi ilə məsələ bitmir. Bilirsiniz ki, bu sahədə mənim təkliflər paketim var idi. Həmin paketdə verilən bütün təkliflərin qəbul olunması və həyata keçirilməsi lazımdır. Xüsusən də kadrların seçilməsi və yerləşdirilməsi məsələsində”.

S.Əkbər təhlükəsizlik sistemi üçün kadrların hazırlanması mexanizmindən də danışıb: “Bu sahədə iki mühüm addım var. Birincisi, orada böyük təmizləmə işi aparılmalıdır, hazırda aparılır, ancaq axıra qədər də davam etdirilməlidir. Bu günə qədər ora yığılmış milislər və polislər işdən azad edilməlidir. İkincisi də, yeni bir vəziyyət yaranıbdır ki, bu qurumlar yenidən təşkil olunur. Bu təmizlənmədən sonra oraya yeni işə götürülənlərdə üç xüsusiyyətə xüsusi fikir vermək lazımdır. İlk növbədə kadrlar vətənpərvər olmalıdır, daha sonra, intellektual səviyyələri, analitik düşüncə qabiliyyətləri yüksək olmalıdır, sonda isə peşəkarlıqlarına önəm verilməlidir. Peşəkar olmaları üçün isə akademiyadakı təhsil prosesi yenidən qurulmalıdır. Təhsil artıq sovet dövlət təhlükəsizlik konsepsiyası əsasında deyil, milli təhlükəsizlik konsepsiyası əsasında qurulmalıdır. Və kadrların hazırlığına da xüsusi diqqət yetirilməlidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net