“Rəhim Qazıyevin çağırdığı debata getmək fikrim yoxdur” – Ayaz Mütəllibov
Tarix: 14-12-2015, 13:33 | Çap et
“Rəhim Qazıyevin çağırdığı debata getmək fikrim yoxdur” – Ayaz Mütəllibov
“Yox, mən Elçibəylə bağlı fikrimi dəyişməmişəm”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov deyib. A.Mütəllibovun sözlərinə görə, eks-prezident Əbülfəz Elçibəylə bağlı fikirləri yanlış başa düşülüb:

“Primitiv” sözünün mahiyyəti “tekst”ə baxanda görürük ki, mənim təsəvvürümdə sadəlövhlük deməkdir. Sadəlövhlük də bunlara xas olan xüsusiyyət idi. Hakimiyyəti saxlaya bilmədilər. Nöqsanlara yol verdilər. Bu səpkidə fikrimi ifadə etmişəm. Bu adi bir şeydir, burada kəskin, qeyri-adi fikir yoxdur”.

Ayaz Mütəllibov AXC dövrünün müdafiə naziri Rəhim Qazıyevin - “Mütəllibovu debata çağırıram, ona deyəcək sözlərim var” - fikrinə də münasibət bildirib:

“Xeyr, Rəhim Qazıyevin çağırdığı debata getmək fikrim yoxdur. Səbəbi isə odur ki, mən bunu istəmirəm”.

Qeyd edək ki, bir neçə gün öncə eks-prezident Ayaz Mütəllibov xələfi Əbülfəz Elçibəylə bağlı bir sıra ifadələr işlədib. Onun - “Elçibəy primitiv millətçi idi. O deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri də var” - fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Tənqid atəşinə tutulub.

Bu hadisədən sonra Elçibəy dönəminin müdafiə naziri Rəhim Qazıyev isə hafta.az vasitəsi ilə eks-prezidenti debata çağırmışdı. Eks müdafiə naziri Qazıyev Mütəllibova deyəcək sözlərinin olduğunu bildirmişdi:

“O, ölkənin ilk prezidenti kimi bir az özünə hörmət etsə, yaxşıdır. İstərdim ki, onunla qarşı-qarşıya oturub debat edək; o, prezident olub, mən də həmin dövrün fəallarından biri. Üstəlik, sonradan müdafiə naziri kimi də işləmişəm. Ona deyiləcək sözlərim var. Yaxşı olar ki, birinci prezident kimi Mütəllibov öz yerində otursun”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net