Nazirlik Bakı limanında qalan türk TIR-ları haqda açıqlama verdi
Tarix: 14-12-2015, 12:47 | Çap et
Nazirlik Bakı limanında qalan türk TIR-ları haqda açıqlama verdi
“Son günlər Azərbaycan ərazisindən keçən tranzit yükdaşıyan iritonnajlı avtonəqliyyat vasitələrinin sayı dəfələrlə artıb. Lakin Xəzər dənizində başlayan güclü külək nəticəsində bərələrin hərəkətində problemlər yaranıb və dekabrın 6-dan 9-dək Aktau limanına gedən TIR-ların bərələrə yüklənməsində gözləmələr baş verib.

Həmçinin Aktau limanında bərə-gəmilər üçün yalnız bir yanalma körpüsünün olması və bu körpünün qasırğa və hündür dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib”.

Bu barədə virtualaz.org saytına İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasında müzakirələr aparılıb. Artıq yük maşınlarının dəniz vasitəsilə daha tez və təhlükəsiz daşınması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Bakı-Aktau istiqamətində gəmilərin mütəmadi səfər qrafikini təsdiq edib və yük maşınlarının sayının çoxluğu nəzərə alınaraq, istismardan kənar gözləmədə saxlanılan bir neçə bərə-gəmini yenidən istismara qaytarılıb, bərə reyslərinin sayı artırılıb.

Qeyd edək ki, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycandan gələn bərə-gəmilərin Aktau limanında yanalma imkanlarının artırılması üçün Qazaxıstan tərəfi ilə danışıqlar aparır. T ranzit yüklərin daşınması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə şura tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40 faiz azaldılıb.

Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaları üçün imkanların genişləndirilməsi istiqamətində ardıcıl və sistemli işlər davam etdirilir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən bərə-gəmiləri gözləyən yük maşınlarının sürücüləri üçün Bakı Dəniz Limanında müvafiq məişət şəraiti yaradılıb, dükan və kafe fəaliyyətə başlayıb. Limana girişdən öncə kassa yerləşdirilib və daşıma qiymətlərini və şərtlərini özündə əks etdirən lövhə quraşdırılıb.

Limanda gözləyən sürücülər üçün sıralama biletlərinin tətbiq edilməsinə də başlanılıb. Bu sistemin köməyi ilə yük maşınlarının sürücüləri onlara təqdim edilən biletlər vasitəsi ilə öz sıra nömrələrini və vaxtlarını dəqiq bilməklə, gözləmə vaxtlarından səmərəli istifadə edə biləcəklər.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası bir daha diqqətə çatdırır ki, tranzit yükdaşımalar üzrə iştirakçılar maraqlandıqları məsələlər, qarşılaşdıqları problemlərlə bağlı Koordinasiya Şurasının ofisinə (ünvan: Bakı şəhəri, AZ1025, Xocalı prospekti, 37, “Demirchi Tower”, telefon: 488-80-38; faks: 488-80-48; e-mail: [email protected] ) müraciət edə bilərlər.

Xatırladaq ki, türk TIR-larının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında üzləşdiyi problemləri ilk dəfə virtualaz.org saytı ictimailəşdirib.

Limanda olan reportyor qrupumuz Putinin türk TIR-larına qapıları bağlamasından sonra Azərbaycan üzərindən keçən dəhlizin necə işlədiyini araşdırmışdı. Məlum olmuşdu ki, türkiyəli sürücülərin əksəriyyəti bir həftədən çoxdur limandadır, amma bərə tapa bilmədiklərinə görə yükləri mənzil başına çatdıra bilmirlər. Limana yan alan bərələr TIR-lara çox az yer ayırır. Onlar əsasən konteynerləri yükləyib gedir, ona görə də limanda gözləyən 200-ə yaxın yük maşınının sayı hər gün artır. Sürücülər məişət problemlərindən də şikayətlənmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net