Bakıda piyadaların cərimələnməsi kütləviləşib: piyadaları nə gözləyir?
Tarix: 14-12-2015, 12:31 | Çap et
Bakıda piyadaların cərimələnməsi kütləviləşib: piyadaları nə gözləyir?
Son günlər Bakıda yolu nəzərdən tutulmayan yerlərdən keçməyə görə piyadaların cərimələnməsi halları kütləviləşib. Musavat.com-un məlumatına görə, paytaxtın müxtəlif ərazilərində, xüsusilə, yerüstü və yeraltı keçidlərin olduğu yerlərdə yol polisi əməkdaşları növbə çəkir və yolu nəzərdə tutulmayan yerlərdən keçən piyadaları cərimələyir.

Yol polisinin bu addımı cəmiyyətdə birmənalı qarşılanmır. Əksəriyyət qaydaları pozan piyadaların cəzalandırılmasını təqdir etsə də, ilk dəfədən cərimə yazılmasını qeyri-humanist addım sayanlar da var. Məsələn, bəziləri iddia edir ki, kənd yerindən Bakıya gələn, piyada keçidlərinin yerini bilməyən vətəndaşları qaydaları bilməyərəkdən pozur və dərhal 20 manatlıq cərimənin yazılması əhalinin hazırkı çətin sosial vəziyyətində onlara zərbə sayıla bilər. Bu mövqedə olanlar hesab edirlər ki, ilk qayda pozuntusu zamanı piyadaya rəsmi xəbərdarlıq edilməsi, il ərzində eyni xətanı təkrarlayacağı təqdirdə cərimələnməsi daha humanist addımdır.

Bundan başqa, Dövlət Yol Polisinin piyadaları cərimələməsinin nə qədər qanuni olması da müzakirə mövzusudur. Bunu niyə Post Patrul Xidmətinin yox, Yol Patrul Xidmətinin əməkdaşlarının etməsi bəziləri üçün anlaşılmazdır.

Sosial şəbəkələrdə daha çox müzakirə olunan mövzulardan biri də cərimənin ödənilməməsi ehtimalı və bu halda cərimələnən vətəndaşı nə gözlədiyidir. Bəziləri iddia edir ki, 3 ildən artıqdır yazılmış cəriməni ödəməyiblər və indiyədək problem yaşamayıblar. Amma, başqa təcrübəni yaşayanlar da var. Hətta, ödənilməmiş cərimə ilə əlaqədar ölkəni tərk etmək hüququnun məhdudlaşdırıldığını yazanlara da rast gəlmək olur. Onların sözlərinə görə, sərhəd-keçid məntəqəsində saxlanılıblar və yalnız cəriməni ödədikdən sonra məhdudiyyət aradan qaldırılıb.

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, piyadaların cərimələnməsi yol polisi əməkdaşlarının səlahiyyətinə daxildir: “Prezidentin 634 saylı Fərmanı var. Həmin fərmana əsasən, piyadalara cərimə tətbiq etmək DYP-nin səlahiyyətindədidr. Amma Daxili İşlər naziririnin əmri ilə polisin digər xidmətlərindən, o cümlədən PPX-dan DYP-yə ezam olunan əməkdaşlar var və onların da piyadaya cərimə yazması qanunidir”.

Ərşad Hüseynov ilk dəfədən cərimə yazılmasının qeyri-humanist addım olması ilə bağlı iddialara belə münasibət bildirib: “Piyadaya qayda pozuntusuna görə xəbərdarlıq etmək nəzərdə tutulmur. Ona görə birbaşa cərimə yazmaq da tam qanunidir”.

O ki qaldı, cəriməni ödəməyən vətəndaşları gözləyən aqibətə, hüquqşunas bildirir ki, hər bir halda cərimə pdənilməlidir: “Piyadaya cərimə yazıldısa, o qərar qüvvəyə minəndən sonra ölənədək qüvvədə qalır. Hətta ödəmə 1 aydan çox gecikəndə üzərinə faiz gəlir, ən maksimum 60% artma ola bilər. Bundan sonra DYP müvafiq sənədləri icra məmurları vasitəsilə məcburi icraya yönəldə bilər. Amma piyadaya ödənilməyən cəriməyə görə xaricə getməkdə məhdudiyyət ola bilməz, çünki Miqrasiya Məcəlləsi yalnız məhkəmə aktının məcburi icrası halında, özü də məhkəmənin ayrıca qərarı ilə xaricə getməyə məhdudiyyət nəzərdə tutur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net