![Səsi ilə şəfa gətirən dahi azərbaycanlı Səsi ilə şəfa gətirən dahi azərbaycanlı](/uploads/posts/2015-12/1450070709_v.jpg)
Deyilənlərə görə, bu hadisə keçmiş əsrin 60-ci illərdə baş verib. Hindistana gecə ilə gedən qatar sovet artistlərini aparırdı. Qatarda olan Plisetskaya, Turqunbayeva, Mixaylov, Maslennikov, Behbudov və digərləri yatmağa hazırlaşırdılar. Bu zaman qatar qəflətən dayandı. Bayırdan ardı kəsilməyən insanların aydın çağırışları eşidilirdi: Rəşid Behbudov! Rəşıd Behbudov!... Onlar ətrafdakı hind kəndlərinin sakinləri idi. Kənd sakinləri Rəşid Behbudovun həmin qatarla getdiyini bilib, onu eşitmək arzusu ilə qatarın yolunu kəsdilər. Rəşid onlar üçün elə vaqon pilləkənlərindən Azərbaycan və Hindistan mahnılarını hər iki dildə ifa edir.
Nadir ifaçılar var ki, öz yaradıcıllıq təcrübəsindən bu cür misal gətirə bilər. Rəşid Behbudov olduqca məşhur bir insan olub. Onun səsi indinin özündə də Bolqarıstan və İran, Belçika və Türkiyə, Macarıstan, Finlandiya, Efiopiya, Çili, İtaliya, Misir, Hindistan, Braziliya, Albaniya, Arqentina, Böyük Britaniya, İraq, Pakistan və Çin kimi ölkələrdə xatırlanır.
Atası Məcid Behbudov qədim zamanlardan Azərbaycanın təbii konservatoriyası sayılan Qarabağın Şuşa şəhərində anadan olub. Bir vaxt o bütün Qafqazda məşhur idi. İstanbul, Sofiya, Varşava da çıxışları olub. 1904-ci ildən 1920-ci ilə dək dünyanın ən məşhur səsyazma studiyaları Məcid Behbudovun ifası ilə sayı 40- dan çox qrammplastin buraxırlar. Hal -hazırda da Londonun məşhur kral kitabxanasında Məcid Behbudovun 16 qramplastini saxlanılır.
Rəşidin anası Firüzə Abbasqulu qızı Vəkilova da qeyri-adi qabiliyyətə malik olan qadın olub. O tərbiyə aldığı ailə və cəmiyyət arasında mədəniyyət və maarifləndirici ənənələri qoruyub saxlayan bir insan idi. Yüksək təhsil alan Firüzə Abbasqulu qızı Tiflis məktəblərində dillər üzrə müəllimlik edirdi. Dram, musiqi və s. dərnəylərə başçılıq edib.
Ailə qurduqdan sonra Məcid kişi Tiflisə köçür. Məhz burada 1915-ci ildə ailənin üçüncü övladı olan Rəşid dünyaya gəlir. Evdə hər kəs musiqi alətlərində çalırdı, həm də oxuyurdu. Yalnız balaca Rəşid adamlar arasında oxumaqdan utanardı. Deyilənə görə, bir dəfə çardaqda meyvələri qurutmaq üçün düzərək o özündən xəbəri olmadan tam səsi ilə oxuyur. Oğlunun oxumağını eşidən atası onu çardaqdan düşürdür və mahnını birdə təkrar etdirir. Rəşidin gur və gözəl səsi evdəkiləri heyran edir. O vaxtdan ənənəvi hazırlanan ev tamaşalarının aparıcı rolları ona tapşırılır.
Bu cür "ev konservatoriya"-nın Rəşidə hələ uşaqlıq illərindən ifalıq ustalığının incəlikləri ilə birlikdə musiqi aləminin xüsüsiyyətlərinə yiyələnməsində mühüm rolu olub.
Gənc Rəşidin ifaçılıq fəaliyyəti Tiflisdə 1930-cu ildən başlayır. Əvvəl o dəmiryol nəqliyyat məktəbinə daxil olur. Öz tələbə orkestrını yaradır və ayrı-ayrı səhnələrdə çıxış etməyə başlayır. Bundan sonra onun məşhurluğu artır. Cazibədar, məxməri səsi ona qulaqasanları valeh edir. Bu illərdə o Qafqaz qastrollarında tanınmış şlyaqer, xalq mahnı və klassik müsiqi əsərlərini ifa edir. Sanki özü-özünə sübut edir ki “Mən hər cür oxuya bilirəm”.
Müharibə illəri gələndə isə açıq səma altında, səngərlərdə, tələsik düzəlmiş barak və səyyar hospitallarda digər artistlar ilə birlikdə döyüşçülərin qabağında çıxış edir. Öz mahnılar ılə əsgərlərə ürək-dirək verərək “sizi sevib, gözləyirlər” fikrini onlara çatdırır.
Onun məşhurluğunun ən yüksək zirvəsinə qalxması isə çəkildiyi "Arşin mal alan" filminin ekranlara çıxdığı günə təsadüf edir. Həmin gündən bəri ömrünün sonunadək o sönməyən ulduza çevrilir, miliyonlarla insanların məhəbbətini qazanır. Film tamaşıçılar sayına görə dünyanın 50-yə yaxın ölkələrində rekord səviyyəsinə çıxmışdı. Dünyanın 140 ölkəsində nümayış etdirilərək, 86 dilə tərcümə edilib. 1946-ci ildə Stalin öz əli ilə Behbudovun soyadını"Stalin mükafatı" laureatları siyahısına daxil edir. Tanınmış konfransye Boris Brunov israr edirdi ki "yalnız iki nəfər sovet estradasında dəb salardı – Arkadiy Raykin və Rəşid Behbudov.
Sonraki yaradıcılıq yolunda Rəşid Azərbaycan bəstəkərlarının bəslədiyi və xalq mahnılarına üstünlük verir. Tofiq Quliyevlə yaranmış uzun və olduqca faydalı əməkdaşlığı isə Azərbaycan estradasının əsas inkişaf istiqamətlərinin müəyyənləşməyində əvəzedilməz rolu olub.
R. Behbudovun xarici qastrolları ötən əsrin 50-ci illərindən başlayır. 55 il ərzində maestro dünyanın 100-dən artıq dövlətlərində çıxış edib: Avropa, Amerika, Afrika, Asiya. O sanki, "Arşın Mal lalan"-ın numayişdən triumf qazandığı şəhərlərin izi ilə gedirdi. Verdiyi konsertlarındə İ.O.Stalin, Mao Tse Dun,Cəvahirləl Nehru, İndira Handi, Hayle Selassi,Süleyman Dəmirəl,Nikita Xruşyov ,Leonid Brejnev , Valter Ulbrixt, Erix Honekkerkimi dövlət başçıları olub. Çıxış etdiyi ölkələrdə mütləq yerli mahnıları öz dillərində olduqca dəqiq və aydın ifa edərdi. Fin dilində mahnıların ifasını eşidən Finlandiya prezidentı Pəşid Behbudova: "Sən finsən",- deyə soruşmuşdu. Deyilənə görə, hətta bir hind racəsi ustalığına heyran olduğundan ona fil sürüsü bağışlamışdı.
Hər bir ölkədə Rəşid Behbudov konsertlərini "Azərbaycan" mahnısı ilə başlayıb və onunla da bitirərdi. Mahnıların bəstəkərlarını, şairlərini elə bir şarm ilə təqdim edərdi ki, bunun özü də zalın alqışlarına səbəb olurdu.
Rəşıd Behbudovun yaradıcıllığı və istedadı ayrı-ayrı ölkələrdə gür alqışlanaraq ən azı ölkərarası mədəniyyət körpülərin yaranmasına qulluq edirdi. Bu baxımdan onun xalq diplomatiya sahəsində zəhmətləri danılmazdı. Millətlər öz mahnılarını dünyaya Rəşidin vasitəsilə yayılmasını arzulayırdı. Siz bir bu sözlərin mənasına fikir verin "İcazə verin Tehran Milli xoru tərəfindən və öz tərəfimdən bizim xalqın mahnılarını gözəl ifa edən Cənab Rəşid Behbudova ürəkdən təşəkkürümü bildirim. Uzun müddət hazırladığımız mahnılar qoy cənab Rəşid Behbudovun vasitəsi liə dünyanın hər yerinə yayılsın. Bizim xalqın tanınmasında gündən - günə öz təsirini göstərsin. İcazə verin bu gül çələngini Rəşid Behbudovun boynundan asım", - bu sözlər Gülə Surhiyə məxsusdur. Bu cür ikinci ustad məncə olmayıb. Yazılanları duymaq üçün 1963 –cü ildə İran səfərində verdiyi konsertini dinləmək kifayyətdir.
Özü kimi mahnının sözlərini dəqiq və aydın tələffüz edən ikinci müğənni tanımıram. Onun Ifa tərzindən sözlərin düzgün yazılışını öyrənmək mümkün idi. İfa zamanı, yalnız özünəməxsus olan bacarığı ilə qoyduğu vurğular, mahnıların lirik, məzəli xüsusiyyətlərini gücləndirərək gur alqışlara nail olurdu.
Rəşid müəllimin Rac Kapurla uzun illər dostluğu haqqında Bakıda keçirilən Hind kino günlərinin açılışında həyat yoldaşı Ceyran xanım danışmışdı. Söylədiyinə görə, onların 50- ci illərdə baş tutan tanışlığı möhkəm dostluğa keçmişdi. Yeri gəlmişkən qeyd edək ki, onların hər ikisi dekabr ayının 14- də dünyaya gəlib. Bir dəfə Rac Kapur demişdir ki:" Rəşidin hind mahnılarınını bu cür gözəl ifa etməyini əvvəlcədən bilsəydim, bütün filmlərimi səsləndirməyi ona havalə edərdim".
Şəkildə Rac Kapurla Nərgiz Kapurun arasında dayanan şəxs 1956-cı ildə Azərbaycana rəhbərlik etmiş İmam Mustafayevdir (soldan 4-cü). Sağdan 4-cü simanın isə əlavə təqdimata ehtiyacı yoxdu.
Ceyran xanımın xatirələrinə görə, bu dostluğa nə məsafə, nə də məşğulluq maneə ola bilməzdi. Racin ağır xəstəliyindən xəbər alandan sonra Rəşid müəllim 1988-ci ilin avqust ayında ona baş cəkmək üçün Bombeyə yollandı. Rac xəstə olduğundan hind ənənəsi ilə qonağı ayağ üstə qarşılaya bilmədi və Rəşidə nə qədər hörmət olduğunu bildirməkdən ötrü onun əlindən öpmüşdü.
1957-ci ildə Azərbaycan Filarmoniyası nəzdində Azərbaycan xalq alətlərini və caz stilistikasını birləşdirən konsert ansamblı, 1965-ci ildə isə Sovetlər ölkəsində ilk "Mahnı teatrı" yaradan Rəşıd Behbudov çalışdığı sahələrdə həmişə novator ideyaları ilə fərqlənib. Burada musiqiçilər səhnədə ifa etdiyi əsərləri, mahnıları teatrlaşdırır, mizanssena uslubunda tamaşaçılara çatdırırdı. Bütün quruluş işlərini isə Rəşid müəllim özü həyata keçirərdi. Eskizləri, dükarasiyaları çəkərdi. Kostyumları fikirləşərdi, ssenariları yazardı. Bununla belə səhnədə cəmisi 8 musiqiçi ilə kifayətlənərdi. Musiqi tamaşalarında Azərbaycanın mahnıları, İinglis, Fransız, Fin, İtalyan estrada hitləri səslənirdi. Şərqin musiqi incəsənəti Azərbaycan ilə bərəbər türk, ərəb, hind, iran nümunaləri ilə geniş təqdim edilirdi. Tamaşanın baş qəhramanı isə Rəşid Behbudovun istedadı idi. Teatr böyük uğur ilə bütün dünyada qastrol edirdi.
1980-ci ildə istedadına, çalışqanlığına yüksək qiymət verən ulu öndərimiz Heyər Əliyev, göstərdiyi inad nəticəsində Rəşid Behbudova yaradıcılıq fəaliyyətinə görə “Sosialist əmək qəhramanı” adı verildi. Leonid Brejnev sənədlərin qolçəkməsini uzadırdı. İş o yerdə idi ki, o vaxta qədər heç bir müğənni bu adla təltif edilməmişdi. Behbudov bu ada ilk layiq olan müğənni oldu. Almaniya, Çin, Belçika, Türkiyə, Misir, İran, Əfqanistan, Pakistan və s. ölkələrində də azərbaycanlı müğənni ayrı-ayrı nüfuzlu dövlət mükafatları ilə təltif edilmişdi.
Qarabağlı xanəndə Məcidoğlu və aşıq Behbudullanın nəvəsi olan Rəşid Behbudov hər iki yarimkürədə Azərbaycanı tanıtmaqda təkrarolunmaz zəhmətin nəticələri indi də özünü göstərməkdədir.
Вu gün Rəşid Behbudovun 100 illiyi yubileyidir. Azərbaycan müstəqilliyinə nail olduğu günə qədər cəmi iki il əvvəl dünyasını dəyişən sənətkar, əslində istedadı ilə illər boyu bu məqsədə xidmət edərək, vətənini bütün dünyaya tanıtdırıb desək yanılmarıq.
“1989-ci ildə iş həmkarımla Moskvaya ezamiyyətdə idik. Starıy Arbat deyilən yerdə günorta nahar etmək üçün kafeya üz tutduq. Həmişəki kimi yer qıtlığı idi. Bizi bir müştəri əyləşdiyi masa arxasında yerləşdirdilər. Deyilən müştəri də yeyib, qurtarıb sadacə oturub pencərədən baxırdı. Özüm -özümə deyirdim ki, nə var boş -boş oturub yer tutur, yeməyini yedi, çıxıb getsin də. Düşündüm ki, yəqin içkilidir. Həmkarımla həm Azərbaycan, həm də rus dilində söhbət edirdik. Birdən yanımızdaki üzünü bizə çevirib təəccüblə soruşdu:" Siz Bakılısız ?" Bəli, cavabını eşidən bu insan ayağa qalxıb "O, Raşid Behbudovdur!!!",- dedi. Özunün və anasının Rəşid Behbudovun böyük pərəstişkarı olduğundan danışdı. Anası ilə birgə yaşadığını bildirərək: "İnanın mən və anam əhvalımız pis ya nasaz olanda mütləq Rəşid Behbuovun yazılarına qulaq asıb ondan şəfa tapırıq", - söylədi. Demə sərxoş bildiyim bu insan "Mosfilm" kinostudiyasının əməkdaşı imiş. Rəşid müəllimin yaradıcılıq həyatı ilə həmişə maraqlanıb. Hətta vaxtı ilə Rəşid Behbudovla görüşdüyünə görə özünü xoşbəxt insan olduğunu da qeyd etmişdi”:
"Rəşid Behbudovdan mütləq film çəkməlisiniz, o, dahidir", - bu sözləri indi də qulağımdadır.
Mənə elə gəlir ki, vaxt gəlib çatıb və onu ötürmək düz olmazdı. Hələ ki, həyatda Rəşid müəllimi görən və onunla ünsiyyətdə olan insanların varlığı bu filmin daha dəqiq və obrazını daha düzgün göstərilməsinə zamanət verir. Mədəniyyət Nazirliyi ümumiyyətlə bütün kinossenari yazan peşəkərlarımız, vətəndaşlarımız əl-ələ verib, Azərbaycanın hər vaxt parlaq təmsilçisi, dahi sənətkar, gözəl insan və vətənpərvar nümunəsi olan, milliyonlarla dinləyicilərə səsi ilə sevinc, şəfa bəxş edən Rəşid Məcid oğlu Behbudov haqqında filmin yaradılmasına dəstək olmalıyıq. Biləndə ki bu "Arşın Mal alan" filmində baş qəhramanın rolunu ifa edən şəxs haqqındadır onu "Arşın Mal alan" filminin triumf qazandığı ölkələrdə də böyük maraqla qarşılayacaqlar. Əbəs yerə insanlar gecə vaxtı Hindistanda Rəşid Behbudovun getdiyi qatarın qabağına çıxaraq "Rəşid Behbudov! Rəşid Behbudov!.." çağırışları ilə, onu eşitmək arzusu ilə yolu kəsməmişdilər ki!