![Mənzil bazarında ciddi canlanma gözlənilmir Mənzil bazarında ciddi canlanma gözlənilmir](/uploads/posts/2015-12/1449668961_v.jpg)
Prezident İlham Əliyev Vergilər Məcəlləsinə edilən son əlavə və dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə görə, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər məbləğdən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisidir. Burada fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin hədiyyə, maddi yardım və miras, dövlətin torpağı alması qarşısında verdiyi kompensasiya, əmlakın ər və arvad arasında və ya keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi halları istisnadır.
Belə ki, yeni dəyişikliyə əsasən, mənzillərə təyin olunan verginin qiymətində mənzilin yerləşdiyi ərazidən asılı olaraq fərq olacaq. Həmçinin bundan sonra vergilər notariusda ödəniləcək.
"Mülkiyyət" MMC-nin eksperti Araz Əbdülkərimov qəzetimizə açıqlamasında bildirib ki, yeni dəyişikliklər mənzil bazarına müəyyən qədər təsir göstərəcək: “Mənzil alqı-satqısı ilə məşğul olan şəxslər köhnə evləri təmir edib yenidən satışa verir. Hansı ki, onlar vergidən sonra mənzil bazarından uzaqlaşmışdılar. Bu isə cüzi təsir hesab olunur. Hazırda bu sahənin inkişafı əsasən neftin qiymətindən asılıdır. Neftin qiymətində cüzi də olsa bahalanma olan kimi, bu, mənzil bazarında canlanmaya səbəb olur. Bu, əslində vergi qanunvericiliyindən, yaxud devalvasiyadan asılı olan bir şey deyil. Vergilərdəki dəyişiklik alqı-satqı işi ilə məşğul olanların yenidən bu sahəyə qayıtmasına səbəb ola bilər. Amma bu, satış işinə bir o qədər də təsir etmir. Çünki ev alıb-satanda mən buna görə vergi ödəmirəm. Hazırda mənzil bazarında vəziyyət sabitdir. Əvvələ nisbətən satış 60 faiz aşağı düşüb, amma vəziyyət uzun müddətdir ki, öz sabitliyini qoruyub saxlayır”.
Əmlak məsələləri ilə məşğul olan Elbrus Bayramov qəzetimizə açıqlamasında mənzil bazarının ümumi vəziyyətinin qənaətbəxş hesab olunmadığını bildirdi: “Hazırda mənzil alqı-satqısında durğunluq müşahidə olunur. Hətta bu sahədən uzaqlaşmaq istəyirəm. Mənim kimi bir çox insan da artıq uzaqlaşmaq istəyir və uzaqlaşır. Həftədə bir dəfə kimsə ev almaq istəyirsə də, o da qiyməti öyrənib gedir. Təxminən 7-8 aydır ki, ümumi vəziyyət çox pisdir”.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı mənzil bazarında dinamikanın sürətinin makroiqtisadi göstəricilərlə birbaşa bağlı olduğunu bildirdi: “ Təbii ki, burada daxili faktorlar da mövcuddur. Lakin əsas amil makroiqtisadiyyat hesab olunur. Eyni zamanda, mənzil bazarındakı proseslərə Azərbaycanda qəbul olunan bəzi inzibati qərarların təsirləri var. Məsələn, devalvasiya ilə bağlı qərar, vergi qanunvericiliyi ilə bağlı qərarlarla bağlı edilən ciddi dəyişikliklər buna nümunə ola bilər. Bu özünü bütün göstəricilərdə- həm qiymətdə, həm ipoteka kreditlərinin verilməsində, həm də bahalanan evlərin sayında büruzə verir”.
Ekspertin sözlərinə görə, vergi qanunvericiliyinə edilən dəyişikliklər daha liberal, daha mütərəqqidir: “Bundan əvvəlki qaydalar bütövlükdə qeyri-yaşayış sahələrini tamamilə iflic vəziyyətə gətirib çıxarmışdı. Mənzil bazarında qiyməti 100 min manatdan yuxarı olan mənzillərin dövriyyəsində çox ciddi problemlər mövcud idi. Yeni qaydalar bazar üçün daha əlverişli və faydalıdır. Mənzillərin ölçüsünə görə hər kvadratmetrə görə 15 manat vergi təyin olunub. Bu, ən pis halda 200-250 kvadratmetrlik mənzildə maksimum 5-6 min manat vergi ödənişi deməkdir ki, bu da böyük rəqəm deyil. Mənzillərin bahalaşması məsələsinə gəldikdə isə, düşünürəm ki, gözlənilən bahalaşma baş verməyəcək. Çünki əvvəlki dəyişikliklər daha sərt idi. 2016-cı ilin əvvəlindən qüvvəyə minəcək yeni vergi qaydaları mənzillərin qiymətinə hər hansı formada təsir göstərməyəcək. Vergi ödənilməsi məsələsinə iki istiqamətdə yanaşmaq olar. Bələdiyyələrə ödəniləcək vergilər, yəni illik vergi tutumu məsələsi. Məsələn, bir kvadratmetr üçün Bakı və Bakı ətrafı ərazilərdə 60 qəpik-1 manat 50 qəpik arasında tətbiq olunan vergi illik göstəricidə elə də böyük rəqəm deyil. Mərkəzdə yerləşən 100 kvadratmetrlik mənzildən 30 kvadratmetr sahə çıxılmaq şərtilə 70 kvadratmetrə maksimum 1 manat 50 qəpik ödənilir. Bu isə il ərzində 105 manat edir. Alqı-satqıya görə ödənilən vergi isə bir qədər sadələşdirilir. Əvvəllər alqı-satqı prosesində vətəndaşlar indi tətbiq olunan vergidən daha böyük rəqəm ödəyirdi. İndiki rəqəm elə də böyük rəqəm deyil və alqı-satqı zamanı asanlıqla ödəmək olar”.
İqtisadçı ekspert Vüqar Bayramov “Kaspi”yə müsahibəsində vergi qanunvericiliyinə edilən ümumi dəyişikliklərdən söz açıb: “Burada əsas məqsəd dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasına töhfə verməkdir. Bu aspektdən təklif edilən vergi dəyişiklikləri birmənalı şəkildə imkan verəcək ki, vəsaitlər birbaşa büdcəyə daxil olsun”.
Ekspert dəyişikliklərin mənzil bazarına göstərəcəyi təsirlər barəsində də məlumat verdi: “Tətbiq olunan dəyişikliyin əhəmiyyəti ondan ibarətdir ki, heç də bütün mənzillər satılan zaman vergiyə cəlb olunmayacaq. Əgər mənzil 5 il müddətinə istifadə olunubsa, artıq həmin mənzil satılan zaman vergiyə cəlb olunmayacaq. Çünki bu artıq o deməkdir ki, mənzil alqı-satqı üçün nəzərdə tutulmur. Eyni zamanda, miras şəklində qalan mənzillər də satılarkən vergidən azad olunacaq. Ər arvadına, yaxud da əksinə mənzil bağışladıqda vergiyə cəlb olunmayacaq. Eyni zamanda, boşanma prosesində mənzillər bölüşdürülərkən mənzil satılarsa, bu zaman da vergi tələb olunmur. Artıq mənzil satılarkən gəlirə görə deyil, kvadratmetrə görə vergi müəyyən olunacaq. Hər kvadratmetrə görə 15 manat vergi ödənilməsi nəzərdə tutulub ki, bu da əvvəlki qiymətdən daha əlverişlidir. Həmçinin burada zona faktoru da rol oynamış olacaq. Zonalar üzrə əmsallar isə 4.0, 3.0, 2.2, 1.8, 1.5, 1.2-dir. Bu isə o deməkdir ki, mənzil şəhərin mərkəzində yerləşirsə, mərkəzdən kənardakılarla nisbətdə daha çox vergi ödəməli olacaq. Əvvəlki gəlir vergiləri mənzil satışında durğunluğun yaranmasına səbəb oldu. Yeni qaydaların mənzil bazarına ciddi təsir göstərəcəyi ehtimal olunmur. Hələlik mənzil bazarında sözügedən canlanmanın imkanları xeyli məhduddur. Hazırda bazara daha çox tələb-təklif təsir göstərir ki, tələblərin azalması da qiymətlərin artımına səbəb olur. Bu, ipoteka ödənişlərinə xüsusi təsir göstərməyəcək. İpoteka Fondu hazırda yenidən formalaşdırılır. Artıq aylıq ödənişlər gələn ilin yanvarından müəyyən olunmuş qaydalar əsasında ödəniləcək”.