2015-ci il: Devalvasiya, yanan binalar, Nardaran hadisəsi, “MTN işi” və...
Tarix: 9-12-2015, 17:14 | Çap et
2015-ci il: Devalvasiya, yanan binalar, Nardaran hadisəsi, “MTN işi” və...
2015-ci ilin bitməsinə sayılı günlər qalır. Artıq 2015 rəqəmi ölkəmiz üçün sadəcə bir tarix olacaq. Bəs görəsən bu tarix nə ilə yadda qaldı və necə xatırlanacaq? Bu suala cavablar birmənalı deyil. Təəssüf doğuran məqamlardan biri budur ki, 2015-ci il faciəvi hadisələrlə, qəza və yanğın hadisələri ilə xatırlanacaq. İki yaşayış binasının və son olaraq “Günəşli” yatağının yanması, onlarla insanın ölümü Azərbaycanı dərindən sarsıtdı. İqtisadiyyatımız da bu il yaxşı heç nə vəd etmədi.

Siyasi gündəmin ən gözlənilməz hadisələri isə iki nazirin vəzifədən getməsi və onların cinayətkar əməllərinin aşkara çıxarılması oldu. Əgər əvvəlki illərdə hakimiyyət media, QHT sektoru və ya müxalifətlə mübarizə aparırdısa, bu il mübarizə hakimiyyətin daxilində getdi. İlin manşetinə isə Minəçevir və Nardaran hadisələri damğasını vurdu.

Olduqca qaynar hadisələrlə yadda qalan 2015-ci ilin siyasi yekunlarını politoloqlar necə dəyərləndirir? “Yeni Müsavat”a açıqlamasında bu ili heç nə nikbin dəyərləndirməyən politoloq Elxan Şahinoğlu ən yadda qalan hadisələri belə sıraladı: “2015-ci ilə devalvasiya ilə başladı. Bu cəmiyyət üçün soyuq duş effekti idi, çünki uzun müddət idi ki, manat sabitliyini qoruyurdu, hamı bu cür həyata alışmışdı. Ancaq o da bəlli idi ki, neftin qiymətləri endiyindən manatı qorumaq çətin olacaq. Devalvasiya gözlənildiyi kimi qiymətlərin sürətli qalxışına rəvac vermədi. Birincisi, ona görə ki, Azərbaycanda qiymətlər onsuz da bahadır, hansı qərbli diplomatla söhbət edirəmsə, eyni sözü deyirlər, “Azərbaycandakı qiymətlər Avropanın ən bahalı şəhərlərindən də yüksəkdir”.

Qiymətlərin sürətli qalxışına digər maneə məmurların sahibkarlara qadağası idi. Çünki, yayda Bakıda I Avropa Olimpiya Oyunları keçiriləcəkdi və ona görə əhalini narazı salmaq olmazdı. Ancaq indi baxıram ki, aldığım ərzaq məhsullarını qiyməti hər keçən gün artır. Bu prosesin gələn il də davam edəcəyini proqnozlaşdırıram. Neftin qiymətləri düşür, büdcə kəsiri artır, demək hökumətin növbəti devalvasiyaya getməkdən başqa alternativi qalmayıb. Sadəcə, əsas məsələ budur ki, devalvasiya bu ilin fevral ayında olduğu kimi birdən-birə 20-30 faiz olacaq, yoxsa iqtisadi ekspertlərin dediyi kimi üzən məzənnəyə keçəcəklər. Əslinə qalsa bunun vətəndaş üçün elə bir əhəmiyyəti yoxdur, çünki hər iki halda həyat şərtləri ağırlaşacaq”.

Politoloqun sözlərinə görə, 2015-c ilin digər ən yadda qalan hadisəsi Milli Təhlükəsizlik Nazirliyində aparılan təmizləmə əməliyyatı oldu: “Hamı nəqliyyat nazirinin vəzifədən azad olunmasını gözləyərkən, prezident milli təhlükəsizlik nazirini vəzifəsindən azad etdi və bəlli oldu ki, başda nazir olmaqla onunla əlaqədə olan bir qrup generalın etmədikləri cinayət qalmayıb. Dövlətimizin və millətimizin təhlükəsizliyinə cavabdeh olan qurum reketlə məşğul imiş. Adları çirkaba bulaşan generalların əməlləri nəticəsində MTN-nin imicini sağlamlaşdırmaq xeyli vaxt aparacaq. Nazir Eldar Mahmudov və general Akif Çovdarov kimilərdən qurtulmayana qədər bizi nə inkişaf, nə də tərəqqi gözləyir. Belələri siyasi və iqtisadi islahatlara əngəldirlər. Adi bir fakt deyim. Azərbaycan illərdir Ümumdünya Ticarət Təşkilatına üzv olmur, danışıqlar 20-ci ilinə qədəm qoyub. Halbuki, bütün qonuşalarımız bu qurumun üzvüdür. Bəs niyə rəsmi Bakı bu üzvlüyə yaşıl işıq yandırmır? Çünki, Azərbaycanı maraq dairəsinə bölən oliqarx-nazirlər Ümumdünya Ticarət Təşkilatının ticarətdə və gömrükdə şəffavlıq prinsipləri ilə çalışmaqdan qorxurlar. Onlar məhz qeyri-qanuni əldə etdikləri inhisarları sayəsində varlanıblar, əldə etdikləri kapitalı itirmək istəmirlər”.

Elxan Şahinoğlu bu il Dağlıq Qarabağ münaqişəsinin həllində də irəliləyiş olmadığın qeyd etdi: “Böyük dövlətlər əvvəlkitək Ermənistana təsir etmək istəmirlər ki, birincı addım kimi Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın. Rusiya-Türkiyə gərginliyi fonunda münaqişənin danışıqlar yoluyla həlli ümumiyyətlə mümkün görünmür. İlin başlanğıcından ortalarına qədər belə bir söz-səhbət gəzirdi ki, guya Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması üçün Ermənistan hakimiyyətinə təzyiq edəcək. Mən bu söz-söhbətə heç zaman inanmadım. Rusiya-Türkiyə gərginliyindən sonra isə bu söhbətlər ümumiyyətlə arxa plana keçdi. Kreml Türkiyənin Cənubi Qafqazdakı strateji müttəfiqi – Azərbaycan üçün addım atmayacaq”.

2015-ci ilin yekunları ilə bağlı musavat.com-a danışan Ərəstun Oruclu da bildirdi ki, 2015-ci il həm region, həm də ölkə üçün çox pessimist il oldu: “Əslində bu həm də gözlənilən idi. Elə proqnozlarda da göstərilirdi ki, 2015-ci ildən xüsusi bir irəliləyiş gözləməyə dəyməz. Artıq 2014-cü ilin sonundan başlayaraq, Azərbaycan üçün çox mühüm olan neftin qiyməti düşməyə başladı. Bu da artıq öz təsirlərini ölkə iqtisadiyyatında göstərməyə başlamışdı. 2015-ci il neftin qiymətindən qaynaqlanan bir çox dəyişikliklərlə yadda qaldı. İndiyədək qürurla milli valyutanın sabitliyi haqqında danışılan sözlər artıq tarxidə qaldı. Elə ilin əvvəlində manat devalvasiyaya uğradı. Bundan sonra ölkədə həm yoxsulluğun, həm işsizliyin səviyyəsi artmağa başladı. İqtisadi böhran dərinləşdi. İqtisadçı ekspertlər də illərboyu deyirdilər ki, Azərbaycan iqtisadiyyatı birmənalı olaraq neftdən asılıdır və neftin qiymətləri ucuzlaşarsa, bu, Azərbaycan iqtisadiyyatında çox neqativ şəkildə özünü göstərəcək və göstərdi də... Eyni zamanda bu il ölkədə ictimai-siyasi sferada müəyyən gərginlik müşahidə olundu. Amma həm müxalif düşərgə, həm vətəndaş cəmiyyəti, həm QHT-lərin fəaliyyətdən kənarlaşdırılmasından sonra ictimai-siyasi proseslərin mərkəzi hakimiyyətin daxilinə keçdi. Biz hakimiyyət daxilində ciddi gərginlik müşahidə etdik və o bu gün də davam edir. Ölkənin əsas nazirliklərindən olan MTN-lə bağlı geniş bir kompaniya aparıldı, vəzifədən azad edilənlər, ölkədən kənarlaşdırılanlar, həbs edilənlər oldu. Nazirliyin əksər əməkdaşları bu prosesə cəlb olundu. Bununla yanaşı Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və həmin nazirliyin bir neçə yüksək rütbəli rəsmisi həbs edildi. Əslində, demək olar ki, bu proseslər gələcəkdə də davam edəcək”.

Ə.Oruclunun sözlərinə görə, ümumilikdə 2015-ci il sosial–iqtisadi göstəricilər baxımından çox uğursuz bir il oldu: “Bu tənəzzül də istər-istəməz ictimai-siyasi proseslər təsir göstərdi. Biz may ayının 19-da böyük bir yanğının şahidi olduq. Yaşayış binasında yanğın və xeyli insanın həlak olması cəmiyyətdə çox neqativ reaksiyalar doğurdu. Binalara vurulan poliuretan üzlüklər söküldü. Bundan sonra bir çox gərginliklər də yaşandı.

Həmçinin Mingəçevirdə bir gəncin polis tərəfindən döyülərək, öldürülməsi əhalinin ayağa qalxmasına səbəb oldu. Şəhərə əlavə polis qüvvələri yeridildi. Bu da 2015-ci ilin arzuolunmaz hadisələrindən biri idi. Ən nəhayət, “Günəşli” yatağında baş verən yanğın və buna olan ictimai reaksiya hələ də davam etməkdədir.

Yəni, 2015-ci il ölkədə hakimiyyətlə xalq arasında uçurumun dərinləşdiyi, xalqın qəzəbinin artdığı bir il oldu. Bu, həm ən müxtəlif səviyyələrdə hakimiyyət rəsmilərinin insanlara münasibətindən, həm də sosial-iqtisadi böhranın fəsadlarından qaynaqlanır”.

“Bu il Azərbaycanın xarici siyasəti də uğursuz oldu” deyən Ə.Oruclu bildirdi ki, 2015-c ilin sonlarında artıq xarici siyasətin konturları dəyişməyə başlayıb: “Azərbaycan intensiv şəkildə Türkiyə ilə əməkdaşlığı qurmağa cəhd göstərir. Görünür, əvvəlcədən Rusiyaya yönəlik siyasi kurs özünü doğrultmadı. Belə qarışıq bir il oldu. Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansı irəliləyiş olmadı. Çox solğun, sönük, ən adi seçki standartlarından kənar şəkildə seçki keçirildi və parlament formalaşdırıldı və biz bu parlamentə “seçilmiş” deputatların ilkin fəaliyyətinin şahid olduq. Gəncədən olan deputatın Rəsulzadə haqqında yaramaz fikirləri cəmiyyətdə etiraz doğurdu. Bu il üçün ən başlıca amil isə Azərbaycanda hakimiyyətlə xalq arasındakı uçurumun sürətlə dərinləşməsi oldu. Ölkədə islahatlar başladılmadı. Bu gün də Vergilər Nazirliyi sahibkarları çökdürməklə məşğuldur. Bu gün də insanlar ölkəyə məhsul gətirə bilmirlər, Gömrük Komitəsi tərəfindən soyğunçuluğa məruz qalırlar. İlin son günlərində neftin yenidən ucuzlaşması dalğası onu göstərir ki, biz pessimist bir göstərici ilə 2016-cı ilə qədəm qoyuruq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net