![Ölən və xəsarət alan neftçilərin kompensasiyası: Qanun nə deyir? Ölən və xəsarət alan neftçilərin kompensasiyası: Qanun nə deyir?](/uploads/posts/2015-12/1449660642_v.jpg)
SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə, o cümlədən, “Neft Daşları”nda baş vermiş bədbəxt hadisədə dünyasını dəyişən, xəsarət alan neftçilərə ödəniləcək kompensasiyaların həcmi açıqlanıb. Nazir Səlim Müslümovun rəqəmlər açıqlaması ortaya bir sual çıxarır. Əslində, qanunla necə olmalıdır? İş zamanı həyatını itirən və həmçinin xəsarət alan neftçilərin ailələri hansı məbləğdə kompensasiya ilə təmin olunmalıdır?
Qeyd edək ki, əksər hüquqşünaslar bu açıqlanan rəqəmləri tələsik hesab edirlər və bildirirlər ki, nazirin açıqladığı 80-140 min manatlıq vəd reallığa uyğun deyil. Onların fikrincə, birdəfəlik müavinət neftçilərin əmək haqqından asılı olaraq, təxminən yüz min manat civarında olmalıdır. Üstəlik, ortada xeyli başqa ödəniləcək məbləğlər də var. Ekspertlər nazirin bu rəqəmi açıqlamasını qanunvericilikdə nəzərdə tutulan digər kompensasiyaları ört-basdır etmək cəhdləri kimi qiymətləndirirlər.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məsələ ilə bağlı musavat.com-a bildirib ki, bütün bu hallar Əmək Məcəlləsində konkret şəkildə göstərilib. Həmçinin Nazirlər Kabinetinin bir neçə qərarında bu barədə dəqiqliklə izah verilib: “Bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işçilərin icbari sığortası var. Bu qanuna, eyni zamanda Əmək Məcəlləsinə uyğun Nazirlər Kabinetinin bir neçə qərarı var. Vəfat edən işçilərin ailəsində 18 yaşı tamam olmamış və 23 yaşınacan ali məktəbdə təhsil alan uşaqlar varsa, eyni zamanda, əlil olan ailə üzvləri varsa, orta əmək haqqının yüz faizinə yaxın məbləğdə aylıq sığorta pulu alacaqlar. Eyni zamanda, sonrakı beş il müddətinə əlillik qrupu alan ailə üzvləri olarsa, kompensasiya onlara da şamil ediləcək. Xəsarət alanlar isə təyin olunacaq əlillik dərəcəsinə uyğun olaraq, müavinət alacaqlar. Bu, onların əmək haqqından da asılı olacaq. Hər bir işçi sığortalanır. Vəfat edənlərin vərəsələrinə birdəfəlik ödənc ödənir. Tibbi müayinə ilə bağlı deyə bilərəm ki, bütün tibbi xidmətlər sığortanın hesabına ödəniləcək. Eyni zamanda, vəfat edənlərin ailəsinə Əmək Məcəlləsi ilə üç aylıq əmək haqqı həcmində müavinət də ödəniləcək. Yəni bunlar mütləq olmalıdır”.
Qeyd edək ki, neftçilərə ödəniləcək kompensasiyaların həcmi açıqlanıb. Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib ki, 3 azyaşlı uşağı, yaşı 30-35 arası olanlara, əmək haqqı 600-650 manat olan dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək: “Təbii ki, bu rəqəm neftçinin əmək haqqından, iş stajından, ailə üzvlərinin sayından asılı olaraq, 140 min manata qədər çata bilər. Bütün bunlar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunla tənzimlənir”.
Nazir qeyd edib ki, xəsarət alan neftçilərə əlillik dərəcəsi təyin olunacaq: “Məsələn, təxliyyə olunan neftçilərdən biri Mərkəzi Neftçilər Xəstəxanasından 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Məlum olub ki, həmin neftçinin yanıq dərəcəsi 60 faizdir. Həmin neftçiyə I dərəcəli əlillik təyin olunacaq”.
S.Müslümov qeyd edib ki, araşdırmalar zamanı məlum olub ki, 66 neftçinin hər biri əmək müqaviləsi ilə çalışıb.
Son olaraq isə, ölən və itkin düşən neftçilərn kredit borcları bank tərəfindən bağışlanıb. “Bank of Baku”dan bildirilib ki, yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, sayı 11 olmaqla, bankın daimi müştəriləri də var.
Bank faciə nəticəsində həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanması qərarını qəbul edib.