“Məhkəmə 81 nəfərin hüquqlarını əsas götürəcək”
Tarix: 9-12-2015, 14:53 | Çap et
“Məhkəmə 81 nəfərin hüquqlarını əsas götürəcək”
81 nəfərin ümumilikdə 38 milyon manatdan çox pulunu mənimsəyən “Texnikabank”ın Bakı filialının rəhbəri Zal Yusifovun işi üzrə məhkəmənin vaxtı açıqlanıb. Proses Bakı Apelyasiya Məhkəməsində keçiriləcək. İş hakim Əmir Bayramovun icraatına verilib və ilk iclas dekabrın 15-nə təyin edilib.

Prosesin başlanmasına səbəb Zal Yusifovun atası Zakir Yusifovun iddia qaldırması olub. Zakir Yusifov iddia edib ki, məhkəmənin qərarı ilə müsadirə olunan əmlaklar oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. Bu iddia ilə Ali Məhkəməyə müraciət edən Zakir Yusifov növbəti dəfə işin yenidən apelyasiya instansıyasında araşdırılmasına nail olub.

Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunan Zal Yusifov istər istintaq dövründə, istərsə də məhkəmə araşdırması zamanı əmlakların özünə məxsus olduğunu bildirib. Buna görə də istintaq orqanı həmin əmlakın üzərinə həbs qoyulması barədə qərar qəbul edib, Ağır Cinayətlər Məhkəməsi də həmin əmlakların müsadirə olunmasına qərar verib.

Vəkillər Kollegiyasının üzvü Aqil Layıcov “Gündəlik Teleqraf”a açıqlamasında bildirib ki, Zal Yusifovun əməlləri cinayət işi üzrə tam sübuta yetirilib. Hüquqşünas bildirib ki, hazırda işin mülki hissəsi araşdırılır. Onun sözlərinə görə, iş üzrə dəymiş maddi ziyan var, həmin ziyan da ödənilməlidir.

Bundan əvvəl işin iki dəfə Ali Məhkəmə tərəfindən apelyasiya instansiyasına qaytarılmasına diqqət yetirən hüquqşünas bildirib ki, Bakı Apelyasiya Məhkəməsində iş yenidən araşdırılacaq:

“Ümid edirəm ki, bu dəfə də məhkəmə 81 nəfərin hüquqlarını əsas götürəcək və Zakir Yusifovun şikayətini təmin etməyəcək. Belə olan halda növbəti dəfə Ali Məhkəməyə müraciət edilsə belə, iş geri qaytarılmayacaq. Bir işə görə nə qədər məhkəmədə eyni məsələ araşdırıla bilər?”

axar.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net