![Kasıbların borcu batacaq? Kasıbların borcu batacaq?](/uploads/posts/2015-12/1449571025_v.jpg)
Yeni ildən qüvvəyə minəcək “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib. Məhkəmə və icraçılar banka borcunu ödəyə bilməyən vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta biləcək.
Virtualaz.org saytı xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov bildirib.
Vəkilin sözlərinə görə, yaşayış minimumdan aşağı məbləğdən borc kimi tutula bilməz: “Məsələn, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır. Deməli, vətəndaşın əmək haqqısı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər. Əgər əməkhaqqı 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər. Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır. Ona görə də vətəndaş aylıq gəlirini göstərməlidir”.
Ə.Həsənov onu da qeyd edib ki, dövlət yaşayış minimunu müəyyən etməklə vətəndaşı qoruyur.
Xatırladaq ki, hazırda yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğindədir.