"Mən yalnız hörməti qoruyub-saxlamaq məqsədilə Sabirabadda səhnəyə çıxmadım"
Tarix: 8-12-2015, 10:19 | Çap et
"Mən yalnız hörməti qoruyub-saxlamaq məqsədilə Sabirabadda səhnəyə çıxmadım"
Təqdimatlarımızın müxtəlifliyi təbiidi. Qonaqlarımızın peşəsi, cəmiyyətdəki yeri, mövqeyi, hətta cinsinə görə... Bu dəfə gender bərabərliyinə əsaslanaraq istedadlı aktrisa, öz sənətində sözünü demiş xalq artisti Amaliya xanım Pənahova ilə həmsöhbət olduq. Bir az sənətdən, bir az mənəviyyatdan, bir az ailə-sənət vəhdətindən danışdıq. Mümkün qədər çalışdıq ki, söhbətimiz ucuzluğa yuvarlanıb SANBALINI itirməsin.
Beləliklə, Modern.az saytının “Sanballı qonaq” layihəsində Amaliya Pənahova ilə söhbəti təqdim edirik.

Ənənəvi tanışlıq:

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.

1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Bu obrazlar qalereyasının sırasında Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları xüsusilə qeyd etmək vacibdir.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülən müsahibimiz teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə 1974-cü ildə respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in xalq artisti fəxri adı alıb.

1982-ci ildə “İlin aktrisası” elan edilən Amaliya Pənahova 1998-ci ildə türk dünyasının birinci kino festivalında altı populyar aktyor sırasına adını həkk etdirə bilib.

Aktrisa həmçinin rejissor kimi də özünü sınayaraq 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya teatrı tamaşasına quruluş verib ki, onların çoxu hazırda Qızıl Fondda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. tamaşaları xüsusi qeyd etmək olar.

2000-2005-ci illərdə Milli Məclisin deputatı, sosial-siyasət daimi komissiyasının üzvü, İtaliya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri olub.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenləri, Türksoyun “Haldun taner” medalı, BMT-nin Qızıl Ordeni və Avropanın Elm Mədəniyyət xadimi diplomlarına layiq görülüb. Bir neçə kitabın müəllifi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, 1992-ci ildən Bakı Bələdiyyə Teatrının rəhbəri, prezident təqaüdçüsüdür.

Müjdəli doğum tarixi

- 1945-ci ildə doğulmusuz...

- Qadının yaşını deməyə ehtiyac var?

- Mən başqa şey deyirəm. Sizin doğumunuzu müjdə hesab eləmək olar?

- Hə. Qələbə mənasında. Yəqin ki. Elə adımın mənası da qələbə, mübarizlik kimi yozulur. Bu il iyun ayında dövlət yubileyimi keçirtdi.

- Çox gözəl. Təbrik edirəm. Deməli gizləməyə lüzum da yox imiş. Titullarınızı, sənətdə qoyduğunuz izləri nəzərdən keçirəndə elə müjdə hesab etmək olar Amaliya xanımın dünyaya gəlişini...

- Bəlkə də hə. Amma çəkdiyim əziyyətlərin, sərf etdiyim əməyin nəticəsi kimi də qəbul etmək olar əldə etdiklərimi. Bütün hallarda mən həyatda qazandıqlarımla fəxr edirəm.

- Qadın, teatr, kino, ailə... Bunların arasında rabitə, yoxsa ziddiyyətlər görünür?

- Yox ziddiyyət deməzdim. Çətinliklər sözsüz ki, var. Amma sevdiyin ailədə yaşayıb sevdiyin sənətlə məşğul olursansa, bu çətinliklər sənə yalnız sevinc gətirir. Bu baxımdan mən ziddiyyətlər görmədim. Çətinliklərsə var. Bunlar övlad böyüdə-böyüdə repertuarımdakı 15 tamaşanın 13-də baş rolda çıxış edərkən özünü daha qabarıq göstərirdi. Gündəlik məşqlər, filmlərə çəkilişlər, televiziya tamaşalarında çıxışlar, bununçün də məşqlər və sairə. Rəhmətlik həyat yoldaşım da radio verilişlərinin aparıcısı, xalq artisti idi - Yusif Muxtarov.

- Rəhmətlik Yusif Muxtarovu tanıyırdım AzTV-dən.

- Biz düz 45 il bərabər yaşadıq. Bu illər ərzində sevincli günlər yaşadıq. Sözsüz ki, gündəlik qayğılar, problemlər də var idi.

- Mentalitetdən irəli gələn problemlər baş qaldırmırdı ki?

- Sözsüz çətin idi. Təsəvvür edin ki, həyat yoldaşım Sabirabad rayonundan idi. Ora da dindar bir bölgədi. Amma buna baxmayaraq, mən bir dəfə də nə qaynanam, nə də digərləri tərəfindən hər hansı qınaqla qarşılandım. Böyük-kiçiklik var idi o ailədə, oralarda. Hətta mentalitetimizdən gələn nə isə səslənəndə də, onun qarşısını özləri alırdılar.

- Onlar özləri gəlinləri aktyor olduğuna görə qınağa rast gəlirdilər? Yəqin olubsa, eşitməmiş olmazsınız...

- Deməzdim. Mənə hər halda çatmamışdı. Nə qınaq ola bilərdi ki?

- Məsələn, müsahibələrinizdən birində söyləmisiz ki, heç vaxt Sabirabada qastrola getməmisiz...

- Bəli demişəm. Amma ona görə yox ki, mənə yasaq qoymuşdular. Ona görə ki, mən o hörməti – mentalitetdən gələn hörməti saxlayırdım.

- Amma sənət sənətdi. Onu elə Sabirabadda da nümayiş etdirmək olar...

- Razıyam. Sənət hər yerdə sənətdi. Amma yenə də deyirəm ki, mən yalnız hörməti qoruyub-saxlamaq məqsədilə Sabirabadda səhnəyə çıxmadım.

Bayrağa çevrilmiş “Babək”

- Amaliya xanım, Uzaq Şərqdə - Xabarovsk vilayətində əsgərliyə başladığımız ikinci həftənin şənbə axşamı bizə “Babək” filmini nümayiş etdirdilər. Bu, özlüyündə o dövr üçün maraqlı fakt idi bizdən ötrü. Dünyanın o başında bu film bizi bir az darıxdırdı, bir az sevindirdi, o dövrün düşüncəsi prizmasından filmə müxtəlif millətlərin əhatəsində tamaşa etdiyimizdən bir az qısqandırdı da. Amma bütün hallarda bu tarixi mövzunun uğurlu kino variantı ilə fəxr etdik, başqa sözlə yerimizdən titrətdi bizi film o zaman. Bu uğura necə nail oldu heyətiniz?

- “Babək” çox gözəl filmdir. Bu film artıq demək olar ki, bir bayrağa çevrilib. Bütün bayramlar, digər tədbirlər zamanı mütəmadi nümayiş etdirilməsi belə deməyə əsas verir. O filmə qədərsə mən artıq xeyli filmə çəkilmişdim. Artıq çoxlu tamaşalarım da vardı. Ona görə bu filmə çəkilmək mənə ciddi problem yaratmadı. Bir çox aktrisalar sınaqdan keçmədilər. Ən sonuncu mən dəvət olunmuşdum. Sınaqda təsdiqləndim.

- Çox məsuliyyət tələb edən tarixi filmdi “Babək”...

- Tarixi filmdi. Mən ümumiyyətlə bir sıra tarixi filmlərə çəkilmişəm. “Mahnı dağlarda qaldı” tamaşasının film variantına, Əjdər İbrahimovun “Qəribə adam” filminə, “Qərib cinlər diyarında” mövzusu nağıldan götürülmüş filmə çəkilmişəm. Mən ümumiyyətlə rəngarəngliyi xoşlayıram. Yeri gəlmişkən, “Babək”dən sonra “Arxadan vurulan zərbə” filmindəki Ziba roluna çəkilmişəm. Bu artıq tamam fərqli bir şey idi. Həm yaradıcılıq baxımından mənim üçün bir yenilik idi, həm də tamaşaçıları bezdirməsin deyə maraqlı idi.



Bələdiyyəmizdən yaşlı “Bələdiyyə teatrı”

- Bələdiyyə teatrı ideyası necə yarandı? Yəqin Türkiyədə belə bir variantla rastlaşmısız...

- Bilirsiniz, yəqin xatırlayarsız ki, ötən əsrin 90-cı illərinin əvvəllərində teatrlar təmir adıyla bağlanırdı. Maliyyə çatışmazlığı-filan. Mən isə bu dövrdə bölgələrə can atırdım. Lakin əlimdə belə bir ixtiyar yox idi ki, təkbaşına və ya aktyorları götürüb gedim bölgələrimizə, tamaşalar göstərim. 1990-cı ilin əvvəlində İstanbula qastrol səfərinə getdik. Gördük ki, İstanbulda bir neçə bələdiyyə teatrı var. O teatrların başında Gəncey adlı bir xanım dururdu. Səkkiz bələdiyyə teatrının rəhbəri idi. Biz burada birinci dəfə bələdiyyə sözünü eşitdik.

- Onda bizdə hələ bələdiyyə anlayışı da yox idi...

- Yox idi. Söhbət 90-cı illərin əvvəlindən gedir. Bələdiyyələr çox sonralar yarandı.

- 1999-cu ildə olub ilk bələdiyyə seçkiləri...

- Hə. Bələdiyyə sözünü ilk dəfə biz gətirdik Azərbaycana. Mən təklif elədim ki, bu teatr Bələdiyyə Teatrı adlansın. Yəni Akademik Milli Teatrı kimi, M.F. Axundov adına teatr kimi və s. Sonra biz gəlib Almaniyaya qastrola getdik. Bu zaman artıq məndə o fikir yaranırdı ki, teatrı açım. Orda bələdiyyə teatrlarının başqa-başqa adları vardı. Mən isə birbaşa Bələdiyyə teatrı adlandırdım. İndi bizdə də bələdiyyələr mövcuddur. Amma bu teatr bələdiyyələrə daxil deyil.

Həm də bu dövrdə mənimlə müdriyyət arasında qarşıdurna yaranmışdı. Mən hara getməyə, nəsə iş görməyə can atanda onlar qarşısını alırdılar. Nəhayət qərarımı verdim ki, teatrı açım. Beləcə fəaliyyətə başlagım. 1997-ci ildə mərhum prezident Heydər Əliyev fərmanla bizə status verdi. Bu isə bizim məvaciblərimizin artmasına, vəziyyətimizin yaxşılaşmasına səbəb oldu. Teatrın on illiyində isə artıq kollektivin 23 üzvünə fəxri adlar verildi.

- Amaliya xanım, Türkiyədə - İstanbulda bələdiyyə bizim yerli özünüidarəetmə qurumlarından güclü təşkilatdır. Yəqin orda bələdiyyə teatrların maliyyə məsələlərini də həll edir...

- Sözsüz. Ola bilsin bizim bələdiyyələr də varlananda bu teatrın problemlərini qarşılayarlar.

- Siz strateji baxımdan düzgün qərar qəbul etmisiniz. Amma məsələn, daha böyük, imkanlı bir Bakı bələdiyyəsi təşkil olunsaydı, o teatrı da güclü himayə edə bilərdi.

- Bəli. O zaman istər-istəməz teatr da onun nəzdində olacaqdı. Çünki bu Bakı Bələdiyyə Teatrı adlanır.

- Dövlətdən əmək haqqı alırsınız?

- Bəli. Bütün teatrlar kimi.

- Dövlət bütün xərclərinizi qarşılayır?

- Yalnız məvacib alırıq. Yəni yarı təsərrüfat hesabına fəaliyyət göstəririk.

- İnşallah Bakının böyük bələdiyyəsi yaradılarsa, bu daha yaxşı olar teatr üçün. Siz bu ideyanı qabaqlamısız.

- Bəli.

Teatrdan Həsən Turabova görə getsəm də...

- “Şöhrət”, “Şərəf” ordenli aktrisa yalnız sizsiniz deyəsən. Bu sırada daha kimləri görmək istəyərdiniz?

- Yox, başqaları da alıblar.

- Daha kimləri görmək istərdiniz?

- Var layiq olanlar.

- Ad çəkməyəcəksiniz?

- Xeyr. Mənim buna ixtiyarım çatmır.

- Amaliya xanım, rəhmətlik Həsən Turabov sizin Milli Dram Teatrından uzaqlaşmağınıza səbəb olub. Bunu özünüz demisiz. Təəssüf ki, biz indi birtərəfli mövqe öyrənə bilərik...

- Mən bu suala öncədən – teatrdan getməyimi söyləyərkən cavab verdim.

- Bilirsiniz, daxili mətbəxdə nələrin baş verməyindən asılı olmayaraq, biz tamaşaçı kimi böyük sənətkarların arasında daxildə baş verən təlatümlər səbəbindən hansısa sənət uğurlarında geriləmənin acı nəticələrini görürük. Bu intriqalar böyük mənada mədəniyyətimizin inkişafına zərər vurur...

- Mən o dövrdə getmişəm. Müdir də Turabov idi. Ona görə getdim, amma onun adını heç yerdə çəkməmişəm. Teatr yarandığı gündən biz cəbhə bölgələrinə getdik. Dekabrın 27-də ilk pərdəmiz “Medey”a əsəri ilə açıldı. Üç aydan sonra – qışın oğlan çağında biz artıq “Tomris” tamaşasıyla Qazax bölgəsindəydik. Bundan sonra sərasər on il döyüş bölgələrinə səfər etdik. Müdafiə Nazirliyinin sərəncamı da var ki, bizi o bölgələrə buraxsınlar.

Eləcə də paralel olaraq xarici ölkələrə səfərlərimiz baş tutdu. Türkiyəni qarış-qarış gəzdik. PKK-nın tüğyan etdiyi dövr idi. Bizi əmniyyət müşayiət edirdi. Çünki biz tamaşalarımızda türk xalqlarını birliyə səsləyirdik. Mənə o mükafat elə-belə verilməyib ki. Ümumiyyətlə, teatrın repertuarı vətənpərvərlik mövzuları ilə zəngindir. Tarixi mövzular – Tomris, Nadir şah, Ölülər, Dəli Domrul və s...

Yenilik həmişə ifrata varıb

- Amaliya xanım, teatr və kino. İstəmirəm aktyorları bu sualla belə bir dilemma qarşısında qoyam. Amma mən kinonu daha çox sevirəm. Həyat həqiqətlərinə daha yaxın görürəm kinonu...

- Ola bilsin siz teatra az-az gedirsiniz. Ona görə teatrdan kinonu daha üstün tutursunuz. Əslində teatrın canlı ünsiyyət baxımından daha böyük rolu var. Yəni, həyatda və ya kimoda deyə bilmədiyin sözləri teatrda daha yaxşı söyləyə bilirsən. Bu baxımdan teatrın önəmi daha çoxdur. Ona görə də bizim əksər şair və yazıçılarımız dramaturgiyaya meyl ediblər. Onların içərisində Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev,Anar, Əkrəm Əylisli və digər çoxlu yazarlarımız var. Əslində mən fərq qoya bilmirəm. İkisi də önəmlidir. İndi internet yaranıb. O da informasiya, eləcə də təqdimat baxımından önəmlidi. Əfsuslar olsun ki, gənclərimiz internetdən də lazımi istiqamətdə yararlanmırlar...

- Yəqin yenidi, ona görə. Bir az keçər, o da adiləşər...

- Ola bilər. Bax indi internet televiziyalar da yaradılır. Onlar məlumatın genişliyindən, çoxluğundan faydalanmaq üçün yaranır.

- İnternet yaxşı məlumat bazasıdı. Amma orada kitab oxumaq-filan insanın gözünə də ziyandı, özü də yorucudu. İndi Avropa ölkələrində kitabsevərlər artıq kitaba qayıdıblar internetdən.

- Belə də olmalıdı. Yenilik həmişə ifrata varıb. Bir şey deyim. Bizim məktəblər Boloniya sisteminə keçəndə mən bu addımı bir qədər etirazla qarşıladım. Çünki düşünürəm ki, bizim şüurumuz o dərəcəyə gəlib çatmayıb ki, özümüz oturub mütaliə edək, savadımızı artıraq, gedək imtahan verək. Bu düşündüklərim özünü doğrultdu da tələbələrin dərsə münasibətində. İndi əksəriyyət razılaşır ki, insanın dünyagörüşünün artırılması üçün məcburi təhsil mütləqdi.

- Təhsil və təhsilin səviyyəsi... Biz artıq bunun altını çəkirik.

- Sözsüz. Bu hələ başlanğıcdı. Hələ on ildən sonra nələr baş verəcək bu anlamda.



Günah işlədə bilməzdim

- İincəsənətin iki vurğununun ailəsində böyüyən övladlar bu yolu seçmədi. Burda bir ziddiyyət görünür. Özünüz təlqin etmədinizmi? Adətən, övladlar valideynlərin sənətini davam etməkdə israrlı görünürlər...

- Mən sizə deyim ki, özlərinin meyli olmadı. Oğlum diplomatiyanı seçdi. İndi Azərbaycanın Meksikadakı səfirdi.

- Bilirəm.

- O bu işdə qabaqcıl, vətənpərvər, Vətənə sırf bağlı olan bir diplomatdı. Mənimçün də bu əsasdır ki, biz övladlarımızı milli ruhda, vətənpərvər böyüdə bilmişik. O da ailədən gəlir. Ailədəki davranış uşaqlara da sirayət edir. Qaldı sənət məsələsinə, sənəti əgər onlar təkid etsəydilər mane olmazdım. Mənim valideynlərim mənim bu istəyimə qarşı çıxırdılar hətta. Amma sənətə xüsusi istəyim, sevgim məni bu sənətə gətirdi. Onlarda da o istək olsaydı, onlar da o yola gedərdilər. İndi kiçik nəvəmin istəyi var. Amma istəyirəm öncə o bir sənət sahibi olsun, sonra bu sənətə gəlsin. Bilirsiz niyə? Tamaşaçı çox amansızdı. İllərlə sevir, sevir, amma bir anda unuda bilir. Ya dəbdən düşür, ya da sadəcə aktyorda nəsə xoşuna gəlməyən bir cəhət görən kimi əməlli-başlı unudur öz sənətkarını. Bu dəhşətdi. Bir çox sənətkarlarımız bu taleyi yaşadı. Yəni artistin, aktyorun asılı olması çox dəhşətlidir. O özü-özünə sahib deyil. O rejissordan asılıdı, o dramaturqdan asılıdı, müdriyyətdən asılıdı. Onlar nəyisə xoşlamayan kimi səni sevdiyin işdən kənarlaşdırırlar. Gərək o dərəcədə istedad olasan ki, sənə daim ehtiyac olsun. Mənim xoşbəxtliyim ondaydı ki, mənə birinci gündən tələbat oldu. Həm dramaturqların, həm rejissorların, həm tamaşaçıların. 50 il keçməyinə baxmayaraq, mənə bu gün də ehtiyac var. Buna ümumən bir çox məsələlər səbəb olur: işə münasibət, istedad, davranış, yaratdığın obrazlar və s.

- Bəlkə maddi tərəfi də uzaqlaşdırdı onları bu sənətdən?

- Maddi tərəfi deməzdim. Oğlum dövlət qulluğundadı. Heç orda da yüksək maddiyyat yoxdur.

- İstəsəydilər mane olmazdınız?

- Əlbəttə yox. Mən onlarda sevgi və istedad görsəydim heç vaxt mane olmazdım. Mən günah işlədə bilməzdim.

Obrazlarda yaşayan ürək çırpıntıları

- Bəs o biri övladlarınız – yaratdığınız obrazları nəzərdə tuturam, onlardan hansı sizə daha doğma, əzizdi?

- Övladı da ayırmaq olur bir-birindən?

- Olur Amalya xanım. Məsələn, biri zəif olur, onu daha çox istəyir, qayğısını daha çox çəkməli olur valideyn...

- Yox, deməzdim elə. Övlad övladdı. Birinə daha çox qayğı göstərə bilərsən. Sevgi isə hamısına eynidi. Qaldı onlara da zəhmət çəkmişəm, vaxt ayırmışam. Onlarda da mənim ürəyimin döyüntüsü, çırpıntısı yaşayır. Bir də ki, mən indiyədək ürəyim istəməyən rolda çıxış etməmişəm. Ona görə onlar hamısı mənə əzizdi.

- Necə seçirdiniz ürəyiniz istəyən rolu? Ssenarini alıb oxuyub seçirdiniz?

- Hər halda, müəyyən tanışlıq olurdu. Deyim ki, olmayıb mənə ürəyim istəməyən, öhdəsindən gələ bilmədiyim, yaxud zəif bir rol tapşırılsın. Deyirlər, obrazın böyük-kiçiyi yoxdu, sənətkarın böyük-kiçiyi var. Bunu mən deməmişəm, onu deyənlər deyiblər.

Kino sənətini gözdən salan seriallar

- Amaliya xanım, mənə elə gəlir ki, indi bir növ dəbə düşmüş seriallar kinonu hələ yumşaq desək, gözdən saldı. Əsasən də gərəksiz, bəsit mövzuların, qeyri-ciddi davranışların təbliği ilə...

- Doğru yanaşırsınız. İndi sevinirəm ki, bu məsələylə bağlı artıq təbil vuruldu. Mən düşünürəm ki, hər işin başlanğıcında səhvlər olduğu kimi, serial çəkilişləri də bizimçün yeniliyinə görə bu səhvlərdən sığortalana bilmədi. Ümid edək ki, bundan sonra serial çəkənlər də onun sanbalı barədə düşünərlər. Amma ictimaiyyət də gərək öz sözünü desin, münasibətini bildirsin. Sorğular, media, sosial şəbəkələr vasitəsilə. Amma sorğular da çox zaman televiziyalarımızdakı bayağı verilişlərə daha çox üstünlük verildiyini təsdiqləyir...

- Buna münasibət bildirmək həm də və daha çox sizlərin – peşəkarların borcudu...

- Bizə ehtiyacları olsa daha çox bizləri dəvət edərlər: peşəkarları... bu işin bilicilərini. O qurumların başında duranlar onu görmürlərsə, eləmək istəmirlərsə, biz öz sözümüzü necə deyə bilərik. Bax siz soruşursunuz, deyirəm. Biz gedib onların qapısını döyməliyik? Çağırmırlarsa, soruşmurlarsa, deməli bizə ehtiyacları yoxdu. Peşəkarlara və peşəkar sözə, peşəkar sənətə ehtiyacları yoxdu. Çağırılmadan, soruşulmadan deyəndə də, deyirlər ki, bunu paxıllıqdan edirik. Biz öz sözümüzü deyən insanlarıq.

- Siz öz sözünüzü sənətinizdə demisiniz. İndi artıq ziyalı kimi deməyə, danışmağa, qınamağa ehtiyac yaranıb...

- Yox, təkcə sənətdə yox. Mən beş il millət vəkili olmuşam. Bu beş ildə hər dəfə mənəviyyatdan, teatrdan, mədəniyyətin problemlərindən danışdım. Teatr haqqında, kino haqqında qanunların qəbulu üzərində işlədim. Təkliflərimin qəbul ediləni də, edilməyəni də oldu.

Mədəniyyətin indiki durumu ilə bağlısa təkcə mənim yox, yazıçı Anarın, Çingiz Abdullayevin də dediklərinə qulaq asmadılar.

- Yəni, bu dövrün tələbidir onda...

- Deyə bilmərəm. Bəlkə də gözləyirlər ki, dövlət tərəfindən əmr olunsun, yumruq göstərilsin ki, onlar da bir məsuliyyət hiss eləsinlər. Bu məsələyə dövlət qarışanda da başqa avazlar meydana çıxır: senzura yarandı, demokratiya boğuldu və sairə.

- Hər halda müqayisə aparmaq olar. Ən azı o senzuralı Sovet dövründə çəkilmiş filmlərin ssenarisin, səviyyəsin ortaya qoyub müqayisə aparmaq olar ki, hər şey güzgüdə görünsün. Bunu qaydaya salmaq üçün düşünürsən ki, bəlkə bədii şuraya, ya hansısa başqa bir təşkilata ehtiyac var. Amma bəzən bədbinləşirsən ki, bədii şura üzvlərinin də öz marağı olacaq...

- Yox, olacaq. Bir yol tapılacaq. Ona da zaman gərəkdir. Bir baxın televiziyalarımız o şit, bayağı şouları yığışdırır yavaş-yavaş. Artıq tamaşaçı gözü doydu və bezdi bu verilişlərdən. İndi fikir verirsən ki, hətta bir neçə il öncə bizləri narahat edən qüsurları belə görməyə başlayıblar.



Hüseynbala Mirələmovun əsərləri diqqətimi çəkir

- İndi nə üzərində işləyirsiz?

- İndi teatrımız işləyir. Mənim haqqımda sənədli film üzərində işimiz gedir. Biz 25 illiyimizə hazırlaşırıq. Amay adlı prodakşnım var. İki filmə çəkilirəm. Teatrımız yeni tamaşalar hazırlayır, köhnə tamaşalarımızı təqdim edirik tamaşaçılara.

- Hansı filmlərə çəkilirsiz? Mən son vaxtlar sizin kimi sənət adamlarının adına layiq ciddi bir iş görmürəm...

- Yox, ciddi deyəndə onlar hələ nümayiş olunmur. Hələ iş prosesindədir.

- Mövzuları nədir? Bilmək maraqlıdır...

- Mövzuları. Türkçülükdən bəhs edən “Şaman” filmi. Bunu Aqil M. Quliyev çəkir. Burda Şaman rolunda çıxış edirəm. Daha iki film də var ki, onun üzərində hələ iş gedir. Onları hələ açıqlamaq istəmirəm. Çəkiləndə məlumat verəcəyik.

- Bunların çəkilişi dövlət xətti ilə maliyyələşəcək?

- Yox. Dövlət xətti deyil. Bunu prodakşn çəkir.

- Bəs kinostudiyada çəkilişlər getmir?

- Mənim haqqımda sənədli film kinostudiyada çəkilir.

- Ümumiyyətlə orda başqa filmlər çəkilmir?

- Çəkilir, niyə çəkilmir.

- Sizə dəvət yoxdu?

- Mən bilmirəm. Dəvət yoxdu. Amma iş gedir orda. İndi ora bir neçə gənc rejissorlar dəvət olunub. O rejissorlar bir çox festivallardan diplomlarla qayıdıblar. Onların işləri təqdirəlayiqdir. Bu baxımdan yeniləşmə gedir.

- Amaliya xanım, biz tamaşaçı olaraq bayaq dediyim o senzuralı dövrdə çəkilən “Arxadan vurulan zərbə”, “Axırıncı aşırım” kimi filmlərin çəkilib ortaya çıxarıldığını görmürük. Bu bizi çox məyus edir...

- Çəkilər yəqin. Hər halda, gərək belə mövzular ilk növbədə rejissoru maraqlandırsın. Görünür, hələ belə mövzular “Arxadan vurulan zərbə”, “Axırıncı aşırım” kimi filmlərin mövzuları maraqlı deyil onlara. Amma müəyyən filmlər də çəkilir. Bir qədər tamaşaçı passivliyi də var. Kinoteatrlara tamaşaçı axını da yoxdu. Gərək gedib baxsınlar və pisi-pis, yaxşını-yaxşı qiymətləndirsinlər.

- Dramaturqlardan necə, razısız? Uzun müddət İlyas Əfəndiyevin yazdığı rolları ifa etmisiz. Var indi İlyas Əfəndiyev kimi dramaturqlar?

- Var. Mən bu yaxında Hüseynbala Mirələmovun əsərlərini oxudum, çox bəyəndim. Heyfsiləndim ki, niyə öncədən tanış olmamışam onun yaradıcılığı ilə.

- Qarabağ mövzusundaydı?

- Qarabağla bağlı da var, digər mövzuları da var ki, diqqətimi xüsusilə çəkdi. Eyni zamanda ümidverici gənclərimiz də var.

- Vaxtilə demisiz ki, İlyas Əfəndiyev bir çox obrazları məhz sizin ifa edəcəyinizi nəzərə alaraq yazıb. Bu mənada, indi də belə dramaturqlar varmı?

- Gərək bu suala onlar özləri cavab versinlər. Gərək onlar özləri maraqlansın və müəyyənləşdirsinlər bütün bunları. İndiki halda, deməli, bir o qədər fərqinə varıb maraqlanmırlar ki, belələri yoxdur.

- Yəqin ki, bu pessimizm çox davam etməz...

- Yox, yox, mən qətiyyən pessimist deyiləm. Hər halda, xalqımız da, gənclərimiz də istedadlıdır. Sadəcə sənətdə onların qayğılarını qarşılayacaq maliyyə yoxdu deyə, bir qədər uzaq düşürlər, bir qədər də üzdən gedirlər.

- Aydındı. Təşəkkür edirəm “Sanballı qonaq” layihəsində iştirakınıza görə. Həm də layihəmizdə ilk xanım müsahib olduğunuza görə.

- Siz də sağ olun.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net