“Düşünürlər ki, aşı süzən də, yeyən də, sonda əhsən deyən də bir təşkilatdan olmalıdır”
Tarix: 7-12-2015, 12:42 | Çap et
“Düşünürlər ki, aşı süzən də, yeyən də, sonda əhsən deyən də bir təşkilatdan olmalıdır”
“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə yaradılmış Təşkilat Komitəsinə və daxil olan sənədlərin ekspertizasını aparacaq işçi qrupunun tərkibinə, həmçinin Akkreditasiya komissiyalarının tərkibinə təhsil ekspertləri və QHT nümayəndələrinin adları salınmayıb.

Məsələyə münasibət bildirən pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev Moderator.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə təhsil və səhiyyə təşkilatlarında vətəndaş cəmiyyətinin təklifləri nəzərə alınmır: “Vətəndaş cəmiyyətinin mövcud olduğu şəraitdə hökumət təşkilatları ilə QHT-lər birlikdə fəaliyyət göstərməlidirlər və bu birlik özünü daha çox dəyərləndirmə, qiymətləndirmə prosesində göstərməlidir. Dünya təcrübəsində belədir ki, vətəndaş cəmiyyəti, yəni ki, QHT-lər öz təkliflərini hansısa nazirliklərə verir və nazirlik də həmin təklifi təsdiqləyir, reallaşması üçün göstərişlərini verir. Azərbaycanda müəyyən QHT-lərdə müxtəlif hüquqi, vətəndaş hüquqlarını qoruyan təşkilatlarda bu proses var və beynəlxalq tədbirlər də keçirirlər. Amma səhiyyə, təhsil təşkilatlarında vətəndaş cəmiyyətinin təklifləri eşidilmir. Bu günlərdə təklif verildi ki, ümumtəhsil məktəblərində bir ayda yeddi gün dərsdən yayınan uşağın valideyni yüz manat məbləğində cərimə edilsin. Bu məsələnin qanuniləşdirilməsi pedoqoji, psixoloji cəhətdən düzgün yanaşma deyil. Ona gör ki, burada yanlışlıqlar var, elə qoyulmuş 7 gün müddətin özü belə mötəbər dəqiqlik deyil. Çünki məktəbə gəlməyən, hər hansı başqa işlə məşğul olan uşaq üç həftənin hərəsində iki gün gəlməsə bu altı gün edir, istirahət günündən də istifadə etməklə öz məqsədinə çata bilər. Burada yeddi günün heç bir əhəmiyyəti yoxdur. Digər tərəfdən biz maarifləndiririk, intizamı tətbiq edirik ki, mədəniyyət formalaşdıraq, insanların bir-birinə qiymətini, dəyərini, yaxşılıqlarını artıraq. Əgər sən zorla uşağı məktəbə gətirəcəksənsə həmin uşaqda mədəniyyətə əks mövqe formalaşacaq, heç nə eşitməyəcək, bilməyəcək, məktəbin içində problem yaradacaq. Elmi, pedaqoji məsələlər var ki, bunları mütləq nəzərə almaq lazımdır”.

Ekspert daha sonra “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsini geniş şərh edib: “Mən də əvvəllər bu müsabiqənin üzvü olmuşam. Həmin vaxtda QHT nümayəndələrindən də, jurnalistlərdən də orada üzv var idi. Amma indi nədənsə onlar iştirak etmir, bu işlər nazirliyin tərkibində hansı qruma tapşırılıbsa, həmin qurumun rəhbəri görünür ki, təcrübəsizdir, çox cavandır. Bu məsələlərdə təkcə kompüter texnologiyasını və xarici dili bilmək rol oynamır, təcrübə, məsləhətləşmələr rol oynayır. Görünür ki, həmin adam bunlara fikir vermir. Düşünürlər ki, aşı süzən də, yeyən də, sonda əhsən deyən də bir təşkilatdan olmalıdır. Bir daha deyirəm ki, dəyər verənlər ictimai təşkilatlar olmalıdır. Bunu heç də məqsədəuyğun hesab etmirəm. Vətəndaş cəmiyyəti inkişaf etmədikcə ölkədə mədəniyyət formalaşa bilməz. İstərdim ki, orada təhsil ekspertləri, QHT nümayəndələri, dəqiq, obyektiv şərhlər verən jurnalistlər olsun. Sabah kimlərsə yer tutacaq, ancaq camaatın bundan xəbəri yoxdur. Bu müsabiqə özü üçün beş-on min almaq deyil axı, ictimaiyyət üçündür. Orada sadaladığımız sektordan mütləq nümayəndələr olmalıdır və qiymət birlikdə verilmələdir. QHT-lərin nizamnaməsində yazılıb ki, təhsil müəssisələrinin fəaliyyətini dəyərləndirə və hökumətə təkliflər verə bilər. Mən şəxsən orada iştirak etmək fikrində deyiləm, amma təhsil ekspertləri, təhsillə bağlı QHT nümayəndələri, təhsillə bağlı şərhlər verən juranalistlər var ki, onlar həmin komissiyada olsaydılar daha məqsədəuyğun olardı”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net