Matəm günü reklam verən “Bürc”FM, “Xəzər"FM, “ANS"ÇM CƏZALANDIRILACAQ
Tarix: 7-12-2015, 12:06 |
Çap et
Prezident İlham Əliyevinin imzaladığı sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə dekabrın 6-da Azərbaycan ərazisində 1 günlük matəm elan olunub.
Matəmlə əlaqədar televiziyalarda şou verilişləri efirə getməyib. Bu haqda Modern.az saytına məlumat verən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, dünən bəzi televiziya kanallarında “Reklam haqqında” qanunun tələbləri pozulub. Məsələ şurada müzakirə ediləcək.
Şöbə müdirinin sözlərinə görə, hazırda bununla bağlı arayış hazırlanır.:
““Reklam haqqında” qanunun 20.8 bəndinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunan matəm günlərində teleradio proqramlarında (verilişlərində) reklam yayımlanması qadağandır: “Televiziyaların xəbər departamentləri, rəhbərlik artıq faciədən xəbərdar idilər. Hətta elə telekanallar olub ki, dünən günorta saatlarında, 15-16 radələrində efirdə reklam veriblər. Saat 11-ə qədər efirə verilən reklamları haradasa başa düşmək olardı, lakin 12-dən sonra reklamları dayandırmamaq heç bir məntiqə sığmır”.
Təvəkül Dadaşov qeyd edib ki, radiolar da işə məsuliyyətsiz yanaşıb:
“Bürc” FM, “Xəzər” FM, “ANS” ÇM radiolarında axşam saatlarında qanunun tələblərinin pozulması aşkarlanıb. Araşdırmalar davam edir”.