İlham Əliyev: “Türkiyənin rolu bizi sevindirir”
Tarix: 3-12-2015, 18:04 | Çap et
İlham Əliyev: “Türkiyənin rolu bizi sevindirir”
Azərbaycan torpaqlarının 20 faizi ermənilərin işğalı altındadır, tarixi abidələrimiz, şəhərlərimiz dağıdılıb.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində erməni silahlı qüvvələrinin həmin torpaqlardan qeyd-şərtsiz çıxması nəzərdə tutulsa da, bu, kağız üzərində qalır: “Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Uzun illərdir, Azərbaycan Ermənistanın işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız Ermənistanın işğalı altındadır”.

Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsində dəstəyə görə bir daha Türkiyəyə təşəkkür edib:

“Çox şadam ki, parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana edirsiniz. Bir daha seçkilərdə qələbə münasibəti ilə sizi Azərbaycan xalqı adından təbrik edirik”.

İlham Əliyev deyib ki, bu səfər iki qardaş ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir:

“Türkiyənin G20 sammitinə Azərbaycanı dəvət etdiyi üçün sizə minnətdaram. Türkiyə və Azərbaycan ictimaiyyəti, habelə dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Bizi birləşdirən ortaq mədəniyyətimiz, etnik köklərimiz, dilimizdir. İki dövlət bir-biri ilə sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Daim bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. İstəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. İstəyirik ki, bölgədə sülh olsun, xalqlar, insanlar həyatlarını rahat qursunlar, heç kim bir-birinin daxili işlərinə qarışmasın. Türkiyə və Azərbaycanın siyasəti bölgədə sabitləşdirici rol oynayır”.

Prezident İlham Əliyev bildirib ki, Türkiyə nə qədər güclü olsa, Azərbaycanın gücü bir o qədər artacaq.

Dövlət başçısı onu da deyib ki, dünyada və Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan ciddi faktor kimi mövcuddur: “Dünyada Türkiyənin artan rolu bizi sevindirir və gücləndirir. Biz dost, qardaşıq və bundan sonra da bir-birimizi dəstəkləyəcəyik”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net