Abid Şərifovla bağlı müəmmalı vəziyyət
Tarix: 2-12-2015, 15:52 |
Çap et
Baş nazirin müavini Abid Şərifovun noyabrın 26-də Pekində Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasından sonra xəstələnməsi barədə xəbər vermişdik.
Musavat.com-a daxil olan məlumatda bildirilirdi ki, həmin görüşdən sonra Abid Şərifovun səhhətində kəskin problemlər yaranıb. Buna görə də digər nümayəndə heyəti Bakıya qayıtsa da o, nəzərdə tutulan zamanda Azərbaycana dönə bilməyib və Pekində dərhal xəstəxanaya yatırılıb.
Lakin yazını yayımladığımız 30 noyabr tarixindən bu günə qədər, məsələ ilə bağlı heç bir rəsmi məlumat ala bilməmişik. Nazirlər Kabinetinin mətbuat xidməti bildirir ki, Abid Şərifovun səhhəti ilə bağlı yayılan məlumatdan xəbərsizdirlər. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli musavat.com-a açıqlamasında bildirib:
“Xahiş edirəm bu məsələ ilə bağlı mənə sual verməyin. İşlə bağlı mənə sual verə bilərsiz. Ancaq səhhəti ilə əlaqəli məsələlər barəsində məlumat almaq üçün onun köməkçisi ilə əlaqə saxlayın”.
Köməkçisi isə musavat.com-a açıqlamasında mətbuat xidməti ilə əlaqə saxlamağımızı bildirmişdi.
Göründüyü kimi, məlumat nə təkzib edilir, nə də bununla bağlı hər hansı bir rəsmi açıqlama verilmir.
Bu cür hallarda mətbuat xidməti necə davranmalıdır?
Məsələ ilə bağlı “Yeni Müsavat”a teletənqidçi, professor Qulu Məhərrəmli danışıb. O bildirib ki, Abid Şərifovun xəstələnməsi ilə bağlı yayılan məlumat şəxsi məsələ deyil:
“Mətbuat olaraq sizin yanaşmanız normaldır. Abid Şərifov ictimai şəxsdir və yüksək çinli məmurdur. Onun xəstələnməsi ilə bağlı məlumat şəxsi məsələ sayılmır. Allah ona şəfa versin. Xəstələnibsə bunu özü etməyib ki. Təbii ki, belə məqamda sorğuya dəqiq cavab verilməlidir. Bir şeyi də qeyd edim ki, mətbuat xidmətiləri hər xəstələnən məmur üçün ictimaiyyətə açıqlama yaymaq məcburiyyətində deyil. Bu yalnız dövlət başçısına aid bir haldır ki, onun hər bir addımı ilə bağlı ictimaiyyətə məlumat verilməlidir. Lakin digər yüksək vəzifəli şəxslər vardır ki, bəzi hallarda onlar görünmədikdə mətbuat bununla bağlı axtarışa başlayır. Bu halda sorğulara dəqiq cavab verilməlidir. Eyni ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin, köməkçisinin də vəzifəsidir ki, bununla bağlı münasibət bildirsinlər”.
Məsələnin hüquqi tərəfləri barədə musavat.com-a danışan hüquqşünas Müzəffər Baxışov da bildirib ki, qanuna görə, bu cür məlumata münasibət bildirilməlidir:
“Əgər informasiya ictimai əhəmiyyət kəsb edirsə, bu barədə məlumat verilməlidir. Abid Şərifov sıravi bir adam deyil. O baş nazirin müavinidir. İctimaiyyətin onun səhhəti ilə bağlı məlumat əldə etmək hüququ var. İctimaiyyət bilməlidir ki, baş nazirin müavini öz vəzifələrini necə icra edir. Azərbaycanda əksər dövlət orqanlarında mətbuat xidmətləri, həmin orqanın rəhbərinin icazəsi olmadan bu və ya digər informasiyanı verə bilmir. Əslində normal cəmiyyətdə bu cür məlumatları mütəmadi şəkildə verirlər ki, dövlət orqanlarının vəzifəli şəxsləri barəsində insanlarda şübhələr yaranmasın. Eyni zamanda bu, şaiyələrin də yaranmasının qarşısını alır. Lakin təəssüf ki, bizdə buna əməl olunmur. Mətbuat xidmətləri vəzifələrinə düşən işi görmürlər”.