Dini ekstremizm nədir? - 15 maddəlik qanun
Tarix: 2-12-2015, 14:59 | Çap et
Dini ekstremizm nədir? - 15 maddəlik qanun
Milli Məclisin növbəti iclasında “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Yeni qanun layihəsi Nardaran hadisələrindən sonra gündəmə gəlib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc AzVision.az-a açıqlamasında bildirib ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında” layihə çox önəmli bir sənəddir və nəzərə alınmalıdır ki, zamanında ölkəmiz nə qədər etnik separatizmin, ərazi işğalı cəhdinin qurbanı olub.

Millət vəkili qeyd edib ki, hazırki dövrdə dini fanatizm, ekstremizm də eyni dərəcədə dövlət maraqlarına və milli təhlükəsizliyə böyük zərbədir.

“Hər bir ölkə özünün təhlükəsizliyini qorumaq üçün hüquqi aktlar qəbul edir, müvafiq dövlət qurumlarının və vətəndaşların üzərinə məsuliyyət qoyur. Sözügedən sənəd 15 maddədən ibarətdir. İlk növbədə dini ekstremizmin hüquqi anlayışı verilib. Burada ilk növbədə dini düşmənçilik, radikalizm və fanatizm zəmnində fəaliyyətin həyata keçirilməsi qeyd etdiyimiz təhlükə kimi səciyyələnir. Ölkənin konstitusion quruluşunun dəyişdirilməsinə cəhd, həmçinin onun dünyəvi xarakterinə qarşı çıxarmaq, onu zorla dəyişmək istəkləri, ərazi bütövlüyünə qarşı fəaliyyət, hakimiyyətin zorla ələ keçirilməsi üçün silahlı birləşmələr yaratmaq, müxtəlif qrupların fəaliyyətində iştirak, terror fəaliyyətləri, həmçinin ölkənin hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək, milli, sosial və dini nifrət aşılamaq, milli ləyaqəti aşağılamaq, eyni zamanda müxtəlif xarakterli dini məzhəblərin birinin digərindən üstün olduğunu və ya aşağı olduğunu təbliğ etmək, həmçinin ayrı-ayrı şəxsləri müxtəlif dini mərasimlərə məcburən cəlb etmək, eyni zamanda kimisə dini təhsil almağa məcbur etmək və s. məsələlər ekstremist fəaliyyətin sırasında yer alıb”.

Milli Məclis üzvünün sözlərinə görə, Nardaran hadisələri ilə bağlı ölkə əhalisinin müəyyən bir narahatlığını, eyni zamanda bu gərginliyin aradan qaldırılması üçün dövlətin nə qədər qətiyyətli tədbirlər həyata keçirdiyini və orada qanunçuluğu bərqərar etdiyinin şahidi oluruq.

“Hamının şahidi olduğu kimi Nardaranda fövqəladə vəziyyət elan etmədən Daxili Qoşunlar konstitusion vəzifəsini həyata keçirərək oradan bir əməliyyat zonası müəyyənləşdirdi. O zonada xüsusi bir komendant saatına ehtiyac olmadan və evlərdə silahların olub-olmamasını müəyyənləşdirmək üçün axtarış əməliyyat tədbirləri keçirildi. Amma xüsusi rejim tətbiq olundu. Vətəndaşların ora daxil olması zamanı müəyyən yoxlamalara məruz qalması, müxtəlif yerlərdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi kimi məhdudlaşdırıcı tədbirlər həyata keçirildi. Bu vətəndaşın konstitusion hüquqlarına müdaxilə deyil. Belə bir qanunun qəbul olunması zamanın çağırışıdır. Ona görə də hesab edirəm ki, bu qanunun qəbul edilməsi son dərəcə vacibdir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net