![Nardaranda qara bayraqlar deyil, Azərbaycanın bayraqları dalğalanmalıdır Nardaranda qara bayraqlar deyil, Azərbaycanın bayraqları dalğalanmalıdır](/uploads/posts/2015-12/1449046811_v.jpg)
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində ötən həftə baş verən hadisədən sonra hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında da əməliyyat keçiriblər. Nəticədə Gəncə, Lənkəran, Neftçalada da Hacı Taleh Bağırzadənin rəhbərlik etdiyi “Müsəlman Birliyi Hərəkatı”nın üzvləri, radikal ekstremistlər saxlanılıblar. Onlardan silah-sursat, partlayıcı maddələr, həmçinin soyuq silahlar götürülüb. Beləliklə də dini radikallara qarşı Nardarandan başlanğıc götürən əməliyyatlar daha geniş miqyas alıb, terrorçuların zərərsizləşdirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Medianın da gündəmində olan bu hadisələrlə bağlı “Kaspi”nin suallarını Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı cavablandırır.
- Fəzail müəllim, ilk olaraq Bakının Nardaran qəsəbəsində ötən həftə baş verən hadisələrə millət vəkili və partiya sədri münasibətinizi öyrənmək istədik. Baş verənləri nə ilə əlaqələndirmək olar?
- Bunun başlıca səbəbi xaricdə anti-Azərbaycan qüvvələrin yaratmış olduqları yuvadır. Radikalizm və ekstremizm meyllərini özündə ifadə edən bu cür qruplaşmalar, ayrı-ayrı müştəbeh adamlar ölkədəki tolerantlığı, multikulkturalizmi alt-üst etmək, qarşıdurma yaratmaq, vətəndaş müharibəsi törətmək, qan tökmək, əldə edilən uğurların üzərindən xətt çəkərək, Azərbaycanı fəlakətlərə sürükləmək, onu Yaxın Şərqdəki ərəb ölkələrindən birinə çevirmək istəyənlərdir. Əsas məqsəd budur. Beləliklə də bu gün inkişaf edərək dünyada söz sahiblərindən birinə çevrilən, regional və beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasında bilavasitə iştirakçı olan Azərbaycanı sıradan çıxarmaq niyyətindədirlər. Bundan sonra isə Azərbaycanın bütün sərvətlərinə sahib çıxmaq, onu daşıyıb aparmaq məqsədini güdürlər. Bu məqsədi həyata keçirmək üçün antimilli qüvvələri öz ətraflarına toplayır, onları təlimatlandırır, maliyyələşdirir, hətta silah-sursatla da təmin edirlər. Son nəticədə də bu qüvvələr Azərbaycan üçün müəyyən problemlər yaradırlar. Xatırlayırsınızsa, müstəqilliyimizin ilk illərində Azərbaycanı məhv etmək üçün bəlli qüvvələr milli zəmində qarşıdurmalar yaradırdılar. Ölkəmizin cənubunda “talış muğan respublikası”, Şimalında “sadval respublikası” kimi separatçı qurumlar yaratmağa cəhd edirdilər, bir tərəfdən də Ermənistan torpaqlarımızı işğal edirdi. Ayrı-ayrı adamlar Azərbaycandakı digər millətlər arasında da nifaq toxumu səpməkdə idilər. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün bunların qarşısı alındı, xaricdən idarə olunan sapı özümüzdən olan baltaların planları puç oldu, Azərbaycanın unitarlığı qorunub saxlandı. Hazırda da ümumilikdə Azərbaycan xalqını təmsil edən ölkədəki müxtəlif millətlərin nümayəndələri dövlətimizin, dövlətçiliyimizin daha da güclənməsi, inkişafı üçün əllərindən gələni edirlər. Belə olan halda xarici qüvvələr Azərbaycanı parçalamaq və onu idarə olunan hala salmaq üçün ölkədə dini zəmində ayrı-seçkilik, münaqişə, məzhəb savaşı yaratmağa cəhd edirlər. Bununla da Azərbaycanda sabitliyi pozmaq, zorakı yolla siyasi hakimiyyəti ələ keçirmək istəyirlər. Belə bir məkrli planın reallaşdırılması üçün anti Azərbaycan qüvvələrin bütün resurslarından, o cümlədən dünyadakı erməni lobbisinin imkanlarından, həmçinin Azərbaycan daxilindəki antimilli ünsürlərdən geniş istifadə edilir. Həmin antimilli ünsürlərə misal kimi QHT, demokratiya adı altında fəaliyyət göstərən təşkilatları, o cümlədən Leyla Yunusları, radikal müxalifətçiləri, ən nəhayət radikal dindarları göstərmək olar. Hesab edirəm ki, Nardaran əhalisini bu antimilli ünsürlərdən, qaraguruhdan qurtarmaq gərəkdir. Bu qaraguruha dəstək verən hər bir kəs də qanun çərçivəsində cəzalandırılmalıdır. Nardaranda qara bayraqlar, İslam bayraqları deyil, Azərbaycanın bayraqları dalğalanmalıdır.
- Hadisələrin gedişində məlum oldu ki, özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran təşkilatın Gəncə, Neftçala, Lənkəran və sair bölgələrdə də üzvləri, silah-sursatla təmin olunan tərəfdarları var. Belə olan halda nə üçün məhz Nardaran qəsəbəsi Taleh Bağırzadə tərəfindən mərkəz kimi seçilib?
- “Müsəlman Birliyi Hərəkatı”nın, daha doğrusu, silahlı dəstənin Azərbaycanda şəbəkələşməsi böyük təəssüf doğurur. Bunun qarşısının alınması ilə bilavasitə məşğul olmalı qurum olan Milli Təhlükəsizlik Nazirliyinin müvafiq qurumları, eləcə də orada rəhbər vəzifədə oturan bəzi şəxslər, görünür tamam başqa işlərlə məşğul olublar. Milli Təhlükəsizlik Nazirliyinin Gəncə, Neftçala, Lənkəran şöbələri o zaman harada idilər? Nə üçün belə faktların qarşısını zamanında almayıblar? Belə çıxır ki, onların başları cinayətkar yollarla pul yığmağa, sahibkarları incitməyə, var-dövlət toplamağa qarışdığından, radikal ekstremist qüvvələr də rahatlıqla ölkədə özəklərini yaradıblar. Halbuki təhlükəsizliyimizə cavabdeh olan orqanın rayon idarələri öz vəzifəsini layiqincə yerinə yetirsəydi, bu kimi hallar baş verməzdi. İnanıram ki, belə məsuliyyətsizliyə yol verənlərin hamısı qanun qarşısında cavab verəcəklər. O ki, qaldı Nardaran qəsəbəsinin radikal ekstremistlər tərəfindən mərkəz seçilməsinə, bu yaşayış məntəqəsində müstəqillikdən sonra sanki bir boşluq yaranmışdı. Həmin boşluq naməlum səbəblərdən zamanında aradan qaldırılmadı. Oradakı insanlar da elə təsəvvür etdilər ki, elə bu cür də davam etməlidir və edəcək. Təsəvvür edin, Azərbaycanın bütün yaşayış məntəqələrində kommunal xidmətlərə görə dövlət büdcəsinə ödəmələr vaxtlı-vaxtında ödəndiyi halda, Nardaran qəsəbə əhalisi bu günə kimi istifadə etdikləri elektrik enerjisinə görə dövlətə 42 milyon 267 min, təbii qaza görə isə 1 milyon 376 min manat borclu qalıblar. Hətta onlara borclarını ödəmək üçün müəyyən vaxtlarda edilən güzəştlər də öz effektini verməyib. Bu, açıq-aşkar qanun pozuntusu halıdır. Nə üçün ölkənin müxtəlif yerlərində yaşayan ən sadə vətəndaşlar belə kommunal xidmətlərə görə ödəmələr edirlər, amma Nardaran qəsəbə sakinləri bunu etməməlidir? Əgər Nardaranın bəzi sakinləri bu gün Azərbaycan dövlətinə qarşı çıxır, dövlət rəmzlərini tanımır, insanlar üzərində xof yaradır, şəriət qayda-qanunları tətbiq etmək istəyirlərsə, bu məqsədin qarşısı hüquq-mühafizə orqanları tərəfindən dərhal alınmalıdır. Bunun məsuliyyəti hər birimizin də üzərinə düşür.
- Nardaran hadisələri baş verən andan bütün ölkə ictimaiyyəti dövlətin yanında oldu, həmrəylik nümayiş etdirərək hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyata bəraət qazandırdı. Yalnız radikal müxalifət liderləri bu hadisədə ekstremist qüvvələrə dəstək verir, bunu Nardaran sakinlərinin hakimiyyətə etirazı kimi qələmə verməyə çalışırdılar. Bunun səbəbi nədədir, nə üçün onlar polisə silahlı müqavimət göstərən cinayətkarları müdafiə edirlər?
- Nardarandakı hadisələrdən sonra dini radikalizmi yalnız Milli Şura və Əli Kərimlinin ətrafında olan bir-iki nəfər dəstəklədi. Əli Kərimli bu gün birmənalı olaraq antimilli qüvvələrin yanındadır. Ona görə də Nardaran hadisələrinə siyasi rəng qataraq bunu hakimiyyət əleyhinə etiraz kimi qələmə verməyə çalışdı. Çünki bunlar da radikal dindarlarla eyni cəbhədədirlər. Bu hadisədən əvvəl Azərbaycanda baş tutan Avroviziya musiqi yarışmasında, I Avropa Oyunlarında da ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlərin əhəmiyyətini azaldır, qarayaxma kampaniyası aparır, xarici ermənipərəst dairələrlə birlik nümayiş etdirirdilər. İndi də eyni mövqedən çıxış edir, Azərbaycan dövlətinə əks olan qüvvələrin yanında yer alırlar.
- Birinci minilliyin ortalarında Kərbəlada baş vermiş faciədən doğan ideologiyanı özlərinin həyat normasına çevirənlər Dağlıq Qarabağ kimi ümummilli problemi nədənsə yada salmırlar. Buna yanaşmanız necədir?
- Dinlə bağlı məsələlərə elmi şəkildə, geniş araşdırma aparmaqla, çoxsaylı mənbələrə istinad etməklə münasibət bildirmək olar. Təəssüf ki, insanların bir qismi İslam dininin tarixində baş verən bir çox hadisələri olduğu kimi bilmirlər. Bunu da insanların beynindən inzibati resurslardan yararlanmaqla çıxarmaq olmaz. Bunun üçün düzgün maarifləndirmə işi aparılmalı, qaraguruhun, xurafatın, mövhumatın, cəhalətin ayaq açıb yeriməsinin qarşısı hər cəhətdən alınmalıdır. İslama kor-koranaə yanaşma müqəddəs kitabımız Qurani-Kərimin tələblərini pozmaqdır, insanların həyat tərzində də ziddir. İslamın bu günə qədər gəlib çıxan bir çox adət-ənənələrinə sivil qaydada yanaşmaq lazımdır. Bizim ən böyük problemimiz Dağlıq Qarabağ problemidir. Çox istərdim ki, Kərbəla hadisəsinə olan yanaşma eyni zamanda Dağlıq Qarabağ məsələsinə münasibətdə də öz əksini tapsın. Kərbəla hadisəsində də qan tökülüb, Dağlıq Qarabağda gedən müharibə zamanı ermənilər çoxsaylı yaşayış məntəqələrimizdə nahaq qanlar töküblər. Xocalıda baş verən qətliam isə XX əsrin faciəsi, soyqırımı adını alıb. Yüzlərlə azərbaycanlı yalnız müsəlman olduqlarına görə qətlə yetiriliblər. Kərbəlaya yas saxlayanlar, Xocalıda həlak olanlara, 20 mindən artıq şəhidimizə də eyni qayda ilə yas saxlamağı, onların adlarını uca tutmağı bacarmalıdırlar. Bunun üçün də geniş maarifləndirmə işləri aparılmalıdır. Media, televiziya da bu məsələyə xüsusi diqqət yetirməlidirlər.
- Noyabrın 25-26-da Nardaranda baş verən hadisələr Qərb ölkələrində baş versəydi, bu dövlətlərin hakimiyyətləri necə davranardılar?
- Əgər İslam dini etiqadlı şəxslər kimi Qərb dövlətlərində bu hərəkətə kimsə yol versəydi, ona qarşı ən sərt şəkildə cəza tədbirləri görülərdi. Kimsə dövlətə qarşı çıxarsa, dövlət həmin an bütün gücünü səfərbər edərək onun qarşısını alardı. Biz də bu cür etməliyik. Çünki dövlət bir-iki nəfərin deyil, 10 milyonluq Azərbaycan xalqının dövlətidir. Dövlətimiz hər bir azərbaycanlının yaşayışını, sabitliyini təmin edən, təhlükəsizliyinə cavabdeh olan qurumdur. Dövlətin iradəsinə qarşı çıxmaq dövlətə xəyanət etməyə bərabərdir. Bu isə Cinayət Məcəlləsində ən ağır cəza ilə müşayiət olunur. Bütün bunlar Ana Yasamıza da ziddir. Ona görə də dövlətə və Konstitusiyaya qarşı olan bütün hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır. Azərbaycan xalqının, dövlətinin maraqları bunu tələb edir. Bu məsələdə Azərbaycan xalqı dövlətin yanındadır. \\kaspi.az\\