Deputat: “Nardarandakı vəziyyət kökündən dəyişdirilməlidir”
Tarix: 1-12-2015, 17:31 | Çap et
Deputat: “Nardarandakı vəziyyət kökündən dəyişdirilməlidir”
Ekstremistlər Nardaranda dinc insanların hüquqlarını pozur. Bu iddia ilə Modern.az-a açıqlamasında İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, deputat Aytən Mustafayeva çıxış edib. O, Modern.az saytına deyib ki, həmin ekstremistlər din pərdəsi altında əslində Azərbaycana müdaxilə edirlər və xaricdən aldıqları tapşırıqları burada yerinə yetirməyə çalışırlar: “Təəssüf ki, Azərbaycanda dini ekstremist qrupların cəhdləri müşahidə edilir. Bunlar vəhhabilərdir, eyni zamanda Nardaran qəsəbəsinə üz tutan ekstremist qruplardır. Onlar xaricdən tapşırıq alırlar. Fikrimcə, bu irin birdəfəlik təmizlənməlidir”.

Bunun üçün deputat Nardaran qəsəbəsində dövlət strukturlarının bərpa olunmasını vacib hesab edir: “Orada dövlət strukturları çalışmalıdırlar. Necə ola bilər ki, bütün ölkədə qanun, dövlət strukturları işləyir, Nardaran öz həyatını yaşayır. Zarafat deyil, onlar özlərini ayrı anklav kimi hiss edirlər. Buna göz yumsaq, səhəri gün daha çox inkişaf edəcək. Xatirimdədir, 2002-ci ildə də belə hadisə baş vermişdi. Onda susduruldular, işıqları kəsildi, qaz verilmədi. Amma bir müddətdən sonra onların bütün borcları bağlandı. Nə üçün? Nardaran qəsəbəsində yaşayanlar Azərbaycan vətəndaşları deyillər? Onlara qanunlar aid deyil? Hər bir vətəndaşın həm hüququ, həm də vəzifəsi var. Mənim hüquqlarım sərhədsiz olsa, bu artıq demokratiya deyil, anarxiya olar. Biz buna heç vaxt yol verməməliyik”.

Aytən Mustafayevanın fikrincə, Nardaran qəsəbəsində həm məktəblərin işi, həm də uşaqların dərsə getməsi, təlim-tərbiyəsinə ciddi nəzarət olmalıdır: “Biz görürük ki, caxnaşmalar zamanı balaca uşaqlar çıxıb “Allahu-əkbər” deyirlər, əllərində daş, dəmir və digər alətlərlə küçələrdə gəzirlər. Bunlar açıq-aydın ictimai qanunlara hörmət etməyən uşaqlardır. Onların beyni bu cür formalaşıb. Bu sözləri deyərək onlar ölümə, caxnaşmaya yol verirlər. Birincisi, Nardaranda qanun bərpa olunamalıdır. Sovet vaxtında uşaqların icbari orta təhsili aparılırdı və bu mütləq idi. Məktəbə gəlməyəndə polis və təhsil idarəsi uşağı məcburi gətirirdi. 9-cu sinfi bitirdikdən sonra mütləq deyil ki, kimsə ali məktəbdə oxusun, gedib peşə təhsili alsınlar, peşəyə sahib olsunlar. Gənc avarıdrsa, hansısa təsir altına düşəcək. Gənc işsiz oturmamalıdır, nə iləsə məşğul olmalıdır”.

Deputat qeyd edib ki, Nardaranda buna oxşar vəziyyətin yenidən yaşanması üçün heç əsas qoyulmamalıdır və bunun üçün oradakı vəziyyət kökündən dəyişdirilməlidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net