![Razi Nurullayevdən Rəsulzadəni təhqir edən deputata sərt cavab... Razi Nurullayevdən Rəsulzadəni təhqir edən deputata sərt cavab...](/uploads/posts/2015-12/1448970564_v.jpg)
"Yeni deputat olmuş Naqif Həmzəyev Məmməd Əmin Rəsulzadə haqqında çox sərt və təhqiredici danışıb. Açığı, oxudum və şok keçirdim. Adam əliyevçi olanda, Şərqdə ilk Demokratik Cümhuriyyəti qurmuş, xalqımızın fəxrlə andığı və tarixdə silinməz izlər qoymuş Məmməd Əmin Rəsulzadəni təhqirmi etməlidir? Bir gəncin bu cür düşüncəsi Azərbaycanın fəlakətidir. Əgər Azərbaycanda Naqif Həmzəyev kimi düşünən 100 nəfər belə varsa, bizim ölkəmizin gələcəyi təhlükədədir. Bunun günahı isə hər birimizdədir. Bu gün Rəsulzadə haqqında bu cür iftiralar yağdırmağa cürət edənlər olduqca, bizim müstəqillikdən danışmağa haqqımız yoxdur. "Yeni Müsavat" bu məsələni qabartmaqla, böyük bir xidmət göstərmiş oldu”.
Bunu yeni AXCP-nin sədri Razi Nurullayev deputat Naqif Həmzəyevin M.Ə.Rəsulzadə haqqında təhqiredici ifadələr işlətməsinə münasibət bildirərkən deyib.
Partiya sədri qeyd edib ki, Məmməd Əmin Rəsulzadə, onun dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir: “Sənin partiyanın sədri, sənin prezidentin və sənin ümumilli liderin heç bir zaman bu tarixi şəxsiyyət haqqında narazılıq doğuracaq bir kəlmə belə, işlətməyib. Əksinə, sənin partiyanın sədri və xoşuna gəlməyə çalışdığın prezident İlham Əliyev M.Ə.Rəsulzadə haqqında bunları deyib: "Azərbaycan xalqı, xüsusilə, Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir. Bu, doğrudan da bizim tariximizin şanlı səhifəsidir, müsəlman aləmində ilk demokratik respublika olmuşdur. Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir. Müstəqillik mövzularında araşdırmalar nəticəsində yaradılan əsərlərə böyük ehtiyac vardır. Çünki bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bizim əsas müstəqillik bayramımız da 28 May bayramıdır. Çünki o vaxt Azərbaycanın dövlətçilik əsasları qoyulmuşdur".
İndi kim düz deyir? Çox təəssüf edirəm. Təəssüf edirəm ki, biz dövlətçilik ənənəsi yarada bilməmişik. Dövlətimizi quranlara qarşı hələ də nifrət bəsləyənlər var. Hazırki hakimiyyət öz siyasətində yanlışlıqlara yol verdikcə, sosial, siyasi və mədəni uçurumlar xalqla hökumət arasında daha da dərinləşəcək. Mən M.Ə.Rəsulzadəyə bağlıyam və onun irsini Azərbaycan üçün qürur mənbəyi hesab edirəm”.
Razi Nurullayev sonda deputatı üzr istəməyə çağıraraq, ”Kim fərqli düşünürsə, bunun belə olmadığını sübut etsin. Üzr istəmək də bir mədəniyyətdir. Naqif Həmzəyevin üzr istəməsi də başa düşülərdi” - deyə bildirib.