“Bakıya axının qarşısının alınması baxımından bu addımlar çox önəmlidir”
Tarix: 30-11-2015, 14:28 | Çap et
“Bakıya axının qarşısının alınması baxımından bu addımlar çox önəmlidir”
“Bərdənin daha 4 kəndinə mavi yanacaq verilib”. Modern.az xəbər verir ki, bunu mətbuata açıqlamasında həmin rayondan növbəti dəfə millət vəkili seçilən Zahid Oruc bildirib.

Onun sözlərinə görə, iki gün öncə rayonun Bəciravan, Nazırlı, Tumaslı və Yerli Ağalı kəndləri artıq tam qazlaşdırılıb. O, deyib ki, sövetlər dövründən sonra bir çox sahələr kimi qaz infrastrukturun da dağılması fonunda insanlar ciddi problemləri yaşamaqdaydılar.
"Bu baxımdan, təbii yanacağa alternativ olan müxtəlif vasitələrə əl atırdılar ki, bu, həm xərc-maliyyə yükü demək idi, eyni zamanda, onun həyata keçirilməsi o qədər də asan deyildi. Bir sıra insanların da sadəcə, buna maddi imkanları çatmırdı. Nəhayət, ölkə Prezidentinin qərarı ilə Qarabağın, xüsusi olaraq Bərdənin qazlaşdırılması ilə bağlı proses başa çatmaqdadır.

Qeyd olunan 4 kənd üzrə 1070-dən artıq ailə qazla təmin olunub ki, bu da heç şübhəsiz həmin kəndlərin insanları tərəfindən müsbət qiymətləndirilib"-deyən, Z. Orucun bildirdiyinə görə, eyni zamanda, Qarabağ mühüm bir istehkam nöqtəsidir:

"Orada insanların sosial-iqtisadi problemlərinin həlli ümumən Qarabağ uğrunda savaşın tərkib hissəsidir. Çünki yalnız fərdi mənada qayğıları yoluna qoyulan insan Azərbaycan uğrunda-ölkəmizin bütövlüyü naminə çalışa bilər. Heç şübhəsiz ki, bu addım dövlətin müvafiq qurumları vasitəsilə həyata keçirilib.

"Azəriqaz" rəhbərliyi, sədr Əkbər Hacıyev, o cümlədən, departament direktoru Ramil İskəndərov və digərləri bilavasitə bu işlərin yerinə yetirilməsində iştirak ediblər.

Ümidvarıq ki, bununla da paralel şəkildə rayonun enerji və su təminatı ilə bağlı məsələlər də 2016-cı ildə başa çatacaq. Çünki ötən illər ərzində bu istiqamətdə də xeyli işlər görülüb. Bir sözlə, hesab edirəm ki, infrastruktur təminatı bölgələrin həyatı üçün çox önəmlidir.

Vətəndaşların Bakıya və digər məkanlara axınının qarşısının alınması, elə o regionda insanların öz yaşayışını qurması və yerli ənənələrin davamlılığı, dövlətin müəyyən mənada deqradasiya-başqa xarakterli yükdən azad olunması baxımından da bu addımlar çox önəmlidir".

Qeyd edək ki, bu münasibətlə keçirilən mərasimlərdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Z. Oruc da iştirak ediblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net