23 yaşlı tələbə qızın müəmmalı intiharı - ŞAHİDLƏRDƏN ŞOK SÖZLƏR
Tarix: 26-11-2015, 17:57 |
Çap et
Bakıda növbəti intihar hadisəsi baş verib. Hafta.az-ın verdiyi xəbərə görə, olay dünən axşam, Qara Qarayev prospekti, 74 ünvanında yerləşən 9 mərtəbəli binada yaşanıb.
İntihar edən şəxsin 1993-cü il təvəllüdlü Həsənzadə Türkan Eldar qızı olduğu müəyyən edilib. Məlum olub ki, o, Tibb Universitetinin stomatologiya fakültəsinin tələbəsi olub.
22 yaşlı Türkan Həsənzadə bir müddət imiş ki, Bakıda iş axtarırmış.
Bundan əvvəl isə o, özəl klinikalardan birində il yarım ştat stomatoloq köməkçisi işləyib.
Bildirilir ki, T.Həsənzadə Şəki rayonunda anadan olub. Qara Qarayev prospektindəki binanın damına çıxaraq özünü atan tələbə qızın gödəkcəsi və çantası elə binanın damından tapılıb. Lakin intiharın səbəbini açıqlaya biləcək hər hansı məktub aşkarlanmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.
Faciənin baş verdiyi əraziyə baş çəkən hafta.az-ın müxbiri hadisə şahidləri ilə söhbət edib.
Adının açıqlanmasını istəməyən bina sakininin sözlərinə görə, faciə axşam saat 23:30-da baş verib:
“Gecə küçədə gəzişirdim. Birdən yuxarıdan səs gəlməyə başladı. Qız ağaclara dəyə-dəyə 9-cu mərtəbədən yerə düşdü. Ona yaxınlaşanda artıq son nəfəsini verirdi. Heç nə demədi. Ayaqları və qolları sınmışdı. "102"-yə və təcili tibbi yardıma zəng vurdum. Əraziyə gələn polislər binanın damına qalxdı. Orada qıza aid olan gödəkcə və çanta aşkarlandı. Polislər qızın telefonuna baxanda məlum oldu ki, kart çıxarılıb. Telefonda olan bütün nömrə və proqramlar da silinmişdi. Onun çantasından Neftçilər “McDonalds”ın çeki də çıxdı. Məlum olub ki, o, 23:00-da orada olub. Nə mən, nə də hadisə yerinə gələn qonşular heç biri ölən şəxsi tanıya bilmədik. Bu şəxs bizim binanın sakini deyildi. Onun çantasında Tibb Universitetinin stomatologiya fakültəsinin tələbəsi olmasına dair tələbə bileti çıxdı”.
Digər hadisə şahidi isə bu işdə müəmma olduğunu bildiridi:
“Qız həqiqətən də bizim məhəllədə qalmır. Amma o, burada məhz 5-ci blokda şaxtanın olduğunu haradan bilirdi? Qeyd edim ki, bir çox şaxtaların lyukları həmişə qapalı olur. Burada dəfələrlə olub ki, şaxtalara qızla oğlan birgə çıxıb. Bəlkə heç o orada tək olmayıb. Hər halda məsələ dərindən araşdırılmalıdır. Həmin lyuk hadisə baş verən gün açıq idi. Bütün məhəllə camaatı təəccüb içərisindədir”.
Əməkdaşımız gənc xanımın özünü atdığı binanın 9-cu mərtəbəsinə qalxdı. Oradan binanın damına çıxmaq üçün nəzərdə tutulmuş şaxtanın lyuku nədənsə, hələ də açıq idi. Türkan Həsənzadə dünən axşam həmin lyukun açıq olmasından istifadə edərək, binanın damına çıxıb, intihar etmişdi. Göründüyü kimi, əlaqədar qurumlar baş vermiş faciədən sonra da səhlənkarlıq göstərməkdədirlər. Bir qrup bina sakini məhz bundan narazılığını bildirdi:
“Məgər bir qıfılın mahiyyəti nədir ki, onu alıb ora vurmurlar? Özümüz edəndə də buna icazə vermirlər”.
Hafta.az-ın müxbiri hadisə yerinə yaxın olan Nizami rayonu 24-cü polis bölməsinə də baş çəkdi. Bölmədən əməkdaşımıza bildirildi ki, hadisə təzə baş verdiyindən olayın tam təfərrüatı hələ ki, məlum deyil. Aparılan araşdırmadan sonra hadisənin səbəbləri məlum olacaq.
Əməkdaşımız Tibb Universitetində də olub, günün ikinci yarısı olduğu üçün tələbə yoldaşları ilə söhbət etmək alınmayıb.