“Azərbaycan müqayisəedilməz dərəcədə perspektivli ölkədir”
Tarix: 26-11-2015, 12:36 | Çap et
“Azərbaycan müqayisəedilməz dərəcədə perspektivli ölkədir”
Misirin Azərbaycana yeni təyin olunmuş səfiri xanım Suzan Cəmil nəhayət ki, ilk müsahibəsini “Həftə içi”nə verdi. Əslində indiyədək içi Misir qarışıq çox ölkənin səfiri ilə görüşüb, söhbətləşmişdim, amma düşünməzdim ki, xanım diplomat bu qədər sadə, mehriban, qonaqpərvər və səmimi ola. Qısası, ilk müsahibə olsa da, bir insan olaraq səfirlə təmas mənə hədsiz rahatlıq gətirdi. Əvvəlcə özünü tanıtdı, həyatının, öz təbirincə desək, vacib nöqtələrindən söz açdı, mədəniyyətdən siyasətə, iqtisadiyyatdan ticarətə qədər hər şeydən данышды. Mən də xanım səfirin dediklərini son nöqtəsinədək oxucularımızın diqqətinə çatdırmaq istədim. Beləliklə xanım Suzan Cəmillə söhbətimizi sətirlərdən oxuyaq:

- Özümü Azərbaycan oxucularına tanıtmaq üçün həyatımın bir sıra vacib nöqtələrindən söz açmaq istəyirəm. Əvvəla deyim ki, uşaq vaxtlarımdan kitab oxumağa meyilli olmuşam. Bunun nəticəsidir ki, orta məktəbdə bilik və bacarığıma görə digər şagirdlərdən seçilmişəm və 9-11-ci siniflərdə oxuyanda qatıldığım ümumölkə bilik yarışmalarında birinci yerə çıxmışam. 1979-cu ildə Qahirə Universitetinin siyasi elmlər fakültəsini bitirmişəm, ixtisasım üzrə ilk əmək fəaliyyətimə isə 1981-ci ildə Misir Xarici İşlər Nazirliyində başlamışam. 1984-cü ildə xarici işlər nazirliyi məni ilk dəfə ölkəmizdən kənara ezam elədi və mən BMT-nin Cenevrədəki ofisində Misir nümayəndəsi kimi işləməyə başladım. 1994-1996-cı illərdə Misir Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə siyasi idarəsində fəaliyyətimi davam etdirmişəm. Keçmiş sovet respublikaları, o cümlədən, Azərbaycan, Qazaxıstan və sair ölkələrlə ilk tanışlığım da məhz həmin idarədə işləyəndə başlayıb. 1996-2001-ci illər arasında isə Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Beynəlxalq Texniki Əməkdaşlıq Fondunda çalışmışam ki, burada da Azərbaycan və qonşusu olan ölkələrlə əlaqələrim daha da genişlənib. Yəni fondumuz MDB ölkələrindən müxtəlif sahələrdə çalışan mütəxəssisləri Misirə dəvət edərək, təlim kursları keçirdi...


- Konkret olaraq Azərbaycandan da dəvət edilənlər vardımı?


- Hə, əlbəttə, bütün sahələr üzrə vardı. O cümlədən, sizin media təmsilçiləriniz də gəlirdi. Bir maraqlı faktı da deyim ki, bu gün Azərbaycanın Misirdəki səfiri Şahiн Abdullayev də o vaxt Qahirədə təcrübə kursu keçib və mən onunla ilk dəfə orada tanış olmuşam.

- Sırf diplomat fəaliyyətiniz haradan başlayır?

- Marseldən. Misirin Fransanın Marsel şəhərindəki baş konsulluğuna göndərildim və bir müddət orada çalışdım. Amma qaydalara əsasən, sonradan yenidən vətənə qayıdıb, Xarici İşlər Nazirliyinin mədəni əlaqələr şöbəsində işləməyə başladım. İlk dəfə səfir kimi işimin icrasına isə 2005-ci ildə Ekvadorda başladım və 2007-ci ilədək bu ölkədə qaldım. Ekvadorda fəaliyyət müddətimi tamamlayandan sonra yenidən Qahirəyə qayıtdım. Bu dəfə mənə Xarici İşlər Nazirliyinin xarici müqavilələr bölməsində məsul vəzifə tapşırdılar. Məlumat üçün deyim ki, Misirlə bütün xarici ölkələr arasında mədəniyyət sahəsində müqavilələr məhz bu bölmədə hazırlanır və imzalanırdı. Amma burada da çox qalmadım – 2009-cu ildə ölkəmizin Kanadanın Monreal şəhərindəki baş konsulu təyin edildim və beləliklə növbəti illərimi bu uzaq şimal ölkəsində keçirməli oldum. Nəhayət, 2012-ci ildə təkrar vətənə qayıdıb, əvvəl çalışdığım xarici əlaqələr şöbəsində işimi davam etdirdim...


- Maraqlıdır, hara getsəniz də qayıdanda məhz mədəni əlaqələr şöbəsində işləmisiniz...

- (Gülür). Mədəniyyət çox zəngin və geniş sahədir. O cümlədən, Misirin xarici siyasətinin əsas istiqamətlərindən biri də məhz mədəni əlaqələri genişləndirməkdir. Mən də çox sevirdim bu sahədə işləməyi. Elə bu dəfə də beynəlxalq mədəni əlaqələr şöbəsində nazir müavininin köməkçisi təyin olundum və məhz bu şöbədən də Azərbaycana səfir vəzifəsinə təyinat almışam.

- Ailə üzvləriniz də buradadır, yoxsa təksiniz?

- Yoldaşım da səfirdir və başqa bir ölkədə Misiri təmsil edir. İki qızım var, biri burada yanımdadır. Amma inşallah, məzuniyyətə çıxanda yoldaşım yəqin ki, bizə baş çəkməyə gələcək.

- Hər ikiniz səfirsiniz, çox vaxt fərqli ölkələrdə çalışırsınız, ailənin işlə bağlı bir yerdə olmaması sizə çətinlik yaratmırmı?

- Əvvəllər çox çətin idi, amma sonradan alışdıq. Hərəmiz bir yerdə olsaq da, üzərimizə düşən diplomatik missiyanı uğurla davam etdiririk. Çalışırdım ki, qızlarım mənimlə qalsın. Amma vaxtaşırı ailəmiz məhz Misirdə bir yerə toplaşır. Məsələn, mən Fransada işləyəndə yoldaşım Qazaxıstanda səfir idi – aramızda coğrafi məsafə çox olsa da, vaxt tapıb görüşürdük. Onu da deyim ki, təyin olunduğumuz işin məsuliyyətini anlayırıq və qiymətləndiririk. Məsələn, mən Kanadada işləyəndə hansısa bayramda yoldaşıma deyirdim ki, getməliyəm. Ya mənimlə gedirdi, ya da tək gedirdim, əsas odur ki, işimizin məsuliyyətini dərk edirdik. Bilirsiniz, Şərq mentaliteti var, bəzən kişilər xanımını qısqana bilər, şükür ki, bizdə belə bir problem yoxdur.

- Bir dəfə İngiltərənin Bakıdakı konsulu mənimlə müsahibədə dedi ki, yoldaşı da yanındadır, hətta səfirlikdə maliyyə şöbəsində işə düzəlib...

- Bizim Misir Xarici İşlər Nazirliyində son qaydalara görə, ailəni qiymətləndirmək baxımından ərlə arvadın bir yerdə işləməsinə icazə verilir. Amma bu bizə aid deyil, çünki hər ikimiz səfirik və fərqli ölkələrdə yaşayırıq.


- Bayaqdan belə başa düşdüm ki, dünyanı gəzmisiniz, ancaq əvvəllər Azərbaycanda olmamısınız. Amma inanıram ki, ölkəmiz haqda geniş məlumatınız vardı. Çünki ən azından Xarici İşlər Nazirliyindəki işinizlə bağlı azərbaycanlılarla əlaqələriniz olub...

- Hə, əlbəttə, Azərbaycana ilk dəfə məhz səfir təyinatı ilə gəlmişəm. Amma gümanınız doğrudur ki, gəlməsəm də, 1994-cü ildən başlayaraq, bu bölgə dövlətləri ilə iş çərçivəsində təmas qurduğum azərbaycanlılar Azərbaycanla bağlı məndə geniş təsəvvür yaratmışdılar. Bir müqayisə aparım: yoldaşımın yanına – Qazaxıstana bir neçə dəfə getmişəm. Ora çox böyük ölkədir, təbii sərvətlərlə zəngindir və sair, amma qışda soyuq olur. Azərbaycan daha yaxşıdır. Mən eşitmişdim ki, Azərbaycan sürətlə inkişaf edir. Amma təsəvvür eləməzdim ki, belə sürətli tərəqqiyə, uğurlara imza atıb. Yəni bura gələndən sonra eşitdiyimdən qat-qat böyük nailiyyətlərin şahidi olmuşam. Azərbaycan müqayisəedilməz dərəcədə perspektivli ölkədir.

- Yeni gəlsəniz də, Azərbaycanın gəzib-görməli yerlərinə getdinizmi? Məsələn, bu ayın əvvəlində Göyçayda nar festivalı keçirildi...

- (Gülür). Mən daha çox almaya üstünlük verirəm. Qubada olmuşam, qarlı dağları ilə məşhur Qusara baş çəkmişəm, amma mən gedəndə hələ qıш gəlməmişdi deyə orada qar yox idi. Amma planlarım çoxdur. Hətta həftə sonlarında imkan tapıb, bir sıra yerlərə gedəcəyəm. Eşitmişəm ki, burada çox gözəl nar yetişir. Mən bu ölkədə təkcə manqo görməmişəm, hansı ki, Misirdə onun iyirmidən çox növü var. Çox istərdim ki, o meyvələrdən gətirib burada yetişdirək.

- Siz indiyədək ikinci xanım səfirsiniz ki, Misiri Azərbaycanda təmsil edirsiniz. Belə hiss edirəm ki, misirli xanımlar ictimai-siyasi işlərdə çox aktivdirlər...

- Misirdə qadınlarla kişilər arasında ayrıseçkilik yoxdur, hamısı qanunla bərabərhüquqludur. Tək səfir deyil, bu gün Misir qadınları ictimai sferanın bütün sahələrində müxtəlif vəzifələrdə çalışırlar. Hətta nazir xanımlar var Misirdə. Məsələn, Camal Əbdül Nasir dövründə Misirin ictimai işlər üzrə naziri qadın idi. Əhali artdıqca, ictimai sahələr də çoxalır. Bir misal da çəkim: əvvəl bizdə vəkil qadınlar olsa da, hakim vəzifələrində işləmirdilər. Son beş ildə isə artıq qadınlar hakim vəzifəsinə də seçilirlər. Hansı ki, əvvəllər cəmiyyətdə bəzi sahələrdə ancaq kişilərin işləyə bilməsi barədə səhv düşüncə vardı. Amma qadınlar sübut elədi ki, onlar bütün işlərin öhdəsindən gələ bilərlər. Hazırda Misir prezidentinin milli təhlükəsizlik üzrə müşaviri qadındır.


- Hər bir səfirin dövlətin tapşırıqlarından əlavə planı olur. Yəni fəaliyyəti dövründə hansısa sahədə nə iş görəcəyinə dair bir növ sürprizlər edir. Bu baxımdan siz nə edəcəksiniz?

- Misirlə Azərbaycan arasında münasibətlər həmişə olduğu kimi sabitdir, inkişaf edir. Yəni dövlətlərarası əlaqələr elə sabit müstəvidə inkişaf edir ki, heç mənim şəxsi planlarıma ehtiyacı da yoxdur. Amma düşünürəm ki, əlaqələri daha da genişləndirmək baxımından iki istiqamət mövcuddur: mədəniyyət və ticarət sahələri. Məsələn, Azərbaycanda Misir Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Misirdə isə Azərbaycan səfirliyi var. Bilirəm ki, Misir Mədəniyyət Mərkəzi Azərbaycanda fəaliyyəti dövründə ölkəsini tanıtmaq yönümündə böyük uğurlara imza atıb. Amma düşünürəm ki, çox təəssüflər, Misir vətəndaşları arasında Azərbaycan dövləti ilə bağlı məlumat kasadlığı mövcuddur. Ona görə də Azərbaycan səfirliyi çalışıb, bizim mədəniyyət nazirliyi ilə birlikdə çoxsaylı tədbirlər təşkil etməlidir ki, Misir mediası da onu işıqlandırsın və beləliklə əhali dövlətiniz barədə maariflənsin. Maraqlı bir misal göstərim: xarici işlər naziri müavininin köməkçisi vəzifəsində işləyəndə Gürcüstan səfiri ilə görüşdüm. O təklif etdi ki, Gürcüstan Dövlət Rəqs Ansamblını Misirə gətirək və piramidaların yanında konsert proqramı təşkil edək. Hətta 15 gürcü jurnalist də ansamblı səfər boyunca izləyəcəkdi. Mən turizm naziri ilə danışdım ki, ansamblın təyyarə biletlərini və üç gün qalmaları üçün otel xərclərini ödəsinlər. Misir dövlət teleradio şirkəti ilə də danışdım ki, bu müddətdə ansamblın konsert proqramlarını işıqlandırsınlar. Bundan əlavə, arxeologiya nazirliyi ilə də danışdım ki, piramidaların qarşısında Gürcüstan rəqs ansamblına konsert vermək üçün şərait yaratsınlar. Qahirə meriyasına da zəng vurdum ki, konsert zamanı təhlükəsizliyi təmin etmək üçün tədbirlər görsünlər. Nəticəyə baxın: tədbir Misir televiziyasında işıqlandırıldı və böyük kütlə baxıb gördü ki, Gürcüstan var, onun mədəniyyəti var və sair. Demək istəyirəm ki, Azərbaycan səfirliyi də buna bənzər tədbirlər keçirməlidir ki, Misirin sadə xalqı Azərbaycanla bağlı məlumat ala bilsin. Əlbəttə, Misir hakimiyyəti sıx əlaqələrə malikdir və bütün səviyyələrdə Azərbaycanı dəstəkləyir. Amma sıravi insanlar ümumiyyətlə, Azərbaycanı tanımırlar. Misir hakimiyyəti Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır, amma sadə misirlilər heç bilmirlər ki, Qarabağ nədir və ya haradadır. Mən Azərbaycan Prezidenti ilə görüşəndə o da dedi ki, ölkələrimiz arasında məlumat azlığı hiss olunur. Prezidentin sözlərində həqiqət var, mən görüşdə qəti hiss etdim ki, o, əsl dövlət adamıdır və işarə vurur ki, bu məsələyə diqqəti artırmaq lazımdır. Bizim də üzərimizə bəzi işlər düşür. Doktor Əhməd Sami məsləhət gördü ki, bir qrup media nümayəndəsini Misirə göndərək, tarixi yerləri görsünlər, misirli həmkarları ilə görüşsünlər, teleradio şirkətinin təmsilçiləri ilə bir araya gəlsinlər və sair. Təbii ki, Misir mediası bu görüşləri işıqlandıracaq və nəticədə xalqımız Azərbaycanla bağlı məlumatlar alacaq. İnşallah, daha sonra misirli jurnalistlərdən ibarət heyəti də Azərbaycana dəvət edəcəyik. Bundan başqa, istərdik ki, misirli iş adamlarını dəvət edək, gəlib azərbaycanlı həmkarları, tərəfmüqabilləri ilə tanış olsunlar, yerli bazarı öyrənsinlər və sair. Məsələn, Misir istehsallı yüksəkkeyfiyyətli dərmanların Azərbaycana gətirilməsi yaxşı olardı. Çünki bildiyim qədər burada dərmanlara tələbat var. Amma bütün bunlarla yanaşı başa düşürəm ki, Bakı ilə Qahirə arasında birbaşa hava reysləri açılmalıdır və artıq müqavilə də imzalanıb. Bu yaxınlarda nümayəndə heyəti gəlməliydi ki, danışıb görsünlər ilk uçuş nə vaxt olacaq, amma səfər təxirə salındı...

- Səbəb nə idi, niyə gəlmədilər?

- Bilirsiniz ki, Rusiya təyyarəsi Misir səmasında qəzaya uğradı və onun istintaqı gedir. Qahirədə hesab edirlər ki, bu məsələ sakitləşincə gözləyək.


- Sizdə belə bir məlumat varmı ki, ölkələrimiz arasında ticarət dövriyyəsi nə qədərdir?


- Məndəki məlumata əsasən, 2011-ci ilədək bu rəqəm 1 milyard dollar səviyyəsində olub və əsasını da neft məhsulları təşkil edib. Amma sonrakı illər barədə dəqiq rəqəm əldə edə bilməmişəm hələlik.

- Hətta 1 milyard dollar da çox azdır...

- Elədir, amma nəzərə alaq ki, Misiri Azərbaycanın qonşuları ilə müqayisə edə bilmərik. Çünki İran və Türkiyəni Azərbaycanla quru, hava, su – bütün növ nəqliyyat birləşdirir, üstəlik məsafə baxımından da qonşusunuz. Ən vacibi isə sizləri dil birləşdirir və бу səbəbdən də idxal-ixrac zamanı problem yaranmır. Məsələn, bildiyimə görə, İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. Deməli, onlar Azərbaycanla heç bir çətinlik yaşamadan əlaqə qura bilirlər.

- Yaxın vaxtlarda, fərqi yoxdur, Bakıda və ya Qahirədə biznesforum, yaxud da hökumətlərarası komissiyanın iclası keçiriləcəkmi?

- Hə, Azərbaycan tərəfinin təklifi ilə yanvarın 27-də hökumətlərarası komissiyanın iclası Qahirədə keçiriləcək. Orada bir sıra müqavilələrin imzalanacağı da gözlənilir. Artıq Misir hökumətinə bu haqda məktub göndərmişik ki, iclas proqramını təsdiqləsinlər.


- Yaxın vaxtlarda Misirdən Azərbaycana hər hansı dövlət və hökumət nümayəndəsinin rəsmi səfəri gözlənilirmi?

- Misir prezidenti cənab Sisinin Bakıya səfərini gözləyirik və artıq ona Azərbaycan tərəfinin rəsmi dəvət məktubu təqdim olunub. Güman ki, cənab prezidentin səfəri reallaşarsa, onu dövlət və hökumət təmsilçiləri, eləcə də işadamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edəcək. İnşallah, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da irəli getməsinə stimul olacaq.

P.S. Səfir Suzan Cəmillə müsahibəmizin alınmasında bizə əvəzsiz kömək göstərdiyi üçün Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Сami Elaydiyə təşəkkür edirik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net