Özəl prodakşınlar serial çəkilişlərini niyə dayandırır?
Tarix: 25-11-2015, 16:42 |
Çap et
Yeni mövsümdən etibarən bir çox serialların, layihələrin anonslarını görüb həvəsləndik ki, bu mövsüm istirahət vaxtımız asudə keçəcək. Çox keçmədi ki, bəh-bəhlə təqdim olunan anonslarda gördüyümüz layihələrin bir qismi bir-iki bölüm yayımlandıqdan sonra bağlandı, bir qismi isə bir neçə aylıq çəkilişlərə ara verdi.
Bu hallara daha çox serial aləmində rastladıq. Belə ki, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan, sevilən “Bozbash pictures” serialının çəkilişləri dayandı. Bir aydan sonra yenicə efirə qədəm qoyan, nümayiş olunduğu ilk bölümündən etibarən tamaşaçı sevgisi qazanan “QaynanaMız” serialı bir müddətlik fəaliyyətini dayandırdı. Görəsən serial aləmində nələr baş verir? Ümumiyyətlə, özəl prodakşınlar serial sahəsində nə üçün zəiflik nümayiş etdirirlər? Onları geri addım atmağa nə vadar edir?
“Vəziyyət ötən ilki kimi yaxşı deyil”
“Bozbash pictures” serialının prodüseri, aktyor İlkin Həsəni bizimlə söhbətində bildirdi ki, serialın çəkilişləri dayandırılıb: “Çox güman ki, “Bozbash pictures” serialı bundan sonra çəkilməyəcək. Tam olaraq komanda heyəti ilə yığışıb bir qərar verməmişik. Hazırda film çəkilişləri ilə məşğul olduğumuz üçün başımız çox qarışıqdır. Yeni filmimizin çəkilişləri bitib, artıq montaj işləri ilə məşğuluq. Bu filmimiz də “Bozbash pictures”-ə aiddir. Ola bilsin ki, bundan sonra serial fəaliyyətimizi dayandırdıq. İldə iki dəfə film çəkərək fəaliyyətimizi davam etdirdik”. İ.Həsəni yaxın zaman ərzində mətbuat nümayəndələrinə açıqlama verəcəyini də qeyd etdi.
Aparıcıya “Sizcə, nə üçün prodakşınlar serial çəkilişinə son qoyurlar?” sualı ilə müraciət etdik. Müsahibimiz bildirdi ki, hazırda özəl prodakşınların çəkdikləri serialların hamısının çəkilişlərinə son qoyulmayıb: “Bəzi serialların yayımlanmasına müəyyən qadağalar qoyulmuşdu, bu səbəbdən də onlar fəaliyyətini dayandırıblar. Bəziləri isə öz fəaliyyətlərini bir çox səbəblərdən dayandırıb, ola bilsin ki, növbəti aylarda onlar fəaliyyətlərini davam etdirdilər. Bizim serialımız uzun müddətdir ki, yayımlanır. Komanda heyəti hazırda filmin çəkilişlərinə başı qarışdığı üçün serial çəkilişləri ilə məşğul ola bilmirik. Yaxın həftə ərzində fikrimizi qətiləşdirdikdən sonra ya davam edəcəyik, ya da tam yeni bir layihə ilə tamaşaçıların qarşısına çıxacağıq. Bizim dayanmaq fikrimiz yoxdur. Yenə də çəkəcəyik. Hələ ki bu haqda düşünürük. Keçən ilə nisbətən bu ilki iqtisadi durum da bəzi prodakşınlara, şirkətlərə təsir göstərib. Serialın ərsəyə gəlməsində rol oynayan sponsorların bəziləri iqtisadi durumla bağlı fəaliyyətini dayandırıblar. Məhz bu səbəbdən seriallara maliyyə vəsaiti ayırmırlar. Ona görə də bir çox seriallar bağlanır. Vəziyyət ötən ilki kimi yaxşı deyil”.
Sponsor tapmaq çox çətin məsələyə çevrilib
“SOY” prodakşının rəhbəri Oqtay Əliyev də sponsor tapmağın çətin olduğunu bildirdi: “Əvvəllər dövlət tərəfindən serialların çəkilişinə pul ayrılırdı. Prodakşınlar dövlət maliyyəsi hesabına rahat serial çəkə bilirdilər. İndi isə dövlət tərəfindən seriallara bir o qədər də pul ayrılmır. Serialın keyfiyyətli alınması üçün yaxşı sponsor lazımdır. Bu gün sponsor tapmaq çox çətin məsələyə çevrilib”.
O.Əliyev bəzi prodakşınların düzgün sxemlə işləmədiklərini də dilə gətirdi: “Serial aləmində məsələ belədir ki, serialı çəkməmişdən öncə onun ssenarisini kanala təqdim edirlər. Əgər kanal onu istəyirsə, belə bir serialın onun kanalında yayımlanmasına razılıq verirsə, ondan sonra gedib serialı çəkirlər. Ancaq bizdə prodakşınlar serialı çəkib kanala verirlər. Belə olan halda, kanal rəhbərliyi onlara təqdim olunan serialla bağlı sifariş etmədiyini deyir. Kanal rəhbərliyi bildirir ki, bu serial onların strategiyama aid deyil, onun üçün çox zaman çəkilən serialları qəbul etmirlər. Belə hesab edin ki, mən şalvar tikmişəm, onu gətirib sizə göstərib, məcbur edirəm ki, siz bunu almalısınız”.
Bir çox uğurlu serialların çəkilişlərinə imza atan prodüser yaxşı təklif, layihə olarsa, yenidən serial çəkilişlərinə başlamaq niyyətindədir: “Bizim maraq dairəmizə uyğun sifarişlər olarsa, bu haqda fikirləşərik”.
Seriala pul ayırmaq şirkətlərin maraq dairəsindən uzaqdır
“Öz prodakşın”-ın rəhbəri, kinoşünas Fehruz Şamıyev məsələ ilə bağlı bizimlə söhbətində qeyd etdi ki, özəl şirkətlər hansısa bir maliyyə vəsaiti tapdıqdan sonra serial istehsal etməyə başlayırlar. Bundan sonra ikinci bir problem ortalığa çıxır - həmin serialı hansısa bir kanal nümayiş etdirəcəkmi və yaxud prodakşının çəkdiyi serial televiziya rəhbərliyinin marağında olacaq, yoxsa yox: “Özəl prodakşınlar öz maliyyələri hesabına serial istehsal etməkdə bir qədər tərəddüd edirlər. Digər tərəfdən, sponsorlarla işləyib, serial ortaya çıxaran şirkətlər də var. Prodakşınlar maliyyə tapmaqda olduqca çətinlik çəkirlər. Azərbaycanda xidmətlə məşğul olan özəl sektor subyektləri seriallara vəsait ayırmaqda maraqlı deyillər. Həmin şirkətlər seriallara vəsait ayırmaqdansa, özləri haqqında qısa reklam roliklərinin çəkilməsinə üstünlük verirlər. Onların serial çəkən şirkətlərə həm marağı azdır, həm də serial çəkilibsə, onu kanallarda nümayiş etdirmək bir qədər çətindir. Belə ki, prodakşınlar serialı çəkmək üçün maliyyə tapırsa, ola bilər ki, televiziya kanalı ilə həmin şirkətlər arasında problemlər yaşansın. Bu da həmin şirkətlərin sponsorluğunda müəyyən qədər çətinliklər yaradır”.
F.Şamıyev söhbət əsnasında bildirdi ki, burada ən başlıca səbəb Azərbaycanda özəl şirkətlərin müstəqil prodakşınlara vəsait ayırmamasıdır. Şirkətlərimiz serial sənayesinə qarşı bir az etinasızdırlar: “Azərbaycanda inkişaf etmiş özəl şirkətlər o qədər çox da deyil deyə, açıq rəqabət də yaranmır. Məhz bu səbəbdəndir ki, seriala pul ayırmaq şirkətlərin maraq dairəsindən uzaqdır. Verilişlərə sponsorluq edən şirkətlərin əksəriyyəti də hansısa tanışlıq, şəxsi əlaqələr hesabına ortaya çıxır. Çox aşağı qiymətlə, normadan az məbləğlə sponsorluq edirlər”.