Neft 20 dollara düşsə- Azərbaycan üçün iqtisadi şok təhlükəsi...
Tarix: 25-11-2015, 14:52 |
Çap et
Dünya bazarında soba mazutuna tələbat azalacağına görə, artıq bu qış mövsümündə neftin 1 barelinin qiyməti 20 ABŞ dollarına qədər düşə bilər. “Goldman Sachs” investisiya bankının analitikləri səsləndiriblər. “Bazarın davam edən yenidən balanslaşdırılmasının olduqca yavaşlaması riski mövcuddur. Çünki ehtiyatların davam edən artımı buna işarə edir”,- deyə bank müştərilərinə məktubunda bildirib.
Kortirovkalar üçün əsas risk meteoroloqların proqnozlarına görə, son 50 ildə ən güclü olacaq “El-Ninyo” hava fenomeninin inkişafı ilə bağlıdır. Nəticədə ABŞ və Avropada qış anomal isti keçəcək və bu səbəbdən soba mazutuna tələbat da azalacaq. “Bu risk həyata keçərsə, o, kortirovkaları maya dəyərinə qədər gətirib çıxaracaq bə bazarda yeni korreksiyaya təkan verəcək. Neftin barelinin maya dəyəri isə 20 dollar səviyyəasində qiymətləndirilir”,- deyə “Goldman Sachs” yazır.
Lakin analitiklər hesab edirlər ki, kəskin düşəndən sonra, qiymət artımının bərpa olunacağı ehtimal edilir: “Ən azından buna 1986, 1988 və 1998-ci illərdə müşahidə edilən oxşaq statistika da dəlalət edir”.
Qeyd edilir ki, bazarda pay uğrunda mübarizə üçün endirimlər elan etməklə, neftin qiymətinin sürətlə düşməsinə OPEC üzvləri özləri də yardım edir. Bir həftə əvvəl “Saudi Aramco” Səudiyyə Milli Neft Şirkəti bu ilin sonu üçün rəsmi satış qiymətini aşağı salıb. Belə ki, amerikalı istehlakçılar “Arab Light” yüngül neftini 1,6 dollar endirimlə (noyabrda - 2,05 dollar), “Arab Heavy” markalı ağır nefti isə 2,2 dollar (noyabrda 1,75 dollara qarşı) diskontla alacaqlar.
Analitiklər qeyd edirlər ki, hazırda dünya neft bazarı ifrat hasilat şəraitindədir. Belə ki, neft anbarları “ağzına qədər” doludur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrinin kommersiya xarakterli xammal ehtiyatları tarixi rekord həddə (2,942 milyard barel) çatıb. Strateji dövlət ehtiyatları ilə birgə bu rəqəm 4,525 milyard barel təşkil edir. Hələ təxminən 1 milyard barel neft isə üzən neft anbarlarına çevrilən dreyf tankerlərin göyərtəsində saxlanılır. Ötən həftə ABŞ-ın kommersiya ehtiyatları yenidən 0,25 milyon barel artıb.
Yerli ekspertlər isə bildirirlər ki, neftin qiymətinin 20 dollara qədər aşağı düşməsi olduqca bədbin proqnozdur. Yəni neft bu qiymətə düşsə də, uzun müddət həmin səviyyədə qala bilməz. Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, neftin qiymətinin 20 dollara enməsi çox bədbin proqnozdur: “Amma gerçəkləşməsi mümkündür. Uzun müddət qiymətin o səviyyələrdə qalması ehtimalı o qədər yüksək deyil. Neft 20 dollara düşə bilər. Amma çox uzun müddət o səviyyədə qala bilməz. Müəyyən müddətdən sonra 40-50 dollar civarında olan səviyyələrə qalxa bilər. Çünki dünyada qiymət siyasəti tək bu günə hesablanmır. Gələcək yatırımların da özündə ehtiva edir. Ona görə belə kəskin enmənin uzun müddət davam etməsi mümkünsüzdür. Amma təbii ki, neft 20 dollara düşə bilər. Bu zaman Azərbaycanda baş verən prosesləri təsəvvür etmək o qədər də çətin deyil. Çünki Azərbaycanda çox primitiv iqtisadi model olduğundan və neftdən asılılıq çox yüksək səviyyəəd olduğundan, öncədən də proznozlaşdırmaq olar ki, nə baş verəcək. Azərbaycanın özündə çıxarılan neftin Ceyhan limanından götürülməsi ilə bir yerdə maya dəyəri təqribən 11 dollardır. 20 dollara satılacağını təsəvvür etsək, onda 9 dollara yaxın gəlir qalır. Amma onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda çıxarılan neftin 75 faizi Azərbaycana məxsusdur. Qalanını, 25 faizini beynəlxalq konsorsium götürür. Tək bp deyil, həm Beynəlxalq Əməliyyat Şirkəti adı altında bir neçə şirkətin birləşdiyi qurum 25 faizə sahiblənir. Yəni 9 dolların da 75 faizi bizə çatacaq. Bu da heç 6 dollar da etmir. Bunun özü onu göstərir ki, Azərbaycanın gəlirləri kəskin azalacaq. Büdcədə gələn ildən neftin bareli 50 dollardan götürülür. Həm büdcənin formalaşmasında, Neft Fondunun gəlirlərinin formalaşmasında çoxlu problemlər yaşanacaq”.
N.Cəfərlinin sözlərinə görə, nəticədə Azərbaycan manatına basqılar həddindən artıq sürətlə artacaq: “Manatla bağlı yenidən kəskin devalvasiyasının olması ehtimalı həddindən artıq yüksələcək. Azərbaycanın tədiyyə balansında ciddi mənfi saldo yaranacaq. Mərkəzi Bankın ehtiyatlarının ərimə sürəti daha daha artacaq və hökumət məcbur olacaq ki, Neft Fondundan, müəyyən rezervlərdən istifadə edərək Azərbaycanda iqtisadiyyatın az da olsa ayaqda qalmasına köməlklik etsin. Mərkəzi Bankın rezervlərini artırsınlar. Yəni Azərbaycan iqtisadiyyatı buna hazır deyil. Azərbaycanın uzun illər neftdən asılı olan iqtisadi modeli belə kəskin enmələrə öncədən hazırlanmamışdı və hazırlıq görülməmişdi. Hətta dünyada neftin qiymətinin uzun zaman 40-45 dollar civarında olması belə Azərbaycan iqtisadiyyatına zərbələr vuracaq. Ona görə əsas problem odur ki, uzun zaman, bir neçə il dünyada neftin qiymətinin aşağı səviyyələrdə, 40-45 dollar olması ehtimalı çox yüksəkdir. Bunun özü Azərbaycana ciddi iqtisadi şok yaşada bilər. Hətta neftin 40 dollara belə satılması Azərbaycan iqtisadiyyatının qaldıra bilməyəcəyi problemlər yarada bilər”.
Qeyd edək ki, “The Daily Telegraph” qəzeti yazır ki, dünyada neft anbarlarının qıtlığı başlayıb. İzafi nefti saxlamaq üçün dənizdəki tankerlərdə də yer yoxdur. Ekspertlərin fikrincə, məhz bu vəziyyət neft qiymətlərinin fəlakətli enişinə səbəb ola bilər.
Neft tacirləri üçün 20 dollarlıq vahiməli proqnoz Londondakı Energy Aspects konsaltinq firması tərəfindən də təkrarlanıb: “20 dollar söhbəti gündəmə qayıdıb”.
“The Week” saytı isə bildirir ki, ekspertlər neftin “qiymət dibinə” çatdığından ona görə nikbinliklə danışırdılar ki, heç kəs bazarın bu sürətlə dolmaqda davam edəcəyini gözləmirdi. Reuters agentliyi isə “qiymət axirətinin” təxmini vaxtını verir: 2016-cı ilin matrında Brent markalı neft artıq 35 dollara enə bilər. “The Daily Telegraph” yazır ki, ötən ilin əvvəllərində barreli 110 dollara olan neftin qiyməti indi 44 dollar ətrafında ləngər vurur. Məqalədə deyilir ki, bu, OPEC istehsalçılarının və Rusiyanın Asiya və Avropada yeni bazarlar uğrunda “bir-birinin boğazını üzməyə çalışdıqları bir vaxtda baş verir”.
Səudiyyə Ərəbistanı artıq Polşa və İsveçə neft satmaqla Kremlin ənənəvi bazarına girib. Pul qıtlığı keçirən İraq elə indidən Bəsrə neftini 30 dollara satır. Anbarlar neftlə o qədər doludur ki, hazırda 100 milyon barrel dənizdəki tankerlərə doldurulub. 28 milyon barrel neft daşıyan 39 tanker Texas sahillərindəki növbədə lövbər atıb. Bu arada İran daha 30 milyon barrel neftini bazara çıxarmaq üçün sanksiyaların qaldırılmasını gözləyir.
“Dünya neftin içində üzür…- deyir PVM neft brokerləri qrupunın rəhbəri David Hufton, – Üzləşdiyimiz göstəricilər dəhşət doğurur. Anbarlardakı ehtiyatlar iki ildir ki, artmaqdadır. Bu, misli görünməmiş vəziyyətdir”. Onun sözlərinə görə, bu vaxtadək vəziyyəti az-çox nəzarət altında saxlayan, Çinin öz strateji anbarları üçün gündə 200-300 min barrel neft alması idi.
Hərçənd Çinin anbarlarında 50 günlük ehtiyat olsa da, onun bundan sonra nə qədər neft alacağı bəlli deyil. Amerika anbarlarının 70 faizi doludur. Bu isə o deməkdir ki, orada daha 150 milyon barrel üçün yer var. Amma OPEC-in hasilatı hazırda günə 2 milyon barreldir. Səudiyyə strateqləri düşünə bilərlər ki, onların bazarı doldurmaq taktikası bəhrə verir. Çünki dünya boyunca 200 milyard dollarlıq uzunmüddətli neft layihələri təxirə salınıb.