"Qanlı Yanvar" Hindistanın ən məşhur kinoteatrında nümayiş olunacaq
Tarix: 25-11-2015, 14:39 |
Çap et
"Qanlı Yanvar" bədii filmi artıq Hindistanın 46-cı Beynəlxalq film festivalına qatılıb.
ANS PRESS-in məlumatına görə, Hindistanda keçirilən festivalın əsas proqramına daxil edilən filmin ilk nümayişi noyabrın 26-sı, ikinci nümayişi isə noyabrın 27-sinə planlaşdırılır.
"Qanlı Yanvar" filminin Asiyanın ən böyük kinofestivalında iştirak edəcəyi haqda Festivalın prezidenti Sentil Rajan şəxsən elan edib.
Azərbaycanın qanlı tarixi əks etdirən film Hindistanın Qoa şəhərinin ən məşhur kinoteatrı olan "İnox Cinema"da nümayiş olunacaq. Artıq filmin afişaları kinoteatrda asılıb, biletlərin satışına başlanılıb.
Filmin nümayişinə hazırlıqları həyata keçirən Azərbaycan nümayəndə heyətinə Festivalın gərargahında yer də ayrılıb.
Hindistanın 46-cı Beynəlxalq Film Festivalı 20-30 noyabr tarixlərində ölkənin Qoa ştatında baş tutacaq.
Hər il keçirilən festivalda bu il 90 ölkədən 289 filmin nümayiş olunacağı gözlənilir. Festivalın xüsusi qonaqları sırasında Rusiya rejissoru Nikita Mixalkov da var.
"Qanlı Yanvar" filmi bundan əvvəl də bir çox Festivallarda nümayiş olunub və müxtəlif diplomlarla təltif olunub. Ötən həftə film Estoniyanın nüfuzlu "Black Nights" festivalında nümayiş olunub.
Film oktyabrın 23-də Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalına da qatılıb.
Filmin nümayişdən sonra kinorejissor Vahid Mustafa Yevin Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən filmi postsovet məkanındakı həqiqətlərin çatdırılmasına görə diplomla təltif edilib.
Sentyabr ayında isə film Monreal beynəlxalq film festivalında nümayiş edilib. Burada da "Qanlı Yanvar" filmi festivalın xüsusi diplomuna layiq görülüb. Həmin diplomu prezident Serxio Losiq Vahid Mustafayevə şəxsən təqdim edib.
Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizədən bəhs olunan ”Qanlı Yanvar” bədii filminin rejisoru Vahid Mustafa Yev, ssenari müəllifi Vahid Naxış, operatorlar Vüsal Cəfərov, Əfşin Əlizadə, musiqi müəllifi Ərya Aziminicatdır.
"Qanlı yanvar" filmində hadisələr sovet ordusunun törətdiyi faciə fonunda cərəyan edir. Rejisor 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə baş verənləri azərbaycanlı Nərimanovlar ailəsinin gözü ilə göstərir. İki qardaş - kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar.