Bu ilin yayında baş tutan iqtidar-müxalifət dialoqunda qərara alındı ki, hər iki aydan bir belə bir görüşlərin təşkilində fayda var. Həmin vaxtdan artıq iki aydan çox vaxt keçir. Buna baxmayaraq hələ də növbəti dialoqdan əsər əlamət yoxdur.
Dünən isə Azərbaycan Demokrat Partiyası bəyanat yaydı ki, növbəti iqtidar-müxalifət görüşündə fayda var. İqtidar tərəfi Milli Məclisin bugünkü iclaslarına qatılma səbəbi ilə verilən suallarımızı cavablandırmasalar da, müxalifət düşərgəsinin adıçəkilən dialoqa maraqlı olub olmamasını öyrənməyə çalışdıq.
Məsələyə münasibət bildirən Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müavini Xəzər Teyyublu hafta.az-a açıqlamasında bildirib ki, iqtidarla müxalifət arasında növbəti dialoqa ehtiyac var:
“Burada söhbət ümummilli məsələlərdə ortaq məxrəcə gəlinməsindən gedir. Qarabağ məsələsi, ölkənin gələcəyi ilə bağlı problemlərdə həmişə ortaq məxrəc lazımdır. Dialoqa gəldikdə isə təşkilatlarda hər hansı bir müzakirələrdən sonra münasibət bildirmək mümkündür. Növbəti dialoq məsələsi hələ ki, yalnız mətbuatda yer alır. Bunun reallaşması üçün müzakirələr aparılmalıdır. Dialoqa siyasi müxalifətdən başqa iqtidarın da marağı olmalıdır. Regionda baş verən son hadisələr ölkədə müəyyən fikir təmərküzləşməsini tələb edir. Dialoqun müsbət tərəfləri qabardılmalıdır. Cəmiyyətlə məsləhətləşmələr aparılmalıdır. Müxalifət də cəmiyyətin bir parçasıdır”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə qeyd edib ki, iqtidar-müxalifət dialoqları ümummilli məsələlərdə həmişə faydalı və zəruri olub:
“Hazırkı durumda isə bunu iqtidar-müxalifət dialoqu anlamında aktual saymıram. Dialoqla bağlı təşəbbüs iqtidar tərəfdən gəlməlidir. Hazırda belə bir təklif edə edilməyib”.
Vətəndaş və İnkişaf (VİP) sədri Əli Əliyev isə bildirib ki, iqtidar-müxalifət dialoqunun seçkilərdən sonra ölkədə yaranmış siyasi tərpənməzlik vəziyyətinin yeganə çıxış yolu kimi qiymətləndirir:
“Seçkilərdən öncə bizim seçki bloku tərəfindən başladılan dialoq seçki ərəfəsində birdən-birə dayandırıldı. Hakimiyyət seçki öncəsi birtərəfli qaydada dialoqdan imtina etdi. Siyasi tərəflər arasında normal münasibətlərin olmasının tərəfdarıyıq. Bizim üçün təmas tərəflərinin kim olması və gündəlikdə duran məsələlər mühümdür. Bu şərtlər daxilində biz ölkədəki siyasi müşküllərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyıq. Dialoq bir tərəfin maraqlarına xidmət edib digər tərəfin aldadılması məqsədini güdməməlidir”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Calaloğlu isə hafta.az-a açıqlamasında vurğulayıb ki, partiya bu haqda dünən mətbuata bəyanat da verib:
“Biz özümüz müraciət etmişik ki, təcili dialoq başlamalıdır. Regionda və beynəlxalq aləmdə baş verənlər Azərbaycana çox pis prespektivlər vəd edir. Bu sityuasiyadan çıxmaq üçün təcili oturub məsləhətləşmək lazımdır. Əgər MTN səviyyəsində bu cür olaylar yaşanırsa, deməli ölkədə çox böyük təhlükələr gözlənilir. Bu məsələləri də iqtidar birtərəfli qaydada həll edə bilməz. Ona görə də iqtidar və müxalifət təcili bir araya gələrək təhlükəni neytrallaşdırmalıdır”.

