“Sumqayıt Təmizlik Departamenti” MMC-də nə baş verir?
Tarix: 24-11-2015, 09:50 |
Çap et
“Sumqayıt Təmizlik Departamenti” MMC-nin bir qrup işçisi tərəfindən imzalanmış qəribə bir məktub daxil olub. MMC-nin anbarında fəhlə kimi çalışdıqlarını qeyd edən bu vətəndaşlar, elə həmin anbarın müdiri Radim Nəbiyevin özbaşınalıqlarından şikayətlənirlər. Məkubda deyilir: “Haqqında söhbət açacağımız Radim Nəbiyev Sumqayıtdakı 37 nömrəli məktəbi bir neçə il gecikmə ilə bitirib. Yəni bu şəxs hələ orta məktəb proqramını da mənimsədiyə bilmədiyi üçün bir neçə dəfə təkrar sinifdə qalıb. Radim Nəbiyevin vəzifəsi ambardar olsa da, əslində bu şəxsin əlində çox böyük səlahiyyətlər cəmlənib. Belə ki, o, fəhlələrin əmək haqqlarını kəsməkdən tutmuş, istədiyi adamı işə götürüb - işdən çıxartmağa qədər tam səlahiyyətlərə malikdir. Hətta Radim Nəbiyevin bütün günü işdə içkili vəziyyətdə olması belə, rəhbərliyin ona qarşı hər hansı tədbir görməsi üçün səbəb olmur. Öz imtiyazlarından yetərincə bəhrələnən Radim Nəbiyev isə, həm işçiləri, həm də idarənin texnika və digər resurslarını amansızcasına istismar etməkdədir. Belə ki, idarəyə məxsus olan 90 JA 041 və 90 JA 042 dövlət nömrə nişanlı iki avtomobil də gecə-gündüz bizim ambardarın sərəncamındadır. Məsələn, supermarket və mağazalardan, həmçinin zibilxanalardan yığdırdığı karton-kağız məhsullarını Radim Nəbiyev məhz idarə maşınına yükləyərək, Hacı Zeynalabadin Tağıyev qəsəbəsinə daşıtdırır və orada yerləşən “Azərsun” şirkətinin qəbul məntəqəsinə təhvil verir. Bu tullantı biznesi hesabına o, artıq milyonçu olub...” Bu arada bir qədər haşiyədən çıxıb qeyd etmək istəyirik ki, ilk əvvəl bu bizneslə külli-miqdarda qazanc əldə etməyin mümkünlüyünə biz də bir qədər şübhə ilə yanaşdıq. Lakin mənbələr vurğulayırlar ki, həmin müəssisə kartonun bir kiloqramını 70 qəpiyə alır və Radim Nəbiyev də hər ay “Azərsun” şirkətinə təqribən 120-150 ton karton tullantı toplayıb təhvil verir. İddia olunur ki, bu əməliyyatlardan qazanılan pullar bölgüsüz-filansız Radim Nəbiyevin şəxsi cibinə axır. Daha sonra məktubda deyilir: “Bu pullar hesabına Radım Nəbiyev “Mero” deyilən yerin arxasında özünə iki mərtəbəli fərdi yaşayış evi ucaldıb. O, bu evin tikintisinə də departamentin işçilərini və texnikasını cəlb edib. Evin tikintisində istifadə olunan daş, qum və digər inşaat materialları 50 AE 289 nömrəli maşınla daşınıb-gətirilib. Sözsüz ki, bu məqamda yanacaq və sürtgü yağlarından da dövlət hesabına istifadə olunub. Həm də tikintidə çalışan işçilərin əmək haqqları Radım Nəbiyevin cibindən yox idarədən verilir. Qısası, bu idarədə Radimin qanunları hakimdir...” Bundan başqa isə, məktubda Radım Nəbiyevin yol verdiyi bəzi təxribat xarakterli əməllərindən də bəhs olunur. Bildirilir ki, bir müddət əvvəl ərazidə Ulu Öndər Heydər Əliyevin böyük bir portreti naməlum şəxslər (?) tərəfindən yandırılaraq yarasız hala gətirilmişdir. Radim Nəbiyev və onun əlaltıları isə, sonradan bu portreti doğrayaraq, əldə olunan materialdan şadlıq evləri üçün stol-stul düzəltdirilməsini təşkil etmişlər. Sonda məktubda deyilir: “Onu da diqqətinizə çatdırmaq istərdik ki, Radim Nəbiyevin bu özbaşınalıqlarının başında dayanan, cəmiyyətin sədri Rahim Musatafayevdir. Bir necə il öncə Ağsuda yaşamış bu şəxsi Vaqif Əliyev sözügedən idarəyə sədr təyin etmişdi. Xalaoğlu olan bu şəxslər qısa müddət ərzində Sumqayıt şəhərində özlərinə kifayət qədər yaxşı şərait yarada bilmişlər. Ulu Öndərin portretinə gəlincə isə, sabiq icra başçısı Eldar Əzizov onları tutduqları əməllərinə görə danlamışdı. Hesab edirik ki, bu hərəkət dövlətimizə və dövlətçiliyimizə qarşı böyük hörmətsizlik və dərin nifrət əlamətidir. Sizdən bütün bu neqativ, xoşagəlməz hadisələri lazımı orqanlara çatdırmanızı xahiş edirik.”
Ümid edirik ki, məqalənin dərcindən sonra aidiyyatı olan qurumlar məsələyə aydınlıq gətirmək üçün müvafiq araşdırma aparacaqlar. Bizim üçün isə, irəli sürülən ittihamlara “Sumqayıt Təmizlik Departamenti” MMC-nin rəhbərliyinin də mövqeyini öyrənmək çox maraqlı olardı.