38 saylı dairənin də nəticələri ləğv edilə bilər: Naqif Həmzəyev üçün "son zəng"
Tarix: 18-11-2015, 10:13 |
Çap et
Mərkəzi Seçki Komissiyasının (MSK) ötəngünkü iclasında 90 saylı Ağdaş Seçki Dairəsindən edilən şikayətlərə əsasən dairənin nəticələri ləğv edilib. Beləliklə, deputatlığa namizəd və dairənin "lider namizədi", "Azəiqazbank"ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev faktiki mandatdan məhrum edilib.
Yayılan məlumatlarda bildirilir ki, MSK bu qərarı Əsədullayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqədə olması üzə çıxdıqdan sonra verib. Belə ki, Əsədullayevin ötən seçkilərdə də Eldar Mahmudovun xahişi ilə deputat seçildiyi iddia olunur. Amma Mahmudov vurulduqdan sonra onun bütün komandası iqtidar tərəfindən zərəsizləşdirilir. Məhz bu planın tərkib hissəsi olaraq, deputat bu dəfə mandatdan məhrum edilib.
Qeyd edək ki, bir müddət öncə hakimiyyətin "maliyyə xəyanətləri" ilə bağlı başlatdığı əməliyyatlar zamanı da Çingiz Əsədullayevin istintaqa cəlb olunması və dindirilməsi ilə bağlı xəbərlər yayılmışdı.
Arqument.Az-a daxil olan ilginc məlumata görə, hakimiyyət bəzi dairələrə yenidən "əl gəzdirmək" qərarına gəlib. Məlumata görə, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin də nəticələrinin ləğv edilməsi müzakirə predimentinə çevrilib.
Mənbə bildirir ki, bu dairədən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən Naqif Həmzəyevin adının müxtəlif qalmaqallarda, "MTN işi" və nurçularla yaxınlıqda hallanması dairənin nəticələrinə yenidən baxılmasını aktuallaşdırıb.
İddia olunur ki, prosesin gedişi Naqif Həmzəyevin də mandatdan məhrum edilməsi ilə nəticələnə bilər. Hazırda onunla bağlı araşdırmaların aparıldığını deyən mənbə iddia edir ki, artıq bununla bağlı Gəncənin icra başçısı Elmar Vəliyevə də məlumat sızdırılıb. Son günlər Həmzəyevin MTN-ə yaxınlığı ilə bağlı yayılan xəbərlər isə onun özünü də çətin vəziyyətdə qoyub.
Görünür, hakimiyyət gələcəkdə ciddi problemə çevriləbiləcək şəxsləri indidən "təmizləməyə" qərar verib. Bu da bir çox dairələrdə yapçı və müstəqil namizədlərin mandatdan məhrum edilməsi ilə nəticələnəcək.
Onu da qeyd edək ki, ötən il prezidentin sərəncamı ilə Prezident Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbəsinə müdiri Elnur Aslanov da Gülən camaatı ilə sıx əlaqədə olduğuna görə vəzifəsindən azad edildi. Türkiyə mediası onun işdən çıxarılması xəbərini "Azerbaycan imamı görevden alındı” başlığı ilə təqdim etmişdi.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.