Ölkəni silkələyən generalitet əməliyyatında şok gəlişmələr
Tarix: 3-11-2015, 09:19 | Çap et
Ölkəni silkələyən generalitet əməliyyatında şok gəlişmələr
Sabiq MTN şefi ilə əlaqəli olduğu deyilən Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin və deputat qardaşının başı cəncəldədir; Kərəm və Malik Həsənovlarla bərabər Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun da müdhiş əməlləri ifşa edilib

Azərbaycanın siyasi arsenalında son 10 gündə cərəyan edən hadisələr təlatüm effekti doğurub.

Ölkənin gündəmini silkələyən və sunami təsiri bağışlayan həbslər dalğası genişlənməkdədir. Generalitet və rabitə şəbəkəsinin birgə cinayətləri ifşa edilməkdədir.

“Gündəm-xəbər”in araşdırma qrupu son hadisələrlə bağlı mühüm məlumatlar əldə edib.

Gələn bilgilərə görə, Milli Təhlükəsizlik Nazirliyi ilə Rabitə Yüksək Texnologiyalar Nazirliyindəki yüksək çinli məmurların qruplaşmasında Əmlak Məsələləri Dövlət Komitəsinin də çinovniklərinin olduğu üzə çıxıb.

Dövlət başçısının təhlükəsizlik sektorunda etimad göstərdiyi məmurların əlbir olaraq cinayətkar bir şəbəkə formalaşdırması və prezidentə, dövlətə xəyanət etməsi sübuta yetirilməkdədir.

Beləliklə ondan başlayaq ki, Eldar Mahmudovun 2010-cu ildə ortaya çıxardığı və hakimiyyət dairələrindən şəxsi xahiş əsasında deputat seçdirdiyi şəxs Malik Həsənov var.

67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən hazırda deputatlığa namizəd olan Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşıdır.

Şərikli biznes və quda təyinatı

Böyük bizneslərə sahib olan Həsənovların Eldar Mahmudovla şərikli işləri də var. Sabiq MTN şefi ilə komitə sədrinin «Azinko» tikinti şirkəti üzərindən ortaqlıqları mövcuddur. Bundan başqa, onların digər işlərdə də əlləri olduğuna dair bilgilər var.

Bu ortaqlıqlar kadr məsələlərində də öz rolunu oynayıb. Kərəm Həsənovun DYP-də işləyən və rütbəcə kapitan olan qudası qısa müddətdə MTN-də mühüm baş idarələrdən birinin rəis müavini təyin olunub.

Ölkənin təhlükəsizliyini təmin edən bir dövlət qurumu o qədər urvatsız hala gətirilib ki, hətta əməliyyat işlərindən zərrəcə xəbəri olmayan DYP işçisi kiminsə qudası olduğu üçün mühüm postlardan birinə təyinat alıb.

Malik Həsənovun 2015-ci ildə keçiriləcək parlament seçkilərində də YAP-ın siyahısına adının düşməsinin səbəbkarı elə sabiq MTN şefi Eldar Mahmudov olub.

Malik Həsənovun yenidən namizəd olaraq, mandat qazanmasına seçkilərdən xeyli əvvəl Mahmudov təminat verib. O zaman YAP rəhbərliyindən israrlı şəkildə xahiş edib ki, Malik Həsənovu da siyahıya salsınlar və seçilməsinə yardımçı olsunlar.

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi irəli sürülən Malik Həsənovun faktiki durumu yaxşı hesab olunmur.

Dövlətə xəyanətdə ittiham olunan Eldar Mahmudovla biznes ortaqlığı və seçki məsələsində anlaşma əldə etmələri üzə çıxması səbəbindən Həsənovun seçilməsinin özü sual altına düşüb.

Noyabrın 1-də keçiriləcək parlament seçkilərinin 67 saylı dairə üzrə nəticələri məhz bu səbəbdən ləğv ediləcək. Hətta Kərəm Həsənovun vəziyyəti düzəltmək üçün araya girməsinin də heç bir fayda vermədiyi deyilir.

“Azinko” oyunları

“Gündəm-xəbər”ə bildirilib ki, Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənova məxsus olan “Azinko” Bakıda həyata keçirilən bir sıra layihələrdə iştirak edib.

Bu layihələrdən biri isə Bayraq Meydanına yaxın ərazilərdəki evlərin sökülməsindən ibarət olub. Həmin vaxt vətəndaşların zorla evindən çıxması, binalarını başlarına uçurmaları da fakt olaraq məlumdur. Mənbə bildirir ki, o zaman yarana biləcək sıxıntı və qalmaqallarla bağlı Kərəm

Həsənovla Eldar Mahmudov arasında danışıq olur və sabiq MTN şefi komitə sədrini arxayın salır ki, heç bir problem yaşanmayacaq.

Etiraz edənlərin susdurulması üçün Eldar Mahmudov Kərəm Həsənovun adamlarından istifadə edib. Amma onlara nəzarət sabiq nazirin adamları tərəfindən həyata keçirilib. Bu əsnada o da deyilir ki, Eldar Mahmudovun dəstəyi ilə “Azinko”nun iri layihələr üzrə tenderləri udmaları da sirli məsələ hesab olunmur. Bildirlir ki, həmin vaxt Dövlət Satınalmalar Agentliyindəki adamları vasitəsi ilə tenderləri “udan” Mahmudov onları Həsənova verirmiş. Müqabilində külli miqdarda pul alırmış. Qeyd edilir ki, Kərəm Həsənovla Eldar Mahmudovun sözügedən tikinti şirkətindəki şəriklk payları da fərqli olub. Məlumata görə, “Azinko”nun gəlirlərinin 40 faizi sabiq nazirə, 60 faizi isə Həsənov qardaşlarına çatırmış.

Dövlət Reyster Xidmətinin rəisinin verdiyi siyahı

Bundan əlavə, Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov paytaxtdakı bir çox iş adamlarına və məmurlara aid əmlakların siyahısını Eldar Mahmudovun dəstəsinə veribmiş.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən azad edildikdən sonra bu qurumda bir çox şəxslərin həbs olunması və işdən çıxarılması davam edir.

Eldar Mahmudovla Əmlak Məsələləri Dövlət Komitəsi sədri Kərəm Həsənovun isti və soyuq münasibətləri ilə bağlı müxtəlif məlumatlar yayıldı. Həmin məlumatlarda qeyd olunur ki, Kərəm Həsənov hansısa bir səbəbdən MTN nazirinə bir neçə milyon hesab verib.

Komitə sədri ilə MTN nazirinin arasında milyonluq sövdələşməsi baş verib. Kərəm Həsənovun ətrafından Eldar Mahmudovun toruna düşən ilk yüksək vəzifəli şəxs isə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov olub.

Məhəmməd İmanovun Əmlak Komitəsində əsas kilid adamlardan biri olduğu və KərəmHəsənovun "qara kasası" rolunu oynadığı bir çoxlarına bəllidir. Məhəmməd İmanovun ən yaxın adamı hansısa bir obyekti özəlləşdirmək üçün külli miqdarda rüşvət aldığı zaman MTN-nin işçiləri tərəfindən həbs olunub.

1 milyon dollar rüşvət

Xidmət rəisinin ən yaxına adamının MTN-də Məhmməd İmanova və Kərəm Həsənova qarşı dəqiq faktlara dayanan ifadələr verməsi komitə sədri ilə "qara kassanı" çətin vəziyyətə salıb.

Həbs olunan şəxsin azad olunması və məsələnin ört basdır edilməsi üçün Reyster Xidmətinin rəisi Məhəmməd İmanov MTN generallarından birinə 1 milyon dollar rüşvət veribmiş.

Həmin 1 milyon dollar rüşvətin 500 min dolları nəğd şəkildə nazirin ən yaxın adamlarının birinə verilib, yerdə qalan məbıəğ isə 2 gün ərzində "Zamin Bankın" paytaxtdakı filiallarından birindəki hesaba köçürülüb. Məhəmməd İmanovun 1 milyon dollar hesab verdikdən sonra həbs olunan şəxs azadlığa çıxıb.

Bundan sonra isə komitə sədri ilə MTN nazirinin arasındakı münasibətlər istiləşməyə başlayıb və tərəflər arasında «işgüzar» münasibətlər qurulub. Belə ki, paytaxtdakı bir çox özəlləşməyən obyektlər Eldar Mahmudovun istəyi ilə MTN şefinə yaxın olan adamlarının adına sənədləşdirib.

“Kupça” alveri

Komitə sədrinin qardaşı Şahin Həsənovun MTN-də beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirildikdən sonra isə bu münasibətlər ən yüksək səviyyədə olub və «işgüzar» münasibətlər daha da inkişaf edib.

Məhəmməd İmanov paytaxtdakı bir çox iş adamlarına və məmurlara aid olan əmlakların siyahısını Eldar Mahmudovun dəstəsinə verib. Həmin siyahı əsasında hansı iş adamının və məmurun nə qədər mal-mülkə sahib olduğunu çox rahatlıqla müəyyənləşdirilib və həmin şəxslər növbə ilə şantaja məruz qalıblar.

Qeyd olunur ki, Məhəmməd İmanovun MTN xətti ilə isti münasibətləri onun əl qolunu çox rahat şəkildə açmasına səbəb olub. Belə ki, əldə olunan razılaşmadan sonra Dövlət Reyster Xidmətinin rəisi ağına bozuna baxmadan ölkədə açıq aşkar «kupça» alverinə başlayıb.

Hətta arxayınlıq o səviyyədə olunub ki, bir neçə il əvvəl prezidentin sənədsiz evlərin Dövlət Reyster Xidməti tərəfindən qeydiyyata alınması barədə sərəncamı və tapşırığı belə icra olunmayıb.

Bu məsələyə dəflərlə qayıdılsa da, Dövlət Reyster Xidməti susqunluq fonunda verilən tapşırığı yerinə yetirməkdən faktiki olaraq imtina edib.

Avropadakı saraylar, villalar

Eyni zamanda Məhəmməd İmanov vəzifəsindən və anlaşdığı quruma arxayınçılıqdan istifadə dərək və komitə sədrinin xeyir duası ilə ölkənin müxtəlif yerlərində obyektlər almağa və paytaxtdakı bir çox boş əraziləri ələ keçirməyə başlayıb.

Mənbəmiz qeyd edir ki, Məhəmməd İmanovun çox yaxın qohumları hərbi xidməti məhz MTN hərbi hissələrində keçiriblər. Həmçinin bir neçə qohumu da məhz onun köməkliyi ilə adıçəkilən nazirliyin rayon şöbələrinə işə düzəlib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun çoxlu sayda mal-mülkü, fabriki, zavodu, obyektləri, villaları, Türkiyədə, Avropa ölkələrində evləri, və sair varidatı var. Xidmət rəisinin Quba rayonun Qəçrəş kəndində tikdirdiyi villa heç də Eldar Mahmudovun Badamdar qəsəbəsindəki sarayından geri qalmır.

Mənbə Məhəmməd İmanovun ümumilikdə 100 milyon manata yaxın mal-mülkünün olduğunu iddia edir. Bildirək ki, Xidmət rəsinin bütün mal-mülkü obyektləriilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə Məhəmməd İmanovun nələrə sahib olduğunu oxucularımız biləcək.

“Mahmudov xəmiri çox su aparacaq”

Qeyd edək ki, oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) gecəyarısı həyata keçirilən xüsusi əməliyyatla bağlı müzakirələr səngimir.

Müzakirələrdə sahibkarların boğulmasından tutmuş “Rusiya izi” “İsrail xüsusi xidmət orqanlarına məlumat ötürmə”, “vəhhabi məsələsi” və digər məqamlara toxunulur, hər bir versiyanı inandırıcı edən arqumentlər səsləndirilir.

Prezident İlham Əliyevin gözlənilməz 17 oktyabr qərarı ilə Eldar Mahmudov nazir vəzifəsindən uzaqlaşdırılandan sonra bu posta kimin təyin olunacağı da dartışılan mövzulardandır. Oktyabrın 20-də Milli Təhlükəsizlik Nazirliyinin strukturunda dəyişiklik olunub.

Dəyişikliyə əsasən milli təhlükəsizlik nazirinin 1-ci müavini ştat vahidi yaradılıb. Prezidentin imzaladığı digər sərəncama əsasən yeni yaradılmış posta Penitensiar Xidmətin rəisi Mədət Quliyev təyin olunub. M.Quliyevə milli təhlükəsizlik naziri vəzifəsinin icrası da tapşırılıb. Hələlik nazir postu boşdur və yaxın günlərdə bu posta təyinat olacağı da gözlənilir.

Namizədlər sırasında Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyev, Naxçıvan MR-in milli təhlükəsizlik naziri Vəli Ələsgərov, prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev və daxili işlər nazirinin müavini Vilayət Eyvazovun adları hallanır.

Amma son söz prezidentindir və bu baxımdan nazir təyin ediləcək şəxsin adı qeyd olunan siyahıda olmaya bilər.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net