Daha bir səhiyyə ocağında biabırçı mənzərə
Tarix: 26-10-2015, 11:01 | Çap et
Daha bir səhiyyə ocağında biabırçı mənzərə
Qəzetimizin 21.10.2015-ci il tarixli sayında “21 saylı poliklinikada xəstələrin pulsuz müayinəsi təmin olunmur” sərlövhəli tənqidi material dərc olunmuşdu. Son aldığımız məlumata görə sözügedən poliklinikanın rəhbərliyi və konkret olaraq yazıda adı çəkilmiş həkimi tərəfindən tənqidi yazıya özünəməxsus tərzdə reaksiya verilmişdir. Xatırladaq ki, materialda Bakının Zabrat qəsəbə sakinlərindən biri tərəfindən redaksiyamıza təqdim olunmuş şikayət ərizəsi əsasında apardığımız araşdırmanın nəticələrinə dair bəzi açıqlamalar öz əksini tapmışdı. Belə ki, öz ərizəsində şikayətçi yaşadığı qəsəbədə fəaliyyət göstərən 21 saylı şəhər poliklinikasının həkim və digər tibbi personalının əməllərinə dair öz iradlarını bildirmişdi. Xanım şikayətçi vurğulamışdı ki, hər dəfə 21 saylı poliklinikanın həkimlərinə müraciət edərkən o, aldığı müayinə və müalicəyə görə müəyyən məbləğdə pul ödəyir. Çünki əks halda, 21 saylı poliklinikanın dövlət müəssisəsi olmasına baxmayaraq, burada pulsuz hər hansı tibbi xidmət almaq demək olar ki, mümkün deyil. Bu xüsusda ərizədə deyilirdi: “Özümün də, uşaqlarımın da səhhətində tez-tez problemlər yaranır. Buna görə də hər dəfə poliklinikaya müraciət etməli oluram. Lakin bizim 21 saylı poliklinikada həkimlər də, tibb bacıları və laboratoriyanın personalı da göstərilən xidmətə görə pul tələb edirlər...” Məxsusi olaraq isə, şikayətçi qeyd etmişdi ki, bir müddət bundan əvvəl onu qəbul etmiş dəri həkimi Şəhla xanıma verməyə pulu olmadığı üçün aralarında xoşagəlməz söhbət olmuşdur. Bundan sonra, məsələyə aydınlıq gətirmək üçün biz 21 saylı poliklinikanın baş həkimi ilə əlaqə saxlamışdıq. Baş həkim Ulduz Hüseynova ilə söhbətimizdən isə məlum olmuşdu ki, sən demə Şəhla xanım heç də 21 saylı poliklinikanın həkimi deyil. Onun əsas iş yeri 3 saylı uşaq dəri-zöhrəvi dispanseridir. Sadəcə olaraq, həftənin müəyyən günlərində Şəhla xanım 21 saylı poliklinikada da xəstələri qəbul edir. Digər tərəfdən isə, əməkdaşlarımız apardıqları araşdırmalar nəticəsində 21 saylı şəhər poliklinikasının fəaliyyətində yer almış neqativ hallara dair başqa maraqlı məlumatlar da əldə etmişdilər. Belə ki, redaksiyamıza təqdim olunan digər bir açıqlamada deyilir: “21 saylı poliklinikada şəkərli diabet xəstələrinin müayinəsi üzrə fəaliyyət göstərən tibb bacısı Nəzakət xanım xəstələrdən 5 manatdan başlayaraq müayinə haqqı tələb etməkdən heç də çəkinmir. Etiraz edən xəstələrə isə, müayinə üçün lazım olan tibbi ləvazimatları guya ki, personalın öz şəxsi vəsaitləri hesabına aldıqlarını bəyan edir...” Başqa bir şikayətçinin verdiyi açıqlamada isə bildirilir ki, bu yaxınlarda həmin vətəndaş analiz vermək üçün qeydiyyatda olduğu 21 saylı poliklinikaya müraciət etmişdir. Lakin analizin nəticəsini götürməyə gələrkən, pul vermədiyi üçün laborant nəticəni ona verməmiş və demişdir ki, xəstənin yaxın ərazidə yaşadığını vurğulayaraq, ondan evə qayıdıb pul gətirməsini tələb etmişdir.

Qeyd etdiyimiz kimi, bütün bu məlumatlar dərc etdiyimiz ötən materialda artıq öz əksini tapmışdı. Məqalənin dərc olunmasından sonra isə, əvvəlcə baş həkim Ulduz Hüseynova, ondan sonra isə dəri həkimi Şəhla xanım redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən vətəndaşlardan biri ilə elefon əlaqəsi saxlayaraq, bu xüsusda ona öz iradlarını bildirmişlər. Həkim Şəhla xanım isə, bir qədər də irəli gedərək, əvvəlcə şikayətçidən öz ərizəsini geri götürməyi tələb etmişdir. Bundan bir nəticə çıxmadığını gördükdə isə, həkim özünə bəraət qazandırmaq üçün bu kimi halların ölkənin bütün dövlət tibb müəssisələrində yaşandığını və hər kəs tərəfindən də normal qəbul edildiyini vurğulamışdır. Yeri gəlmişkən, Şəhla həkimin məhz bu iddiasına onun əsas ştatda çalışdığı 3 saylı uşaq dəri-zöhrəvi dispanserinin rəhbərliyinin münasibətini öyrənmək bizim üçün xüsusilə maraqlı olardı.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net