Şıxəliyevlərin kriminal salnaməsi- 1-ci yazı
Tarix: 14-10-2015, 09:54 |
Çap et
Pravda.az-ın elektron poçtuna oxucumuz R.Həsənov tərəfindən bir yazı göndərilib. Yazı, əslində, «Azadlıq» qəzetində təxminən bir il əvvəlki sayında dərc olunub. Lakin tarix həmişə yeniliyi sevir, məntiqi ilə zamanla səsləşən və heç də köhnəlməyən faktlar olduğunu nəzərə alıb az sonra təqdim edəcəyik.
Oxucumuz yazır: «Bu yaxınlarda adı son illər ölkə mətbuatının gündəmini qalmaqalları ilə daha çox səbt etmiş iş adamı Vaqif Şıxəliyevin oğlu, Binəqədi RPİ-nin 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevin xalq artisti Z.Xanlarovanın xanım ailə üzvlərindən biri ilə münaqişəsini oxudum… «Od olmayan yerdən tüstü çıxmır» məsəlinə söykənərək Sizə bir yazını göndərirəm. Zamanla necə səsləşdiyini özününüz görəcəksiniz… Şıxəliyevlərin kriminal dosyesini görəndə çox təəccübləndim…».
Beləliklə, məlum yazıda deyilir:
…Bu günlərdə (24.06.2014) Bakıda baş vermiş maraqlı bir hadisənin xəbəri yayıldı. Paytaxtda polis rəisi bıçaqlanmışdı və razılaşın ki, bu, sıradan bir xəbər deyil. Polis rəisini bıçaqlayan adam, ya qurd ürəyi yeməlidir, ya da polis rəisi özü bıçağı tutub sinəsinə saplamalıdır. Daha doğrusu, özünün ifrat ilişmək maneraları ilə bıçaq vuranı buna məcbur etməlidir. Rəsmiyə bənzər mənbələr bu xəbəri belə təqdim ediblər: “Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevə naməlum şəxslər tərəfindən hücum olunub. Vesti.az-ın xəbərinə görə, polis rəisi bıçaqlanıb. Binəqədi Rayon Polis Idarəsindən cinayət hadisəsinin gecə saat 12 radələrində rayonun Xutor qəsəbəsi ərazisində törədildiyi bildirilib. Rəis dostunun “Mercedes Gelenvagen” markalı avtomobilini idarə edən zaman naməlum şəxslərin olduğu “Niva” markalı avtomobil onun yolunu kəsib. Cinayətkarlar maşından enərək avtomobilə taxta parçalarıyla zərbələr endirməyə başlayıb. A.Şıxəliyev cinayətkarlarla məsələni aydınlaşdırmaq istəsə də, onu əlindən bıçaqla vurublar. “Niva”dakılar hadisə yerindən qaçıb. A.Şıxəliyev isə Daxili Işlər Nazirliyinin hospitalına yerləşdirilib. A.Şıxəliyevin bu gün evə buraxılacağı deyilir. Şübhəlilərdən bir neçəsinin şəxsiyyəti müəyyənləşdirilib və artıq saxlanılanlar var. Dəstənin digər üzvlərinin də axtarışı davam edir. Güman edilir ki, cinayətkarlar A.Şıxəliyevin dostuyla haqq-hesab çürütmək istəyiblər. Məhz maşını da onun idarə etdiyini fərz ediblər. Əməliyyatçılar “Niva”nın saxlanıldığı yeri və sahibini tezliklə aşkar ediblər, onun axtarışı davam etdirilir. Faktla bağlı araşdırma davam etdirilir”.
Qeyri-rəsmi versiya xəbərini yayan KIV-lər isə iddia edirlər ki, Anar Şıxəliyev içkili olub, ərazidə vətəndaşlara qarşı təhqiramiz ifadələr işlədib və ağır söyüşlər söyüb, buna görə də onu bıçaqlayıblar. Hansı versiya həqiqətə yaxındırsa, həmin versiyanı ehtimal edərik. Amma hələlik… Şıxəliyev familiyası yadınızda qaldımı? O zaman davam edək.
Şıxəliyevlərin “bazar müharibəsi”
…2012-ci ilin noyabr ayının 8-də Şıxəliyevlərlə bağlı başqa bir xəbər yayılmışdı. O zaman “Təzə bazar”da kütləvi dava olmuş, əraziyə çoxlu sayda polis qüvvələri cəlb edilmişdi. Bazarın təsisçiləri arasında baş verən bu davanın səbəbi bazarın bölüşdürülməsi, o cümlədən yığılan yer haqları ilə bağlı narazılıq idi (Xatırladaq ki, bu, həmin bazarda həmin tərəflər arasında baş verən ikinci dava idi). O zaman təsisçilərdən biri Vaqif Şıxəliyevin bazarı digər təsisçi Məmmədağa Ibrahimovun əlindən zorla almaq istəməsi münaqişəyə səbəb olmuşdu. Bazarda çalışanlar da bildirirdilər ki, birinci instansiya məhkəməsində işi uduzan Vaqif Şıxəliyev öz “qoçu dəstəsi”nin köməkliyi ilə bazara sahib çıxmaq istəyir: «Noyabrın 7-də Vaqif Şıxəliyev və adamları bazara hücum çəkib qapını sındırıb Məmmədağa Ibrahimovun işçilərini döyüblər. Məhkəmə Vaqif Şıxəliyevin iş tamamlanmayana qədər ofisə gəlməsinə qadağa qoyub və bütün işlərin icrası Məmmədağa müəllimə tapşırılıb».
Surət Hüseynov gələn kimi özünü Sabirabadın başçısı elan etdi?
Vaqif Şıxəliyev ötən əsrin sonuncu on illiyində mühüm bir hadisə ilə də yaddaşlara yazıla bilərdi. O, Surət Hüseynovun adamları Sabirabada daxil olandan sonra özünü icra başçısı elan etmiş və yeni başçı təyin edilənə qədər bu vəzifəni heç bir qanuni əsası olmadan əlində saxlamışdı (Mərhum Prezident H.Əliyevin 1995-ci il tarixli fərmanı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən qovulmuşdur).
Vaqif Şıxəliyevin yadda qalacağı digər xəbər isə bir məşum hadisə ilə bağlıdır. Iki il əvvəl KIV-də yayılan xəbərə inansaq, V.Şıxəliyev öz çobanını güllə ilə vurub öldürmüşdü. “Bazar müharibəsi” baş verən zaman onun oğlu Anar Şıxəliyev – yəni bu günlərdə bıçaqlanan həmin zati-aliləri bir qrup polislə orada peyda olmuş və atasının rəqiblərinə qarşı inzibati güc nümayiş etdirmişdi. Maraqlıdır ki, “Bazar müharibəsi”ni alovlandıran Vaqif Şıxəliyev bazarın digər təsisçisi və bazar zəminində düşməni olan Məmmədağa Ibrahimovla qudadır. Daha maraqlısı da budur ki, “müharibə” əsnasında bazara polis nəfərlərinin əhatəsində gələn Anar Şıxəliyev Məmmədağa Ibrahimovun kürəkəni idi…
Başqa bir Şıxəliyev…
Amma yenə də polis orqanlarında. Polad Şıxəliyev “Təzə Bazar” olayında savaş tərəflərindən bir olan Vaqif Şıxəliyevin qardaşı Polad Şıxəliyev Sumqayıt şəhərində «MERO» deyilən Polis Idarəsinin, el arasında deyildiyi kimi, “prava idarəsinin” rəisidir. Amma cənab Polad Şıxəliyev bir zamanlar Kürdəmir rayonunda polis idarəsinin rəisi idi. Yəqin ki, Elşad Abdullayevin məşhur açıqlamalarını xatırlayırsınız. Elşad Abdullayev həmin açıqlamalarının birində bəyan etmişdi ki, Kürdəmirin polis rəisi Polad Şıxəliyev ondan 5 milyon dollar pul tələb edirmiş. Bu, alayı məsələdir və təfsilatı o zamanlar, yəni E.Abdullayevin açıqlamaları zamanında gen-bol işıqlandırılmışdı… “Bazar müharibəsi” zamanının şahidlərinin və “salnaməçiləri”nin dediyinə görə, Polad Şıxəliyev də “Çal qılıncını, ağam Qazan” deyərək öz polisləri ilə bazarı mühasirəyə alan hüquq mühafizəçilərinin arasında olmuşdur…
Füzuli Şıxəliyev… narkotiklərə qarşı?
…Həm də yenə də, polis zabiti. Bu dəfə Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Baş Idarəsinin əməkdaşı olan Füzuli Şıxəliyev. “Salnamə”lərdə göstərilir ki, Füzuli Şıxəliyev də bazar mübahisəsi zamanı başının dəstəsi ilə orada olubmuş. Təxminən bir il əvvəl Lənkəran Regional Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə Idarəsinin rəisi olan Fizuli Şıxəliyevin haqqında da bir maraqlı tərcümeyi-hal detalı var. O, bir zamanlar, yəni 2006-cı ilin elə bu ayında yazıq günə qalmış satirik-şair Mirzə Sakitin həbsində müstəsna rol oynamışdır. Belə ki, məhz onun keçirdiyi “əməliyyat tədbirləri” sayəsində Mirzə Sakit həbs olunmuş və “cibindən” narkotik maddə “tapılmışdı”.
Füzuli Şıxəliyevin qardaşı oğlu 20 kq narkotiklə… MTN belə iddia edir
…Amma bu, hansısa uşaq rasionu-filan deyil. Narkotika, özü də nə az, nə də azacıq, düz 20 kiloqram. Amma yenə də Şıxəliyev familiyası. Həm də, hansısa “mötəbər mənbə”nin-zadın verdiyi xəbər əsasında yox. Birbaşa, bu olaylarla bağlı ola biləcək və dırnaq arasına alınmaq haqqı olmayan ən mötəbər məlumat. Bu dırnaqsız mötəbər məlumat bundan ibarətdir ki, daha bir Şıxəliyev bir qrup məsum Azərbaycan vətəndaşı ilə birlikdə 20 kiloqram narkotik maddə ilə yaxalanıb. Inanmırsınız! Amma Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin yaydığı rəsmi məlumata inanmamaq kimi bir lüksünüz yoxdur. MTN-nin yaydığı məlumatlar yalnız o halda şübhəli olur ki, işin altında siyasi motiv olsun. Amma narkotika-filan kimi əməliyyatlar zamanı MTN səhih bilgiləri bəyan edir. Bu xəbərdə olduğu kimi:
“2012-ci il, 27 dekabr, Bakı şəhəri.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilmiş, onlardan ümumilikdə 20 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları – Şahverdiyev Baba Zakir oğlu, Əliyev Ceyhun Firudin oğlu, Şıxəliyev Nurəli Əliabbas oğlu, Həsənov Ilham Sumbat oğlu, Bayramov Elşən Güloğlan oğlu və Heydərova Günel Rəhim qızı saxlanılmışlar. Məlum olmuşdur ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyası istiqamətindən gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycan Respublikasına gətirmişlər… Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi Istintaq Baş Idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir”.
Istintaq-əməliyyat tədbirləri isə davam etmir. Təkcə ona görə yox ki, onlar bitib. Həm də ona görə ki, MTN-nin bəyanatında açıqlanan siyahıdakı Nurəli Şıxəliyev Vaqif Şıxəliyevin qardaşı, Sabirabad rayonunun tanınmış adamlarından biri sayılan Əlabbas Şıxəliyevin oğlu Nurəli Şıxəliyevdir. Istintaq həm də buna görə davam etmir. Bizdə olan bəzi məlumatlara görə, o zaman MTN-nin bu gurultulu bəyanatından cəmi bir neçə ay sonra Nurəli Şıxəliyev azadlıqda olub…
-“Şəfəq”dən «Görüş»g gedən yolda nələr baş verir?
-Füzuli Şıxəliyev Beyləqana necə və hansı xidmətinə görə rəis gətirildi?
-Füzuli Şıxəliyev Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyatçı işləyərkən niyə qardaşı oğlunu narkotiklə «əməkdaşlıq»dan çəkindirə bilməmişdi?
-Sabirabaddakı «Şəfəq» İstirahət Mərkəzində indi nələr baş verir?
(Davamı var)
(«Pravda.az»)