Lerikdə bir ilə açılmayan sual -13 yaşlı oğlan intihar edib, ya öldürülüb?
Tarix: 17-09-2015, 09:16 | Çap et
Lerikdə bir ilə açılmayan sual -13 yaşlı oğlan intihar edib, ya öldürülüb?
Hələ 2014-cü ilin fevral ayında yazmışdıq ki, Lerik rayonunun Zuvic kəndində 13 yaşlı gənc çoban ölüb. Rəsmilər bildirirlər ki, o, intihar edib. Valideynləri isə onun öldürüldüyünü israr edirlər. Onların israrlı şikayətlərinə baxmayaraq, məsələ hələ də tam aydınlaşmamış qalır. Ölən uşağın babası Xudaqulu Nüsrətoğlu tərəfindən
Dosye.org-a başlarına gətirilən faciə nəql edilir:

“2014-cü il 04 yanvar tarixdə 13 yaşlı nəvəm Lələli Cəmil Azad oğlu hər gün olduğu kimi təsərrüfatımızda olan qoyunları kəndin örüş sahəsinə otarmağa apardı. Mən və o biri nəvəm isə odun gətirməkdən ötrü meşəyə getdik.
Həmin gün saat 13.00 radələrində evə qayıdıb gördüm ki, nəvəm Cəmil günorta yeməyini yeyir. Cəmilə dedim ki,sən qayıt örüşə, qoyunların yanına, birazdan Fərhad gəlib səni dəyişəcək. Bir saatdan sonra nəvəm Fərhad qardaşı Cəmili dəyişmək üçün örüşə getdi.
Bir neçə saat sonra bacım oğlu Əliməmməd ilə həyətimizdə çay içdiyimiz zaman onun mobil telefonuna zəng gəldi. Əliməmməd qaçaraq getdi. Mən onun göründüyü yerə çatanda gördüm, kənd sakini Naibəli ona bildirir ki, oğlu Səfayıl deyir, Cəmili əlləri bağlı halda öldürüblər. Mən də Əliməmmədə dedim ki, tez zəng et, de ki, meyitə yaxın getməsinlər və qoymasınlar ona dəyməyə.
Meyitin ardınca Şahmar və Mahir qardaşları da evlərinə tərəf qaçırlar. Meyitin yanına çatanda gördük ki,uşağın əllərinin hər ikisi qabaqdan iplə düyünlənmiş halda bağlanıb, idman papağı və gödəkçənin papağı da başında qalaraq boynuna ip bağlanmış halda böyrü üstə yıxılıb. Orada olanlardan soruşdum ki, nə olub? Lakin heç bir cavab vermədilər.
Birdən boynundakı ipin kəsildiyini görüb soruşdum ki, bu ipi kim kəsdi?
Orada olanlar dedilər ki, ilk dəfə meyitin yanına Allahverdinin oğlu Ağa və Əliməmmədin oğlu Səfayıl gəlmişlər və Ağa ipi kəsdi. Elə oradan polisə məlumat verildi və bir müddətdən sonra prokurorluq və polis əməkdaşları hadisə yerinə gəldilər. Meyiti oradan həyətimizə gətirəndə biz hiss etdik ki, uşağın boynunu sındırıblar, amma bizə dedilər ki, bu, intihardı və uşaq özünü asıb.
Meyiti götürüb həyətimizə apardıq... Prokurorluq işçiləri məni və həyat yoldaşımı meyitlə birlikdə rayona gəlməyə qoymadığı üçün kənddə qaldıq. Şübhəmiz daha da artdı. Beləliklə, meyiti kəndə gətirərək dəfn etdik. Mən şəxsən uşağı dəfn edəndən sonra Lerik Prokuroru Bəhruz İbranimovun yanında olub, bildiklərimi və şübhələndiyim şəxslərin adlarını dəqiqliklə ona bildirdim.
Prokuror söz verdi və and içdi ki, üşağı öldürəni tapacaq və kimliyindən asılı olmayaraq, bu cinayətdə əli olanların da cəzasız qalmayacağına and içdi. Prokuror məni tam əmin etdi ki, heç yerə şikayət etmə, bu iş açılacaq. Mən də ona inanıb bir müddət gözləyəndən sonra məlum oldu ki, prokuror məni aldadıb vaxt qazanırmış və bu vaxt ərzində cinayət işinə xitam verərək uşağımın intihar etməsi barədə qərar qəbul etmişdir.
Prokurorun qərarını bilərəkdən bizə elə vaxt göndərmişdilər ki, şikayət müddəti gecikmiş olsun. Lakin mənim şikayətimdən sonra Lerik rayon məhkəməsinin və Lerik prokurorunun qərarını Apelyasiya məhkəməsi ləğv etdi və rayon prokurorluğuna göndərdi. Bəhruz İbrahimov yenə də cinayətin açılmasına heç bir təşəbbüs göstərmədən təkrarən işə xitam verdi.
Mən əsəbi halda prokurorun qəbuluna girib söz verdiyini və işə niyə düz qiymət verilmədiyini, meyiti ilk dəfə görənlərin, orada olanların biri-birinə zidd şahid ifadələrinin araşdırılmadığını soruşdum. Prokuror birbaşa cavab verdi ki, nə qədər mən bu rayondayam, bu iş açılmayacaq və nə qədər şikayət etsəniz də, bir nəticəsi olmayacaq.
Mən kor peşiman yenə də kəndə qayıtdım və yenə də müxtəlif orqanlara, təşkilatlara şikayət etdim, Lakin 3 dəfə Lerik prokurorunun qərarı ləğv edilsə də, işi Lerik prokurorundan başqa rayona alıb verə bilmirlər və hər dəfə də B.İbrahimovdan şikayət etsəm də işi ona qaytarırlar və nəticəsi də olmur.

Lerikdə bir ilə açılmayan sual -13 yaşlı oğlan intihar edib, ya öldürülüb?

Bu gün mənim suallarım var:
1. 13 yaşlı körpə özü öz əllərini hər iki tərəfdən necə düyünləmişdir?
2.Ətrafda asılmaq üçün 25 sm-dən artıq bir əşya və ya kolun belə olmadığı halda adam özünü necə asa bilər?
3. Niyə uşağın boynu sınmış və bu, qərarda göstərilmir?
4. Başında idman və gödəkçə papağı niyə asılanda başında qalmış və boynundakı ip boğazına qədər olan köynəyin üstünə necə keçmişdir ki, asılanda ip meyitin boynundan sürüşməmişdir ?
5.Ekspertiza rəyi olmadan meyitin olduğu düz bir yerdə nəyə əsasən polis və prokurorluq bu hadisənin intihar olmasını bildirir ?
6. Dəfələrlə prokurorun qərarı ləğv edilsə də, niyə bu iş B. İbrahimodan alınıb başqa rayona verilmir?
7. Deyək ki, bu lap intihardır, bəs niyə qəbrin açılmasına və meyitin boynunun sındırılması faktına görə təkrar ekspertiza keçirilməsinə prokuror imkan vermir ?
8. Niyə prokuror özü bu işə son qoymaq üçün Baş Prokurorluqdan xahiş etmir ki, istintaq başqa rayonda aparılsın və iş
açılsın ?
9. Nəhayət, bilmək istəyirəm ki, ekspertiza rəyində göstərilən intihara bir səbəb olmadığı göstərilsə də, boynunun sıxılaraq asılması göstərilsə də, hadisə yerində asılmaq şəraiti olmadığı halda necə intihar qərarı verilə bilər ?
10. Bu iş intihardırsa, niyə mən, mənim ailəm və ya kimsə intihara məcbur etmə kimi məsuliyyətə cəlb olunmur?
Əliyev Xudaqulu Nüsrət oğlu. Lerik rayonu, Züvüç kənd sakini.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net