Cavid Qurbanov hələ çox işləməli olacaq... - KADR BÖHRANI
Tarix: 16-09-2015, 10:09 | Çap et
Cavid Qurbanov hələ çox işləməli olacaq... - KADR BÖHRANI
Dəmiryolu bütün zamanlarda etibarlı, fasiləsiz, təhlükəsiz, eləcə də bütün iqlimlərə uyğun nəqliyyat növü olmaqla yanaşı, həm də yaxşı ekoloji gostəricilərə malikdir. Lakin son illər respublikamızda dəmir yolundan istifadə edən sərnişinlərin sayında azalmalar müşahidə olunmaqdadır. Çünki qatarların əksəriyyəti standartlara uyğun deyil. Bu da insanları narahat edən məsələlərdən biridir.

Çünki insan təhlükəsizliyi təmin olunan qatarlardan istifadə etmək istəyir. Ölkədə vaqon depolarının fəaliyyət göstərməsinə baxmayaraq, onların fəaliyyəti qənaətbəxş hesab olunmur. Fəaliyyətlərində bir sıra nöqsanlara yol verirlər. Baxmayaraq ki, onların işi nasaz qatarları təmir edib xəttə buraxmaqdır, lakin bunu layiqincə görmürlər. Dəmiryolu stansiyalarında, vaqon depolarında mövcud problemlər hələ də hökm sürməkdədir. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, İmişli Vaqon Deposunda qeyri-qanuni işlər baş verir. İmişli Vaqon Deposunun rəisi Bəhruz Dəmirovun fəaliyyəti orada çalışanların ciddi narazılığına səbəb olub. Bizə verilən məlumata görə, depo rəisi işçiləri işdən çıxaracağıyla hədələyir və işçidən şirinlik tələb edir. Əgər hədələnən işçi Dəmirovu razı salarsa, yenidən işində qalıb işləyir. İşçi depo rəisinin şərtlərinə əməl etmərsə, işini itirmiş olur. Ona görə də İmişli Vaqon Deposunda çalışanlar hər an işdən çıxmaq təhlükəsiylə üz-üzədirlər. Oradan çıxan işçilər bildirirlər ki, Bəhruz Dəmirov işçilərinin əməyinə qiymət vermir. Mənbə onu qeyd edir ki, Bəhruz Dəmirovun özbaşınalığından yuxarıların xəbəri yoxdur. Əks halda Dəmirovun fəaliyyəti araşdırılar və onun barəsində lazımi ölçü götürərdilər.

Bundan başqa Vertikal.az-a daxil olan məlumatlarda qeyd olunur ki, Bəhruz Dəmirov işçilərin hüquqlarını pozmaqda davam edir. Şənbə və bazar günləri işçiləri işə çağırır. Onların istirahət hüquqlarını əlindən alır. İşçilər Dəmirovun işdənçıxarma təhdidindən qorxduqlarından şənbə və bazar günləri də işə gəlməyə məcbur olurlar. Halbuki bu əmək qanunvericiliyinə ziddir.

Mənbənin sözlərinə görə, vaqonların təmiri zamanı külli miqdarda vəsait təyinatdan kənar işlərə sərf edilir. Depo rəhbərliyi rəsmi sənədləşmələrdə təmir işlərinə sərf olunan xərcləri süni şəkildə şişirdərək qanunları pozur. Belə olan halda nəzərdə tutulan təmir işləri keyfiyyətsiz şəkildə həyata keçirilir.

Ona görə də Bəhruz Dəmirovun vəzifədə qalması lazım deyil. Bu şəxs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmir. O vəzifəyə gələndən bəri İmişli Vaqon Deposunda işçilərə problemlər yaradır. İşçilərin hüquqlarını tapdalayır. Xüsusilə də dövlət büdcəsindən ayrılan vəsaitlər lazımlı yerlərə sərf olunmur. Əgər dövlət büdcəsindən ayrılan maliyyə düzgün yerlərə xərclənsəydi, bu gün bu sahədə problem yaşanmazdı və bu gün dəmir yollarındakı daşınma səviyyəsi ən öncül yerlərdən birini tutardı. Təəssüf ki, adını çəkdiyimiz şəxsi yalnız öz maraqları düşündürür. Xalqın, millətin rahatlığı onu maraqlandırmır. Ona görə də bu şəxsin vəzifədən uzaqlaşdırılmasına ehtiyac var. Ümidvarıq ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov tezliklə depo rəisi haqda ciddi ölçü götürəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net