Binədə bələdiyyə adamları dağa dırmaşdırır...
Tarix: 11-09-2015, 10:58 |
Çap et
Bu gün bələdiyyələrin fəaliyyəti vətəndaşları razı salmır. Xüsusilə də Binə qəsəbə sakinləri Binə kənd bələdiyyəsinin sədri Habil Həmidovun fəaliyyətindən razı deyillər. Binə sakinlərini narahat edən problemlərdən biri qəsəbəyə avtobusun normal şəkildə işləməməsidir. Bütün bunlar isə qəsəbənin yollarının bərbad vəziyyətdə olmasıyla bağlıdır. Sözügedən qəsəbəyə 160 nömrəli avtobus işləyir. Lakin yollar bərbad durumda olduğundan avtobus vaxtlı-vaxtında işləmir. Bizə verilən məlumata görə, qəsəbənin yolları bərbad gündədir. Yolda iri çuxurlar var. Təəssüf ki, yolların bərbad durumda olması bələdiyyə sədrini maraqlandırmır. Vətəndaşlar özləri çala-çuxurları qum, daşla doldururlar. Lakin vətəndaşların gördüyü tədbirlərin heç bir xeyri olmur. Vətəndaşlar dəfələrlə Binə bələdiyyə sədrinə yolların bərbad gündə olmasıyla bağlı müraciət etsələr də, bələdiyyə heç bir tədbir görmür. Halbuki sədr vətəndaşlara qısa zaman içərisində yolları təmir etdirəcəyini bildirib.
Bütün bunlar onu göstərir ki, Habil Həmidov ona tapşırılan işlərə qarşı laqeyd yanaşır. Bələdiyyə sədri işinə qarşı məsuliyyətsizlik nümayiş etdirir. Ölkə başçısının ətraf qəsəbələrə diqqət və qayğısına baxmayaraq, sözügedən bələdiyyə sədri ölkə başçısının gördüyü işlərə kölgə salmağa çalışır. Halbuki ölkə başçısı dəfələrlə keçirdiyi müşavirələrdə bütün məmurlara səslənir ki, vətəndaşlarla ünsiyyətdə olun, vətəndaşların problemləriylə maraqlanın. Lakin Binə bələdiyyəsinin sədri qəsəbə sakinləriylə ünsiyyətdən qaçır. Onlarla ünsiyyətdən qaçır. Qəsəbənin problemləriylə maraqlanmır. Üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmir. Bu da vətəndaşların haqlı narazılığına əsas yaradır. Təəssüf ki, bələdiyyə sədri vəzifəyə gələndən bəri hansısa müsbət islahatıyla yadda qalmayıb.
Nəzərə alsaq ki, qarşıda soyuq fəsillər gəlir, təmirə ehtiyacı olan yolların daha da bərbad vəziyyətə düşəcəyini asanlıqla demək olar. Vətəndaşlar bildirirlər ki, qarşıda bizi əziyyətlər gözləyir. Yollarımız pis gündədir. Binə sakinləri yeni bələdiyyə sədrindən çox şey gözlədiklərini lakin ümidlərinin puça çıxdığını deyir.
Etibarlı mənbələrin verdiyi məlumata görə, Habil Həmidov bələdiyyəyə sədr seçiləndən bəri qəsəbədə heç bir abadlıq-quruculuq işləri həyata keçirilməyib. Həmidov sabiq bələdiyyə sədrindən geri qalmır. Deyilənə görə, sanki yeni sədr keçmiş sədrdən dərs alıb. Əldə etdiyimiz məlumatlara görə, Habil Həmidov bələdiyyənin balansında olan torpaq sahələrini, həmçinin bələdiyyəyə aid olmayan torpaqları özəlləşdirərək bir hissəsini satıb, bir hissəsində özünə obyektlər tikdirib.
Ümumiyyətlə, qəsəbədə su tapılmır. İşığa, qaza gəldikdə isə tez-tez kəsilir. Vətəndaşlar vaxtlı-vaxtında işıq pulunu ödəsələr də, işıq üzünə həsrət qalırlar. Kanalizasiya bərbad vəziyyətdədir. İstilik sistemi demək olar ki, yoxdur. Qışı birtəhər elektrik qızdırıcıları ilə başa vuran sakinlər çıxılmaz durumda olduqlarını bildirirlər.
Ümid edirik ki, bu yazıdan sonra əlaqədar dövlət qurumları Binə bələdiyyəsinin fəaliyyətinə nəzarəti gücləndirib işində nöqsanlara yol verən şəxslərin barəsində cəza tədbiri həyata keçirəcəklər.