Qalmaqallı çəkişmə ilə bağlı yeni ŞOK faktlar
Tarix: 8-09-2015, 10:45 | Çap et
Qalmaqallı çəkişmə ilə bağlı yeni ŞOK faktlar
AzPolitika.info Bakının Suraxanı rayonu ərazisində 3 hektar ərazinin saxta sənədlər əsasında ələ keçirilməsi faktı üzrə araşdırmalarını davam etdirir. Bu faktla bağlı 2 ildən artıqdır davam edən məhkəmə çəkişməsində qüdrətli dairələr üz-üzə gəlib.
Bir tərəfdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun yaxınları (qardaşı və bacısı oğlanları) və onların himayədarı kimi deputat İlham Əliyev, digər tərəfdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və onun sərəncamı əsasında zəbt olunmuş torpağa iddia edən “Araz İnşaat LTD” MMC şirkətləri dururlar.

General yaxınlarının saxta sənədlə torpaq əməliyyatı

İşin qısa təfərrüatı bundan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2005 və 2010-cu il tarixli sərəncamları ilə Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-qərb hissəsində yerləşən ümumilikdə 7.3 hektar ərazi hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün“Araz İnşaat LTD” MMC-yə uzunmüddətli icarəyə verilib. Elə 2005-ci ildən də ərazi şirkət tərəfindən hasara alınıb. Lakin 2012-2013-cü illərdə general Həsən Şirinovun qardaşı Aslan Şirinov və bacısı oğlanları Ələmşah Cəfərovla Cahangir Əliyev (Sonuncu Dövlət Yol Polisinin əməkdaşıdır) Zığ bələdiyyəsinin vəzifəli şəxsləri, həmçinin məhkəmələr və Torpaq Komitəsinin Bakı şəhər Şöbəsinin rəhbərliyi ilə ilə sövdələşmə əldə edərək, bu torpağın 3 hektarını müxtəlif şəxslərin adına özününküləşdiriblər. Hətta bir hissəsini digər vətəndaşlara da satıblar. İşin üstü açılandan sonra “Araz İnşaat LTD” MMC və BŞİH məhkəmələrə müraciət ediblər. Saxtakarlıq faktı üzə çıxdıqdan sonra hətta Suraxanı rayon prokurorluğunda cinayət işi də açılıb. Lakin generalın yaxınlarının himayədarları cinayət işinin məntiqi sonluğuna çatmasına imkan verməyiblər.
Buna baxmayaraq, “Araz İnşaat LTD” MMC-nin və Bakı Şəhər İcra Hakimiyyətinin zəbt olunmuş mülkün üzərində sənədləşdirmə, alqı-satqı əməliyyatlarının və tikintinin dayandırılması tələbləri məhkəmələr tərəfindən təmin olunur. Həmçinin, Torpaq Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən Ələmşah Cəfərov və digərlərinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” (kadastrı) də Ali Məhkəməyədək bütün məhkəmə instansiyalarında ləğv olunur. Bundan sonra “Araz İnşaat LTD” MMC Ələmşah Cəfərov və digərlərinə guya 2002-2004-cü illərdə Zığ bələdiyyəsi tərəfindən verilmiş sərəncamların ləğvi barədə 2 saylı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırırlar. Qarşı tərəf isə adıçəkilən məhkəmədə “Araz İnşaat LTD” MMC-nin əlində olan BŞİH-in 2010-cu ildə verilmiş sərəncamının ləğvi tələbilə iddia qaldırır.
Rayona aidiyyatı olmayan deputatın bu işdə nə marağı var?
Bu mərhələdən sonra saxta sənədlər və şübhəli sövdələşmələrlə dövlət mülkiyyətini ələ keçirənlərin himayəsinə deputat İlham Əliyevin qoşulduğu haqda məlumatlar var.Məhz İlham Əliyev işə qoşulduqdan və məhkəmələrə saxta sənədlərlə torpaq zəbt edənlərin xeyrinə təzyiqlər etməyə başlayandan sonra qərarların qəbulunda qanun-hüquq tamamilə arxa plana keçir. Məhkəmələr qanuni qərarlar qəbul etməkdə tərəddüd etməyə və prosesi uzatmağa başlayırlar. Lakin nəhayət, avqustun 28-də 2 saylı İnzibati İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayev tərəflərin iddiaları üzrə qərarların çıxarılmasına razılıq verir. Nə qədər qəribə olsa da, həm Zığ bələdiyyəsi adından Ələmşah Cəfərov və digərlərinə (ümumilikdə 21 nəfdər) verilmiş sərəncamların ləğv olunması haqda qərar verilir, həm də saxta sənədlə torpaq ələ keçirənlərin iddiası əsasında “Araz İnşaat LTD” MMC-yə verilmiş sərəncam da ləğv olunur. Yəni məhkəmə general yaxınlarının sənədlərinin saxta olduğunu qəbul etdiyi halda, onların iddiasını da təmin edərək “Araz İnşaat LTD” MMC-nin də sərəncamını ləğv edir.

Ramiz Rzayev Suraxanı məhkəməsinə təzyiq edir?

Sentyabrın 8-də isə Suraxanı rayon Məhkəməsində “Araz İnşaat LTD” MMC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən Ələmşah Cəfərov və digərlərinə verilmiş “Çıxarış”ların ləğvi tələbilə bağlı yekun qərar verilməlidir.Qəribədir ki, bu iddia tələbi 2 ilə yaxındır ki, Suraxanı məhkəməsinin icraatındadır. Mülki Prossessual Məcəllənin tələbinə əsasən, bu işin baxılma müddəti keçsə də, istər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf bu müddət ərzində yekun qərarın çıxarılmasını tələb etsələr də, hakim Samir Məmmədov müəmmalı şəkildə yekun qətnamə qəbul etmək əvəzinə, məhkəmə proseslərində qanunsuz olaraq icraatın dayandırılmasının tərəfdarı olduğunu nümayiş etdirir. Halbuki, 2 saylı İnzibati İqtisadi Məhkəməsinin Zığ bələdiyyəsi tərəfindən verilmiş saxta sərəncamların ləğvi qərarından sonra bu iddianın təmin olunması hüququn birmənalı tələbi kimi görünür. Lakin çox böyük ehtimalla, məhkəmə ciddi təzyiq altında olduğundan qərar qəbul edə bilmir. Bəzi məlumatlara görə, deputat İlham Əliyev yüksək rütbəli məmurun adından Ali Məhkəməyə təzyiq etdiyindən, bu məhkəmənin sədri Ramiz Rzayev Suraxanı Məhkəməsinin qanuni qərar qəbul etməsini əngəlləyir. Yəni hakim Samir Məmmədov qanunun tələbini bir kənara qoyaraq, işə kimlərinsə göstərişləri əsasında yanaşır.

Güclünün yanında olan Azərbaycan məhkəməsi!

2-sayli-300x225Ümumiyyətlə, barəsində danışdığımız işin materialları ilə tanışlıq Azərbaycan məhkəmələrinin vəziyyəti ilə bağlı dəhşətli mənzərəni bir daha gözlər önünə sərir. Bir daha təsdiq olunur ki, Azərbaycan məhkəmələrində istənilən qanunsuzluğa, ədalətsizliyə imza atdırmaq mümkündür. Xüsusən də mülki işlərlə bağlı qərarlar əksər hallarda GÜCLÜNÜN, İMKANLININ xeyrinə qəbul olunur. İndiki halda biz dövlət mülkiyyətinin tamamilə qanunsuz, saxta sənədlərlə özününküləşdirilməsindən danışırıq. Lakin biz görürük ki, bu açıq cinayət əməlinə yaşıl işıq yandıranlar elə 2 saylı İnzibati İqtisadi Məhkəməsinin hakimləridir. Məhz bu məhkəmənin hakimləri Zaur Tağıyev, Xaliq İmanov, Etibar Müstafayev və Rüstəm Kərimli 2012-2013-cü illərdə açıq-aşkar qanunsuzluq olmasına baxmayaraq, bu mübahisəli işlə bağlı iddiaçıların – Ələmşah Cəfərov və digərlərinin xeyrinə ümumilikdə 5 qərar veriblər və Torpaq Komitəsinin Bakı şəhər Şöbəsinin üzərinə hamin torpaqlara kadastr planının verilməsi öhdəliyini qoyublar. Halbuki, ərazinin ümumiyyətlə Zığ bələdiyyəsinə aidiyyatı yoxdur və Torpaq Komitəsinin Bakı şəhər şöbəsinin məhkəmə proseslərində iştirak edən nümayəndəsi bunu açıq şəkildə bu hakimlərin diqqətinə çatdırıb. Yəni məhkəmə bilə-bilə ki, torpağın Zığ bələdiyyəsinə aidiyyatı yoxdur, yenə də məhz Zığ bələdiyyəsinin həqiqiliyi 100 metrdən şübhə doğuran sərəncamları əsasında onun ələ keçirilməsinə şərait yaradıb. NİYƏ, NƏYİN XATİRİNƏ? Yəqin ki, bu haqda xüsusi şərh verməyə ehtiyac yoxdur.

Hakimlər saxtakarlığı görməyə bilərdilərmi?

Bəs ola bilərdimi ki, 2 saylı İnzibati İqtisadi Məhkəməsinin hakimləri Zaur Tağıyev, Xaliq İmanov, Etibar Müstafayev və Rüstəm Kərimli Ələmşah Cəfərov və digərlərinin əlində olan sərəncamların saxta olduğunu həqiqətən də bilməmiş olaydılar? Faktlar və məlumatlar sübut edir ki, bu, qəti şəkildə mümkün deyildi! Hakimlər sənədlərin saxta olduğunu bildikləri halda özgə mülkünün talanına yaşıl işıq yandırıblar. Bu dediklərimizi sübut etmək üçün bir neçə fakt təqdim etmək niyyətindəyik.
Məsələn, bizim əlimizdə Zığ Bələdiyyəsinin eyni tarixdə – 16 iyul 2004-cü ildə verilmiş 2 sərəncamı var (Fotoları aşağıda təqdim olunur). Sərəncamın biri yuxarıda barəsində danışdığımız məhkəmə çəkişməsində adı keçən 14 nəfərə ümumilikdə 1.64 ha torpaq sahəsinin ayrılması barədədir. Digərində Mirzəyeva Leyla Vasif qızına fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılır. İndi diqqət edək:
Eyni bələdiyyənin 1 gündə verdiyi 2 sərəncamın biri yazı makinasında, digəri kompüterdə yığılıb!
Birinin nömrəsi 07, digərininki 31-dir.
Birinin möhürünün üzərində ingilis dilində “Surakhani” yazılıb, digərinin üstündə “Surahani”!
Deməli bu sərəncamlardan biri saxtadır! Bu, əlavə sübuta ehtiyacı olmayan aksiomadır!
Bəs necə olub ki, bu qədər böyük ziddiyyətlər 2 saylı İnzibati İqtisadi Məhkəməsinin hakimlərinin diqqətini çəkməyib? Üstəlik Torpaq Komitəsinin nümayəndəsi də məhkəmədə bildirir ki, bu ərazinin Zığ bələdiyyəsinə aidiyyəti yoxdur, dövlət fonduna aid olan torpaqdır.

2013-cü ildə adını 10 il əvvəlin sərəncamına yazdıran adam…

Saxtakarlığı göstərən ikinci fakt: Guya Zığ Bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 07 saylı Sərəncamı ilə bir dəfəyə 1.64 ha torpaq sahəsi almış 14 nəfərin içində adı olan Hüseynov Əsgər Adil oğlu notarial qaydada təsdiqlənmiş 28.08.2015-ci il tarixli ərizəsində Suraxanı rayon Məhkəməsinə və digər instansiyalara yazaraq bildirir ki, 2004-cü ildə Zığ bələdiyyəsindən heç bir torpaq sahəsi almayıb. Yaxın qohumu Samiq 2013-cü ilin avqust ayında torpaq sahəsini sənədləşdirmək üçün ondan sənədlərini istəyib(Ərizənin fotosürəti əlavə olunur). Yəni bu adamın adı Zığ bələdiyyəsinin 2004-cü il tarixli “sərəncamına” 2013-cü ildə düşüb. Lakin elə həmin ildə də 2 saylı İnzibati İqtisadi Məhkəməsinin hakimi Kərimli Rüstəm Lətif oğlu Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə Hüseynov Əsgər Adil oğluna “Torpaq sahəsinin planı və ölçüsünün” verilməsi barədə məhkəmə qərarı ilə öhdəlik qoyub. Bundan böyük saxtakarlıq, qanunsuzluq ola bilərmi? Hansısa maraqların təmin olunması qarşılığında belə böyük saxtakarlıq və qanunsuzluğa “qanuni don” geyindirən və dövlət əmlakının talanına yol açan belə məhkəmə hakimlərindən cəmiyyət necə ədalət payını ala bilər?
Bütün bunlar çox böyük saxtakarlıqlardan, cinayətlərdən xəbər versə də, nə işdirsə Azərbaycan məhkəmələri iki ildən artıqdır bu çəkişmə ilə bağlı yekun qərara gələ bilmirlər. Ən acınacaqlısı isə odur ki, belə böyük miqyasda saxtakarlığı törədənləri himayə edən mənsəb sahibləri – deputatlar, məhkəmə sədr və hakimləri, digər yüksək vəzifə sahibləri tapılır.

“Dostluq” parkını da belə satmışdılar…

Elə bir müddət əvvəl böyük bir skandala səbəb olmuş “Dostluq” parkının ərazisi də belə hakimlərin, məhkəmə sədrlərinin, deputatların və digər “imtiyaz sahiblərinin” qanunsuz, mənfəətçi addımlarına, qərarlarına görə zəbt olunmamışdımı?
Bir daha xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev Bakıda qanunsuz yollarla torpaq ələ keçirən, özəlləşdirən məmurlara sərt xəbərdarlıq etmişdi.
“İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur…
Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər”, deyə Prezident İlham Əliyev Bakıda Binəqədi rayonunda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı söyləmişdi.
Qalmaqallı məhkəmə çəkişməsi ilə bağlı araşdırmalarımız davam edir.
Yazıda adı çəkilən digər şəxslərin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net