Oqtay Şirəliyev bu "bazarın" qapısına qıfıl vurmalıdır...
Tarix: 8-08-2015, 11:46 | Çap et
Oqtay Şirəliyev bu "bazarın" qapısına qıfıl vurmalıdır...
Artıq neçə müddətdir ki, qəzetimizin səhifələrində ölkənin səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc edirik. Bir müddət əvvəl isə, redaksiyamıza daxil olan məlumatlarda, yerli sakinlərin Bakının Sabunçu rayonu ərazisində, Pirşağı qəsəbəsində yerləşən 36 saylı şəhər poliklinikasının fəaliyyətindən doğan narazılıqları öz əksini tapmışdı. Bu xüsusda aldığımız açıqlamalarda baş həkim Ramidə İbrahimovanın rəhbərlik etdiyi bu tibb müəssisəsində vəziyyətin artıq böhran həddinə çatdığı vurğulanır. İlk növbədə poliklinikada yaranmış vəziyyətdən şikayətlənən xəstələr, həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edirlər. Bu barədə məlumatlarda deyilir: “Bizim 36 saylı poliklinikada xəstəlik kağızları (bülletenlər), 88 saylı forma və digər arayışların verilməsiyalnız pulla həyata keçirilir. Müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb oluynan istənilən arayışı dərhal almaq olur. Hətta müəyyən maxinasiyalar vasitəsilə arayışların köhnə tarixlə qeydiyyatına nail olmaq mümkündür. Təbii ki, bu zaman ödənilən məbləğ bir neçə dəfə artıq olacaq. Digər tərəfdən isə, pul ödəmədikdə, bu poliklinikada həqiqi xəstəlik səbəbindən belə bülleten açdırmaq və ya sağlamlıq haqda arayış almaq demək olar ki, mümkünsüzdür. Eyni zamanda da tibbi arayışlar vətəndaşa qeydiyyatda olduğu tibbi müəssisə tərəfindən verilməli olduğu halda, bizim poliklinikada Bakının istənilən rayonunda yaşayan və qeydiyyatda olan şəxs sağlamlıq haqqında arayış ala bilər...” Daxil olan digər bir məlumatda isə 36 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, baş həkim Ramidə İbrahimova bu tibb müəssisəsinin kadrlar üzrə çütəxəssisi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə, bu “işçilərin” əməkhaqlarını mənimsəyirlər. Belə ki, həmin şəxslərin hər birinin maaş cədvəlindəki adlarının qarşısına 70-80 manat pul yazaraq saxta imzalarla məvacibləri, o cümlədən onların adına yazılan yardım və mükafat pullarını da mənimsəyərək dövlətə külli miqdarda ziyan vururlar. Həmçinin aldığımız məlumatlarda 36 saylı şəhər poliklinikasında yer almış bəzi digər neqativ hallardan da bəhs olunur. Bildirilir ki, xəstələr müayinə və müalicə üçün 36 saylı poliklinikanın baş həkimi Ramidə İbrahimovadan tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Belə ki, pul verməyən xəstələr nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. Öz əməllərinə haqq qazandırmaq üçün isə, burada çalışan tibbi personal müəssisənin dərman preparatları və digər tibbi ləvazimatlarla dövlət tərəfindən təmin olunmadığını və bütün bunları öz vəsaitləri hesabına aldıqlarını iddia edirlər. Əslində isə, 36 saylı poliklinikada tüğyan edən rüvətxorluğun əsas səbəbi budur ki, baş həkim rəhbərlik etdiyi poliklinikada çalışan bütün həkimlərdən aylıq haqq yığır. Həm də mənbənin iddiasına görə həkimlərin ay ərzində nə qədər “qazandıqları” Ramidə İbrahimovanı qətiyyən maraqlandırmır. Ola bilsin ki, bu qazanc yığım üçün təyin olunmuş aylıq məbləğdən belə az olsun. Lakin bunun baş həkimə heç bir aidiyyatı yoxdur. Vaxtı çatanda bütün həkimlər “haqqı” mütləq qaydada ödəməlidirlər. Əks halda isə, ödənişdən boyun qaçırmaq istəyənlərin yerinə baş həkimin “dəvətini” gözləyən namizədlər heç də az deyil...

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net