Respublika stadionunu nazirin oğlu xaraba qoyub?
Tarix: 4-08-2015, 11:27 | Çap et
Respublika stadionunu nazirin oğlu xaraba qoyub?
Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yenə də bərbad duruma düşüb. Arenanın ot örtüyü o qədər bərbad vəziyyətdədi ki, hətta "Qarabağ" - "Seltik" görüşünün bu stadionda keçirilməyəcəyiylə bağlı söz-söhbət də yayılmışdı. Maraqlıdı ki, bu, arena ilə bağlı yaşanan ilk belə hadisə deyil.

Demək olar ki, hər il eyni problem yaşanır. Ancaq problemin həlli üçün heç bir tədbir görülmür. Sanki kimlərsə hər il stadionun ot örtüyünün sıradan çıxmasında maraqlıdı. Təbii ki, burda ancaq bir məqam ola bilər: ot örtüyünün bərpası adı altında "çirkli vəsait"in yuyulması. Örtüyün bərpası bahalı proses sayılır. Arena isə dövlətin - Gənclər və İdman Nazirliyinin balansındadı. Deməli, təmir-bərpa üçün vəsait də dövlət büdcəsindən ayrılır.

Arenanın ot örtüyünün durumuna "Football & Sports Management" (FSM) şirkəti cavabdehdi. Bu şirkətlə dövlət səviyyəsində müqavilə bağlanıb. Onlar meydançanın ot örtüyünün qaydasında olacağına tam təminat veriblər. Ancaq bu təminat indi heç yada da düşmür. Əvəzində hər il avrokuboklar zamanı ot örtüyü bərbad vəziyyətə düşür. Örtüyün bərpası üçün dövlət büdcəsindən xeyli vəsait ayrılır. Gənclər və İdman Nazirliyindəki mənbənin verdiyi məlumata görə, bu şirkət gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun himayəsindədi. Şirkətlə müqavilə də məhz Arif Rəhimovun diqtəsiylə bağlanıb. Arif Rəhimov ixtisasca menecerdi. O, 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyib. Sonradan "DDLAR GROUP" adlı özəl şirkəti qurub və hazırda da ona rəhbərlik edir. Bununla yanaşı, Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridi. "Baku Grand Prix" şirkəti 2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" Qran-pri yarışının təşkilatçısıdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net