"Bazarstore" müştərilərini necə aldadır?
Tarix: 15-07-2015, 17:01 | Çap et
"Bazarstore" müştərilərini necə aldadır?
Ölkədə sahibkarlığın inkişafına şərait yaradılsa da, bundan sui-istifadə edənlər həddən artıq çoxdur. Xüsusilə də paytaxtda marketlər şəbəkəsinin sayı durmadan artır. Lakin ilk öncə fəaliyyətə başlayan zaman hər biri qüsursuz xidmət göstərməyə çalışır. Lakin qüsursuz xidmət müştəri toplayana qədər davam edir. Belə marketlər şəbəkəsindən biri də "Bazarstore" supermarketlər şəbəkəsidir. Sözügedən ticarət obyektiylə bağlı redaksiyamıza tez-tez şikayətlər daxil olur. Belə ki, bu marketdə istehsal müddəti bitmiş məhsullara daha çox rast gəlinir. Xüsusilə vətəndaşlar paytaxtın mərkəzində yerləşən filialında belə hallarla daha çox qarşılaşır. Məhsulun son istifadə tarixindən bir, çox zaman iki həftə keçməsinə baxmayaraq hələ də vitrindən yığışdırmırlar. Bundan başqa ötənlərdə bu dükanlar şəbəkəsindən alınan "Can" Şirniyyat Müəssisəsinə məxsus pidenin içindən həşəratlar çıxıb. Pideni alan şəxs onu axşam iftarında yemək üçün bir qədər qızdırmaq istəyib. Lakin sobanın üzərinə cüzi istilik keçdikdən sonra bəlli olub ki, bu məhsulun içində naməlum həşəratlar var.

"Can" şirkətinin məhsulları ilə bağlı çoxsaylı şikayətlər mövcuddur. Bu şirkət həm də qurudulmuş meyvə satışını həyata keçirir. Onların qablaşdırılması, tarixlərlə bağlı narazılıqlar var. "Can" şirkətinin məhsulları ilə bağlı şikayətlərdən biri qurudulmuş əncirlə bağlı idi. İstehlakçı bu malı yeyəndə məlum olub ki, əncir turş dadır. Yəni normalda əncir şirin olur və onun qurusu da turş dada bilməz. Və yaxud da, "Can" şirkəti qablaşdırdığı məhsulların üzərində yazır ki, sərin yerdə saxlayın. Lakin sərin yer deyəndə nə qədər temperaturun nəzərdə tutulduğu bəlli deyil. Bu da istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Bundan başqa Bazarstore supermarketlər şəbəkəsində malın üzərindəki qiymətlə, kassada vurulan qiymət arasında fərq mövcuddur. Üzərində 0, 68 manat qiymət yazılan məhsulu 0, 77 manata vururlar. Müştəri etirazını bildirdikdə isə kassir qiymətlərin dəyişdiyini bildirir. Müəyyən yollarla özlərini günahsız çıxarmağa çalışırlar. Çox vaxt da məhsulun üzərinə qiymət yazmırlar. Belə olanda da müştəri çətinliyə düşür. Malın qiymətini soruşmaq istədikdə isə həmin bölməyə baxan satıcını tapmaq olmur. Satıcı özbaşınalığı, müştərilərlə kobud rəftar, vitrinlərin natəmizliyi, istehlakçılarla olduqca qeyri-səmimi davranış marketdə ənənəyə çevrilib. Elə bu səbəbdən də "Bazarstore"get-gedə öz funksiyasını itirməkdədir.

Bundan başqa sosial şəbəkələrdə müzakirə olunan digər bir məsələ isə sözügedən marketdə alıcılara saxta pulların verilməsidir. Alıcılardan biri bildirir ki, Aygün City ticarət mərkəzində yerləşən Bazarstore marketində alış-verişdən sonra ona 40 manat qalıq qaytarıblar. 10 manatlıq əskinaslardan ibarət pulu götürüb evə gəlib. Evdə isə onluqlardan birinin haloqrafik elementlərinin olmadığını aşkarlayıb. Geri qayıdıb pulu dəyişmək istəyəndə isə ona verilən cavab müsbət olmayıb. Marketin administrasiyası pulun onlardan çıxdığına inanmayıb.

Biz də öz növbəmizdə müştəriləri diqqətli olmağa çağırırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net