Prezidentdən icra başçılarını yerində oturdacaq ÇIXIŞ
Tarix: 14-07-2015, 10:51 | Çap et
Prezidentdən icra başçılarını yerində oturdacaq ÇIXIŞ
Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir.

Vertikal.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun çıxışı zamanı deyib. Prezident vurğulayıb ki, sahibkarlar qanuni vergidən başqa bir qəpik də ödəməməlidirlər:

“Sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq.

Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin… Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir; bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net