Nizaməddin Quliyevdən fərqli performans
Tarix: 17-06-2015, 11:28 |
Çap et
Goranboy rayonunun icra başçısı Nizaməddin Quliyevin adı yenə də rayondakı bir sıra kommersiya qurumlarının fəaliyyətinə nəzarətdə hallanır. İcra başçısının son 2 il ərzində rayonun sosial-iqtisadi inkişafına ayrılan büdcə vəsaitlərinin "dədə malı kimi" bölüşdürülməsinə öyrəşmiş şərikləri aldıqları qəpik-quruşun müqabilində riskə getdiklərini və bundan narazılıqlarını gizlətməsələr də, hələlik ürək eləyib başçının üzünə ağ olmayıblar.
Daha çox ticarət adamı kimi tanınan Nizaməddin Quliyevin bu məqamı nəzərdən qaçıran adam olmadığını çoxları bilir. Görünür, elə bu səbəbdəndir ki, Goranboyda büdcə yeyintilərində başçının "təmizlik kağızını" almış şirkətlər hər il ardıcıl olaraq bu şərəfə nail olmaqdadır. Belə kommersiya qurumlarının sırasına "Ayxan-93", "Nuraycan", "Şans-R", "Fortuna-2", "Turan-2015" və sair şirkətləri aid etmək olar. Məlumata görə, neçə vaxtdır ki, bunların, eləcə də "utilə" verilmiş digər "zibilli" kommersiya qurumlarının hesabına köçürülmüş yüz min manatlarla vəsaitin taleyini məhz başçı şəxsən həll edir. Əldə etdiymiz ən son bilgilərə görə, cari ilin ilk aylarından başlayaraq Nizaməddin Quliyev öz ənənəsinə sadiq qalıb. İlin əvvəllindən başlayaraq rayonun səhiyyə, təhsil, idman, mədəniyyət və turizm obyektlərini və icra nümayəndəliklərini əhatə edən bütün satınalmalarda iştirak edəcək şirkətlərin yeni tərtib edilmiş siyahısında yer alanlar əsasən başçının etibarını qazanmış köhnə ortaqlardır. Təkcə 2015-ci ilin I rübü üçün rayonun 20-dən artıq kənd icra nümayəndəliyi vasitəsilə ərzaq və kənd təsərrüfatı məhsullarının satın alınması üzrə "Şans-R", "Fortuna-2" kommersiya qurumları vasitəsilə yüz minlərlə manat vəsait rayon icra başçısının nəzarətinə verilib. Başçının həmin vəsaiti konkret olaraq hansı məqsədlər üçün istifadə edilməsinə məqbul saydığı bilinmir. Bu il rayonda səhiyyə satınalmalarına nəzarət "Elaraz", "El-Sun", və "Turan-2015" firmalarının əlində cəmləşib. Maraqlıdır ki, 2014-cü il ərzində rayonun şəhər və kənd icra nümayəndəlikləri adından yuxarıdakı şirkətlər vasitəsilə nağdlaşdırılmış yüz minlərlə manat vəsaitin də sorağı daha gəlmir. Hər şey necə deyərlər qanun çərçivəsində sənədləşdirilib, kağız üzərində. Ərzaq və kənd təsərrüfatı məhsullarının bu qədər rekord miqdarda satın alınması qanunsuzluğunun icra başçısının qida yerinə çevirməsi faktı isə hələ ki, müvafiq qurumlar tərəfindən araşdırılmır. Bundan əlavə Goranboy şəhər icra nümayəndəliyinin hesabına asfalt çəkilişi üçün ayrılmış 500 min manatafək vəsaitin də artıq "canını" alıblar. İcra başçısı Nizaməddin Qulliyevin bu məsələnin həllində adının hallanmasından ehtiyat edərək müavinlərindən birinə müstəsna səlahiyyət verdiyi bildirilir. Başçı cənabının abadlaşdırma işlərinə verdiyi formal önəmin "təzahürü" rayon ictimaiyyətinin diqqətindən yayınmayıb. Artıq ilin ilk yarısında Goranboy şəhər İcra nümayəndəliyinin boynuna asfalt çəkilişi üçün 500 min manat yazdığı deyilir. Qeyd olunur ki, əlavə olaraq şəhər mərkəzində abadlaşdırma işlərinə daha 300 min manat da ayrılıb ki, bunun da taleyi icra başçısı Nizaməddin Quliyevdən savayı heç kəsə aydın deyil. Günsəlik Bakı