Süleyman Mikayılovun qardaşı vətəndaşa külli miqdarda pul atıb
Tarix: 29-05-2015, 10:43 |
Çap et
Azərbaycanda bəzi məmurlar və onların yaxınlarının özbaşınalıqları ilə bağlı kifayət qədər faktlar yayılmaqdadır. Prezident İlham Əliyev dəfələrlə məmurlara bu barədə ciddi xəbərdarlıqlar etməsinə baxmayaraq, bəzi məmurlar və onların yaxınları hələ də bu xəbərdarlığa məhəl qoymadan iyrənc əməllərindən əl çəkmək istəmir. Vətəndaşlara qarşı dələduzluqlar, əhalini aldatmaq halları, vəzifə səlahiyyətlərindən sui-istifadə halları həmin şəxslərin gündəlik iş rejiminə çevrilib. Vəzifədə olan qohumlarına arxalanan bu şəxslər kasıb təbəqəyə şirnikləndirici vədlər verərək onlardan külli miqdarda pul alaraq dələduzluq etməklə məşğul olur.
Redaksiyamıza müraciət edən Bakı şəhər sakini Ramin Aslanov da bu cür dələduzluğun qurbanı olub. Dediyinə görə, o 2014-cü ildə bu cür dələduzluqla qarşılaşıb.
Ramin Aslanov deyir ki, həmin ildə o Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 12 sot torpaq sahəsi alıb. Həmin ərazidə ev inşa etmək üçün Qaradağ rayon İcra hakimiyyətindən sərəncam almaq qərarına gəlib. Amma, bu sərəncam ona baha başa gəlib. O həmin sərəncamı almaq üçün aldadılıb.
Ramin Aslanov deyir ki, o bu barədə tanışı, Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılovla danışıb. Bağır Mikayılov ona bu işdə kömək edəcəyinə söz verib və bildirib ki, bunun üçün 10 min manat lazımdı. Ramin Aslanov onunla razılaşıb və bu pulu ona hissə-hissə ödəyəcəyini deyib.
Şikayətçi deyir ki, Bağır Mikayılov bu adla ondan 2 min 200 manat alıb. Pulu isə ondan ayrı-ayrı ərazidə alıb: “Bağır mənə dedi ki, həmin pulun bir hissəsini ödə, sənə sərəncam alım. Mən də razılaşdım. 2014-cü ilin may ayında Lökbatanda ona 200 manat verdim. Bir neçə gün sonra Bağır Mənə zəng vurub yenidən pul istədi. Daha 600 manat Bakının Səbael rayonu ərazisində, “İçərişəhər” metrostansiyasının yaxınlığında görüşüb ona verdim. Səhəri gün Nərimanov rayonu ərazisində Bağırla yenidən görüşdük və ona 400 manat verdim. Bir həftə sonra isə Bağır mənə zəng vurub dedi ki, guya 1000 manat da verməliyəm ki, sərəncam verilsin. Bu pulu da tapıb verdim və mənə bildirdi ki, yaxın günlərdə sərəncam hazır olacaq. Ümumilikdə Bağır Mikayılova 2 min 200 manat vermişəm. Amma, ondan sonra nə sərəncam verildi, nə də Bağır Mikayılov pulu qaytardı. Hər dəfə zəng vuranda məni bir bəhanə ilə yola verdi”.
Ramin Aslanov deyir ki, artıq bir ildir ki, Bağır Mikayıov pulu qaytarmır. Sonuncu dəfə isə o Ramin Aslanovu söyüb təhqir edib və pulu qaytarmayacağını bildirib: “Sonuncu dəfə onunla danışanda dedi ki, kimə istəyirsən de, sənə pul zad qaytarmayacam. Mənim arxamda Süleyman Mikayılov dayanıb, hara şikayət etsən xeyri yoxdur”.
Hazırda Ramin Aslanov nə evini tikə bilir, nə də pulunu ala bilir. Bir sözlə şikayətçi icra başçısının qardaşının qələduzxluğunun qurbanı olub.
Çarəsiz qalan Ramin Aslanov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindədir.