Bakıda oğurluq pullarla villa tikən oliqarxlar qorxu içində
Tarix: 23-05-2015, 11:31 | Çap et
Bakıda oğurluq pullarla villa tikən oliqarxlar qorxu içində
"Filan rayonun sosial-iqtisadi inkişafında rayon icra hakimiyyətinin gördüyü işlər", "Filan rayonun inkişafında bələdiyyənin effektiv fəaliyyətinin işıqlandırılması" və s... Bu adlarla, şüarlarla çıxış edən dövlət məmurları az deyil. Onların dedikləri həqiqətdirmi?
Tam əksər hallarda - yox. Çünki təcrübə göstərir ki, hər hansı məmur rəhbərlik etdiyi rayondakı "idarəetmə stili"ndən çox danışırsa, onun tabeçiliyində olan şəxslər də yaltaqlıq edərək dil boğaza qoymadan təriflər yağdırırlarsa - deməli, həmin rayonda işlər bərbaddır.
Bu o deməkdir ki, həmin rayonun icra strukturlarında konkret iş sözbazlıqla əvəzlənir, sakinlərin problemlərinin həlli korrupsiyaya uğrayaraq qanunsuzluqla məşğul olanların ümidinə qalır.
Azərbaycanda və paytaxt Bakıda rəhbərlik etdiyi rayonlarda, gerçəkdən də, inkişafa yönəlmiş fəaliyyət proqramını həyata keçirən icra hakimiyyəti başçıları var. Onların işləri göz qabağındadır və sözügedən rayonun hər bir sakini həmin işlərin şahididir.
Amma vəzifəsini dövlət əmlakını talamaq, büdcə vəsaitini mənimsəmək, qanunsuz tikililəri "qanuniləşdirməyə" çalışmaq, qohumlarını və tanışlarını varlandıraraq bu minvalla daha da çox pul qazanmağa can atan məmur yolunu azırsa, qanunları pozursa - belə davranışın uzun müddət davam edəcəyini düşünməməlidir.
Çünki…
…"Azərbaycanda kimsə toxunulmaz deyil"
"Yüksək gərginlikli elektrik xətlərinin altında nə qədər binalar tikilib. İnsanlar, bəlkə də, bunu başa düşmürlər. Bu onların özləri üçün nə qədər böyük təhlükədir. Bu qanunsuz binalar haradan meydana gəlib? Heç kim bilmir. Bu da qanunsuzluq, özbaşınalıqdır. Buna son qoyulmalıdır. Ona görə də gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün komissiya üzvləri mənə konkret təklif verirlər".
Bu sözləri srağagün dövlət başçısı İlham Əliyev yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında deyib.
Prezident bildirib ki, bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq" parkının bir hissəsini yenə də zəbt ediblər: "Ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq" parkının bir hissəsini yenə də zəbt ediblər. Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, "Dostluq" parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz "Dostluq" parkının yanında - yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı.
Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də, təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar".
Azərbaycanın dövlət başçısı indiyədək dəfələrlə bildirib ki, ölkədə qanunların aliliyi ümdə məsələdir və kimsə, xüsusilə də dövlət məmurları, yüksək vəzifəli şəxslər özlərini qanundan kənar, toxunulmaz saymamalıdırlar.
Belələri harınlayanda, nəzarət hissini itirəndə, pullarına güvənəndə, ən başlıcası isə özü və ailəsi "dolce vita"ya qapılaraq vətəndaşları incitməyə, haram yolla qazandıqları pullar və varidatla qürrələnməyə başlayanda bədbəxt olurlar.
Son vaxtlar vəzifələrindən çıxarılan və sonra da cinayət məsuliyyətinə cəlb olunan məmurların durumu buna bariz misaldır.
Məmur villalarının gerçək sahibləri bilinəcək
Dövlətin balansındakı əraziləri qəsb etməklə orada büdcə vəsaitinin talanması nəticəsində əldə olunan pullar hesabına tikilən villaların sahiblərinin durumu indi kritikdir. Təbii, rəsmi sənədləşdirmə baxımından həmin tikililərin hər hansı məmur və ya iş adamı ilə heç bir əlaqəsi yoxdur.
Apardığımız ilkin araşdırmalar zamanı Bakının bir neçə rayonunda yeni inşa olunmuş villaların mənsubiyyət sənədləri ilə tanış olduq.
Bəlli oldu ki, milyonlarla manatlıq qiyməti olan tam hazır və ya tikintisi başa çatmaqda olan bu villaların kağız üzərində "qanuni" sahibləri təqaüdçülər, fəhlələr, işsizlər və ya tənha analardır.
Halbuki o villaların hər birinin gerçək sahibi ya dövlət məmuru, ya da iş adamıdır və sənədləri belə "adi insan"ların adlarına rəsmiləşdirməklə varidatlarını guya gizlətməyə, pərdələməyə çalışırlar.
"Dostluq" parkının yanında, qəsb etdikləri ərazilərdə tikdikləri villalar söküləndə də həmin məmurlarla iş adamları qorxularından ortaya çıxmadılar, dağıdılan əmlakın sahibi olduqlarını demədilər.
Çünki onda bu villaların necə, hansı maliyyə vəsaiti hesabına, ən başlıcası isə kimdən "icazə" almaqla tikilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının suallarına cavab verməli olacaqdılar.
Onlar bunu istəmirlər və hələlik kölgəyə çəkilməyə, susmağa, irəli çıxmamağa üstünlük verirlər.
Fəqət, yanılırlar.
Azərbaycan hüquqi dövlətdir və cinayətdən sonra məsuliyyətdən yayınmaq istəyənlər, himayədarları olan dövlət məmurlarının hesabına min oyunlardan çıxanlar səhv edirlər.
Belə şəxslərin qanunsuz əməllərinin üstünün açılacağı, dövlət əmlakını talayaraq milyonlarla manat qiyməti olan daşınmaz əmlaka yiyələnmə yollarının araşdırılacağı, özlərini qanundan üstün saymaqda nə qədər yanıldıqlarını anlayacaqları günə çox qalmayıb.
Sadəcə, səbr edək.
O gün yaxındadır.
Çox yaxında.
Qanuna hamı əməl etməlidir və heç kim əməllərinə görə məsuliyyətdən yayına bilməz.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net